Ana Sayfa > Siyasət / Parlament > Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib


Bu gün, 17:29. Yazar: azer
Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ortaq tarix, milli-mənəvi dəyərlər və sarsılmaz qardaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Qeyd olunub ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişafına mühüm təkan verir. Komitə sədri, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayaraq, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin dünyaya nümunə olduğunu qeyd edib.

Bu günlərdə Bakıda keçirilən WUF13 tədbirinin əhəmiyyətindən danışan Siyavuş Novruzov, Türkiyənin şəhərsalma və regional inkişaf sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edərək, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

TBMM-nin İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, “bir millət, iki dövlət” prinsipinin Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Qonaq Bakıda keçirilən WUF13 tədbirinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycanın ev sahibliyi ilə keçirilən belə mötəbər beynəlxalq tədbirlərin ölkəmizin artan nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi olduğunu bildirib.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və müasir şəhərsalma işlərini yüksək qiymətləndirən komitə sədri, həmçinin Zəngəzur dəhlizi və Orta Dəhlizin əhəmiyyətinə toxunaraq, bu layihələrin region ölkələri arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib.
Görüşdə çıxış edən Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, deputatlar Elman Məmmədov, Kamran Bayramov, Vasif Qafarov, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-nin üzvləri Cem Avşar, Hüseyin Yıldız, Hulusi Şentürk və Mervan Gül Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında inkişaf etdiyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıblar.
Geri dön