Ana Sayfa > Özəl > Qadınlar üçün “SOS” Düyməsi – Azərbaycanda da Tətbiq Oluna Bilər?
Qadınlar üçün “SOS” Düyməsi – Azərbaycanda da Tətbiq Oluna Bilər?Bu gün, 22:00. Yazar: vasif |
![]() Özbəkistanda məişət zorakılığına qarşı yeni “SOS” sistemi tətbiq edilir. Yeni mexanizm vasitəsilə təhlükə altında olan qadın və uşaqlar bir toxunuşla polisə və sosial xidmət qurumlarına siqnal göndərə biləcəklər. Prezident Shavkat Mirziyoyevin imzaladığı fərmana əsasən, sistem 2026-cı ildən etibarən fəaliyyət göstərəcək. “SOS” düyməsi xüsusi mobil tətbiq üzərindən işləyəcək və risk anında hüquq-mühafizə orqanlarına dərhal xəbərdarlıq göndərəcək. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, belə modelin Azərbaycanda tətbiqi texniki və hüquqi baxımdan mümkündür. Onun sözlərinə görə, ölkədə “102” sistemi, elektron hökumət infrastrukturu və məişət zorakılığı ilə bağlı qanunvericilik artıq müəyyən baza formalaşdırıb. Ekspert qeyd edib ki, əsas məsələ yalnız tətbiqin yaradılması deyil, təhlükə siqnalına operativ və peşəkar reaksiya verilməsidir. Çünki bir çox hallarda zərərçəkən şəxslər son anda polisə müraciətdən imtina edir və ya şikayət etməkdən çəkinirlər. Əliməmməd Nuriyev hesab edir ki, sistem xüsusilə risk qrupuna daxil olan şəxslər üçün tətbiq edilə bilər. Məsələn, mühafizə orderi verilmiş, təkrar zorakılıq riski olan və ya uşaqların təhlükədə olduğu ailələrdə xüsusi nəzarət mexanizmi qurula bilər. Ekspertin fikrincə, ən real model ayrıca yeni tətbiq yaratmaqdan daha çox, mövcud “102” və elektron hökumət sisteminə inteqrasiya olunmuş xüsusi təhlükə modulunun hazırlanmasıdır. O vurğulayıb ki, müasir dövrdə dövlətin gücü yalnız cinayəti açmaqla deyil, təhlükəni vaxtında görmək və qarşısını almaq bacarığı ilə də ölçülür. Geri dön |