Ana Sayfa > Özəl > WUF13 – Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təntənəsi

WUF13 – Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təntənəsi


Bu gün, 18:19. Yazar: azer
WUF13 – Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təntənəsi

Müasir dövrdə beynəlxalq tədbirlərə ev sahibliyi etmək yalnız təşkilati məsələ deyil, eyni zamanda həmin dövlətə olan siyasi etimadın, beynəlxalq nüfuzun və qlobal proseslərdə oynadığı rolun göstəricisidir. Bu baxımdan Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və uğurlu inkişaf modelinin növbəti mühüm təsdiqidir. Dünyanın 182 ölkəsindən on minlərlə iştirakçının qatıldığı bu mötəbər tədbirin məhz Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük hörmətin və etimadın bariz ifadəsidir.
Prezident İlham Əliyevin Avropanın nüfuzlu televiziya kanallarından biri olan Euronews televiziyasına verdiyi müsahibə də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Artıq ənənə halını almış bu müsahibələr Azərbaycan həqiqətlərinin, ölkəmizin inkişaf strategiyasının və beynəlxalq gündəmdəki mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayır. Dövlət başçısının WUF13 kimi böyük beynəlxalq platforma çərçivəsində ilk geniş müsahibəsini məhz “Euronews”a verməsi Azərbaycanın beynəlxalq media ilə qurduğu peşəkar və açıq əməkdaşlıq münasibətlərinin göstəricisidir.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 bu gün dünyanın qarşısında duran ən mühüm çağırışlardan biri olan urbanizasiya, dayanıqlı şəhərsalma, yaşayış mühiti və sosial inklüzivlik məsələlərinin müzakirə olunduğu qlobal platformadır. Bakı Olimpiya Stadionunun ərazisində təşkil edilən forumun miqyası və iştirakçı sayı onun tarixi əhəmiyyətini daha da artırır. 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində rekord göstərici hesab olunur. Bu isə həm tədbirin mövzusunun aktuallığını, həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq platforması kimi artan rolunu nümayiş etdirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir. Həqiqətən də, qlobal miqyaslı belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin siyasi sabitliyinə, təhlükəsizliyinə, inkişaf modelinə və beynəlxalq əlaqələrinin genişliyinə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan yalnız regionun deyil, dünyanın mühüm siyasi, iqtisadi və humanitar platformalarından birinə çevrilib. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər – COP29, Qoşulmama Hərəkatının Zirvə görüşü, Türk Dövlətləri Təşkilatının toplantıları, beynəlxalq idman yarışları və digər mötəbər forumlar bunun əyani sübutudur.
WUF13 çərçivəsində diqqət çəkən əsas məsələlərdən biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində şəhərlər, kəndlər, tarixi və dini abidələr, infrastruktur tamamilə dağıdılmışdı. Lakin Azərbaycan qısa müddət ərzində həmin ərazilərdə misilsiz quruculuq və yenidənqurma prosesinə start verdi.
Bu gün artıq azad edilmiş torpaqlarda yeni şəhərlər və kəndlər inşa olunur, müasir infrastruktur yaradılır, yollar, körpülər, tunellər tikilir, məktəblər, xəstəxanalar və sosial obyektlər istifadəyə verilir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan şəhər və kəndlərin sıfırdan qurulması sahəsində unikal təcrübə formalaşdırıb. Beş il ərzində 85 mindən artıq insanın öz doğma torpaqlarına qayıtması həyata keçirilən işlərin miqyasını və uğurunu açıq şəkildə göstərir.
Xüsusilə diqqət çəkən məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” konsepsiyası əsasında inkişaf etdirilməsidir. Elektrik enerjisi təminatının əsasən bərpa olunan enerji mənbələri üzərində qurulması Azərbaycanın ekoloji siyasətinin və dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu günədək istifadəyə verilən hidroenerji potensialı və inşa olunan günəş enerjisi layihələri Azərbaycanın gələcək enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi işğaldan azad edilmiş ərazilərin müasir texnologiyalar əsasında yenidən qurulduğunu göstərir.
Azərbaycanın enerji siyasəti də beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyır. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşlardan biridir. Azərbaycan qazının Avropa bazarına nəqli enerji sahəsində əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Bu gün 12 Avropa ölkəsinin Azərbaycandan qaz alması ölkəmizin etibarlı enerji tərəfdaşı kimi rolunu bir daha təsdiqləyir. Xüsusilə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycanın alternativ və sabit təchizat mənbəyi kimi çıxış etməsi böyük strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müsahibəsində qlobal iqtisadi proseslərə və Yaxın Şərqdə baş verən hadisələrə dair fikirləri də diqqət çəkir. Dövlət başçısı beynəlxalq bazarlarda qeyri-sabitliyin neft qiymətlərinə təsir etdiyini, lakin bunun paralel olaraq investisiya bazarlarında müəyyən risklər yaratdığını vurğulayıb. Bu yanaşma Azərbaycanın qlobal iqtisadi proseslərə praqmatik və balanslı baxışının göstəricisidir.
WUF13 forumunun Bakıda keçirilməsi bir daha sübut edir ki, Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal səviyyədə mühüm təşəbbüslərlə çıxış edən, beynəlxalq əməkdaşlığa töhfə verən və dayanıqlı inkişaf məsələlərində fəal rol oynayan dövlətdir. Azərbaycan bu gün dünyaya təhlükəsizlik, sabitlik, multikulturalizm, dayanıqlı inkişaf və humanitar əməkdaşlıq nümunəsi təqdim edir.
Bütün bunlar göstərir ki, WUF13-ün Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun və ölkəmizin qlobal problemlərin həllində oynadığı fəal rolun məntiqi nəticəsidir. Bakı artıq beynəlxalq dialoq və əməkdaşlıq mərkəzlərindən birinə çevrilib və WUF13 bunun növbəti parlaq təsdiqidir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.
Geri dön