Ana Sayfa > Manşet / Özəl / Seçilənlər-9 > Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təntənəsi
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təntənəsiBu gün, 14:31. Yazar: Semsi |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Son illərdə qlobal əhəmiyyətli möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan növbəti dəfə planetin diqqət mərkəzinə çevrilmişdir. Dünyanın ən nüfuzlu toplantılarından sayılan COP29-dan sonra respublikamızın paytaxtı daha bir iri масштабlı humanitar və iqtisadi platformanın — Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasiminə ev sahibliyi edir. Dünyanın müxtəlif qitələrindən gələn minlərlə nümayəndənin, dövlət və hökumət başçılarının, şəhərsalma üzrə aparıcı ekspertlərin Bakıda bir araya gəlməsi ölkəmizin beynəlxalq imicinin nə qədər yüksək olduğunu, rəsmi Bakının qlobal çağırışlara verdiyi töhfələrin dünya birliyi tərəfindən böyük rəğbət və etimadla qarşılandığını bariz şəkildə nümayiş etdirir. Azərbaycan artıq təkcə coğrafi baxımdan deyil, həm də mühüm qərarların qəbul edildiyi siyasi və mədəni qovşaq kimi sivilizasiyalararası körpü rolunu uğurla yerinə yetirir. Mayın 18-də Bakıda keçirilən bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. Dövlətimizin başçısı və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax tərəfindən sessiya iştirakçılarının rəsmi qarşılanma mərasimi və birgə foto çəkilişindən sonra, tədbir bədii-mədəni proqramla davam etmişdir. Forumun açılış hissəsində geniş və proqram xarakterli nitqlə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın qlobal şəhərsalma gündəliyinə sadiqliyini, ölkəmizin zəngin tarixi-memarlıq irsini və işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz yenidənqurma işlərini diqqətə çatdırmışdır. Dövlətimizin başçısı builki Forumun iştirakçı sayı baxımından tarixi bir uğura imza atdığını vurğulayaraq bildirmişdir: “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq.” Cənab Prezident İlham Əliyev çıxışında Bakının qədimliklə müasirliyin qovuşduğu unikal bir məkana çevrildiyini, bu ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırlatmışdır. Azərbaycanın Şərqlə Qərbin vəhdətini özündə ehtiva edən zəngin memarlıq tarixindən söz açan dövlət rəhbəri Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi tarixi mərkəzlərin irsinin qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu qeyd etmişdir. Şəhərlərin inkişafı zamanı cəsarətlə ehtiyatlılığın balansını saxlamağın vacibliyini Formula 1 yarışlarındakı pilotların ustalığı ilə müqayisə edən Cənab Prezident vurğulamışdır: “Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq.” Çıxışın ən mühüm və ağrılı məqamlarından biri 30 illik erməni işğalı dövründə tamamilə dağıdılan və beynəlxalq ekspertlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılan Ağdamın, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı olmuşdur. İşğalçıların barbarlığından fərqli olaraq, Azərbaycan dövlətinin cəmi beş il ərzində həyata keçirdiyi Böyük Qayıdış Proqramının miqyası heyrət doğurur. Ölkə rəhbəri bu barədə danışarkən konkret faktlara əsaslanaraq bildirmişdir: “Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar.” Bu gün artıq 85 mindən çox soydaşımızın doğma yurduna qayıdaraq orada təhlükəsiz şəraitdə yaşaması, işləməsi və təhsil alması bu torpaqların həqiqi sahiblərinin quruculuq salnaməsidir. Eyni zamanda, paytaxt Bakının ekoloji mühitinin sağlamlaşdırılması istiqamətində keçmişdəki “Qara şəhər”in bu gün şəhərsalmanın ən müasir nümunəsi olan “Ağ şəhər”ə çevrilməsi, “Sea Breeze” kimi müasir istirahət məkanlarının salınması, son 20 ildə 100-dən çox parkın yaradılması və yaşıl mobilliyə keçid respublikamızın ekoloji və intellektual şəhərsalma konsepsiyasının əyani sübutudur. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası təkcə Azərbaycanın əldə etdiyi uğurların dünya miqyasında təqdimatı deyil, həm də bəşəriyyətin gələcək şəhərsalma modelinin müəyyən edilməsi üçün mühüm bir elmi-praktik platformadır. Beynəlxalq ekspertlərin, BMT rəsmilərinin ölkəmizə gələrək bu nəhəng quruculuq təcrübəsi ilə yaxından tanış olması Azərbaycanın qlobal arenadakı nüfuzunu daha da möhkəmləndirir. Bu Forum vasitəsilə Azərbaycan bir daha sübut etdi ki, o, həm sülhün, həm tərəqqinin, həm də insan amilinə əsaslanan davamlı gələcəyin ən etibarlı tərəfdaşıdır. Müzakirələrin və qəbul olunacaq qərarların bəşəriyyətin rifahına xidmət edəcəyinə, Bakı sessiyasının şəhərsalma tarixinə qızıl hərflərlə yazılacağına inam tamdır. Geri dön |