Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: "Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın inkişaf fəlsəfəsini ortaya qoydu"

Eltun Süleymanov: "Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın inkişaf fəlsəfəsini ortaya qoydu"


Bu gün, 12:32. Yazar: azer
Eltun Süleymanov: "Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın inkişaf fəlsəfəsini ortaya qoydu"

Müasir dünyada şəhərlər artıq yalnız insanların yaşadığı məkan deyil. Onlar iqtisadi gücün, texnoloji tərəqqinin, sosial münasibətlərin, mədəni müxtəlifliyin və dövlətlərin gələcək inkişaf strategiyalarının formalaşdığı mühüm mərkəzlərə çevrilib. XXI əsr urbanizasiya dövrü kimi xarakterizə olunur və bu proses yeni çağırışlarla yanaşı, yeni yanaşmalar da tələb edir. Məhz belə bir dövrdə Bakının Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal gündəliyin mühüm iştirakçılarından birinə çevrilməsinin növbəti təsdiqi kimi dəyərləndirilə bilər.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, mayın 18-də Bakıda keçirilən Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı yalnız tədbir iştirakçılarına ünvanlanmış nitq deyildi. Bu çıxış əslində müasir Azərbaycanın inkişaf fəlsəfəsini, şəhərsalmaya baxışını, tarixi irsə münasibətini və gələcək inkişaf hədəflərini əks etdirən konseptual bir baxış idi. Dövlət başçısının çıxışında ilk diqqət çəkən məqamlardan biri Forumun geniş beynəlxalq əhatəsi ilə bağlı idi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi bu tədbirin qlobal əhəmiyyətini açıq şəkildə nümayiş etdirir. Bu statistika sadəcə rəqəm deyil. Bu göstərici Azərbaycanın beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin real təzahürüdür. Son illər Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi əsas məkanlardan biri kimi çıxış edir. Dövlət başçısının çıxışında Ümumdünya Şəhərsalma Forumunu COP29-dan sonra ikinci böyük beynəlxalq tədbir kimi qiymətləndirməsi də bu reallığın təsdiqi idi. Bu gün Azərbaycan təkcə tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də qlobal məsələlərin müzakirə olunduğu və qərarların formalaşmasına töhfə verən mərkəzlərdən biri kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın coğrafi mövqeyi və tarixi rolu haqqında səsləndirilən fikirlər xüsusi məna daşıyırdı. Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu mədəni və sivilizasiya məkanı olub. Dövlət başçısı bu məqamı memarlıq nümunələri vasitəsilə daha təsirli şəkildə ifadə etdi. Bakının qədim İçərişəhərindən bir neçə addım sonra müasir şəhər mühitinə keçidin mümkün olması əslində Azərbaycanın inkişaf modelinin mahiyyətini göstərir. Burada əsas fikir ondan ibarətdir ki, müasirlik tarixin inkarı üzərində deyil, onun qorunması və inkişaf etdirilməsi əsasında qurulmalıdır. Bu gün dünya şəhərlərinin üzləşdiyi əsas problemlərdən biri də məhz tarixi irsin sürətli urbanizasiya prosesində zədələnməsidir. Bir çox ölkələrdə modernləşmə qədim memarlığın və tarixi kimliyin itirilməsi ilə nəticələnib. Azərbaycanın yanaşması isə fərqli istiqamət ortaya qoyur: inkişaf və milli irsin qorunması paralel şəkildə həyata keçirilməlidir. Təsadüfi deyil ki,cənab Prezident İlham Əliyev tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə dövlət səviyyəsində verilən önəmin göstəricisidir. Bu qərar həm də gələcək inkişaf strategiyasında şəhərsalmanın xüsusi yer tutduğunu göstərir.
Cənab Prezidentin çıxışında Azərbaycanın qədim şəhərlərinə və tarixi irsinə geniş yer ayrılması diqqət çəkən mühüm məqamlardan idi. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc haqqında səslənən fikirlər ölkəmizin zəngin mədəni və memarlıq tarixinin təqdimatı olmaqla yanaşı, həm də tarixi yaddaşın qorunmasının vacibliyinə yönəlmiş mesaj idi. Xüsusilə Lahıc nümunəsi mühüm əhəmiyyət daşıyır. Əsrlər əvvəl yaradılmış mühəndislik və kommunal sistemlərin bu günə qədər işləməsi əcdadlarımızın yüksək düşüncə və yaradıcılıq qabiliyyətinin göstəricisidir. Bu fakt həm də sübut edir ki, şəhərsalma mədəniyyəti xalqımız üçün yeni anlayış deyil, dərin tarixi köklərə malik ənənədir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı idi. Dövlət başçısı beynəlxalq auditoriyanın diqqətini uzun illər işğal nəticəsində yaranmış dağıntılara yönəltdi. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması işğal dövründə törədilmiş dağıntıların miqyasını ifadə edən ən təsirli nümunələrdən biri oldu. Burada diqqət çəkən əsas məqam yalnız dağıdılmış şəhərlərin vəziyyətinin təqdim edilməsi deyildi. Əsas mesaj ondan ibarət idi ki, Azərbaycan dağıdılmış məkanları yenidən həyata qaytarır. Bu gün həyata keçirilən Böyük Qayıdış Proqramı təkcə tikinti layihəsi deyil, həm də sosial, iqtisadi və humanitar məzmun daşıyan milli proqramdır. Cəmi beş il ərzində inşa olunan tunellər, körpülər, hava limanları, yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur layihələri müasir tarixdə nadir inkişaf nümunələrindən biri hesab edilə bilər. Bu prosesin mühüm tərəflərindən biri də insan amilinə verilən diqqətdir. Çünki şəhərlər yalnız binalardan ibarət deyil. İnsanların yaşayışı, məşğulluğu, rahatlığı və sosial rifahı şəhər inkişafının əsas elementlərini təşkil edir.
Cənab Prezident İlham Əliyev çıxışında insanların doğma torpaqlarına qayıdışı ilə yanaşı, onların məşğulluğunun təmin olunmasını da xüsusi vurğuladı. Bu isə göstərir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır. Bakının ekoloji inkişafı ilə bağlı çıxışda səslənən fikirlər də mühüm əhəmiyyət kəsb edirdi. Dövlət başçısı şəhərin uzun illər ərzində neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşdiyini xatırlatdı. Vaxtilə çirklənmənin simvolu hesab edilən Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi Azərbaycanın həyata keçirdiyi urbanizasiya siyasətinin uğurlu nümunəsidir. Bu, sadəcə bir ərazinin yenidən qurulması deyil, bütöv şəhər mühitinin dəyişdirilməsi və yeni həyat modelinin yaradılması deməkdir. Bakıda son illər ərzində yaradılmış parklar, yaşıllıq zonaları, ictimai məkanlar, müasir nəqliyyat sistemi və ekoloji layihələr şəhərin inkişafına yeni dinamika gətirib.

Cənab Prezident İlham Əliyevin Formula-1 yarışları ilə bağlı etdiyi maraqlı müqayisə də çıxışın yadda qalan məqamlarından biri idi. Dövlət başçısının qeyd etdiyi kimi, liderlər inkişaf məsələlərində həm sürətli, həm də ehtiyatlı olmalıdırlar. Bu fikir əslində müasir idarəçilik fəlsəfəsinin qısa və dəqiq ifadəsi kimi səsləndi. İnkişaf zəruridir, lakin bu inkişaf milli irsin, tarixi yaddaşın və insan faktorunun qorunması ilə müşayiət olunmalıdır. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası bir daha göstərdi ki, şəhərlər gələcəyin əsas inkişaf platformalarından biridir. Bu forum çərçivəsində səsləndirilən fikirlər və aparılan müzakirələr Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı yanaşmanın beynəlxalq səviyyədə maraq doğurduğunu nümayiş etdirdi. Bu gün Azərbaycan yalnız yeni yollar, binalar və infrastrukturlar qurmur. Azərbaycan eyni zamanda gələcəyin sosial məkanını, insan yönümlü inkişaf modelini və dayanıqlı yaşayış konsepsiyasını formalaşdırır. Məhz buna görə də Bakıdan verilən mesajlar təkcə bugünün deyil, gələcəyin şəhərlərinə və gələcəyin dünyasına ünvanlanan çağırışlar kimi dəyərləndirilə bilər-deyə E. Süleymanov fikrini tamamlayıb.
Geri dön