Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Azərbaycanda 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə verilən xüsusi diqqətin göstəricisidir”

Novruzəli Aslanov: “Azərbaycanda 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə verilən xüsusi diqqətin göstəricisidir”


Bu gün, 11:38. Yazar: azer
Novruzəli Aslanov: “Azərbaycanda 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə verilən xüsusi diqqətin göstəricisidir”

“Müasir dövrdə şəhərsalma siyasəti dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən birinə çevrilib. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın bu istiqamətdə formalaşdırdığı strateji baxışın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsinin ölkənin memarlıq simasında da öz əksini tapdığını vurğuladı. Bu fikir əslində Azərbaycanın çoxəsrlik tarixi inkişaf modelinin mahiyyətini ifadə edir.”

Milli Məclisin deputatı Novruzəli Aslanov bu fikirləri aia.az-a verdiyi açıqlamasında ifadə edib.

Millət vəkili daha sonra qeyd edib ki, Bakının urbanistik inkişafı son illərdə ölkənin ümumi modernləşmə strategiyasının əsas istiqamətlərindən birinə çevrilib: “Paytaxtda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni parkların, ictimai məkanların və nəqliyyat sistemlərinin yaradılması şəhərin simasını əsaslı şəkildə dəyişib. Bununla yanaşı, qədim memarlıq nümunələrinin qorunması və tarixi irsin yaşadılması dövlət siyasətinin prioritet istiqaməti olaraq qalır. Prezident İlham Əliyevin çıxışında musiqimizin, poeziyamızın və milli ruhumuzun memarlıq abidələrində də əks olunduğunu vurğulaması təsadüfi deyildi. Bu yanaşma şəhərsalmanı yalnız texniki və iqtisadi məsələ deyil, milli kimliyin tərkib hissəsi kimi təqdim edir. Azərbaycanda 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu sahəyə verilən xüsusi diqqətin göstəricisidir. Bu qərar ölkədə urbanizasiya prosesinin daha sistemli və müasir yanaşmalar əsasında həyata keçirilməsinə xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, xüsusilə paytaxt şəhərlərində şəhərsalma prosesinə həm cəsarətli, həm də ehtiyatlı yanaşma tələb olunur. Bu fikir sürətli inkişafla tarixi irsin qorunması arasında balansın vacibliyini ön plana çıxarır. Bu gün Bakıya gələn xarici qonaqlar Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq imkanı qazanırlar. Müasir göydələnlərlə tarixi memarlığın vəhdəti Bakının beynəlxalq şəhər kimi cazibəsini artırır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri Azərbaycanın urbanizasiya sahəsində uzunmüddətli strateji hədəflərinin olduğunu göstərir. WUF13 bir daha sübut etdi ki, Azərbaycan yalnız regional siyasi və iqtisadi mərkəz deyil, həm də müasir şəhərsalma ideyalarının formalaşdığı və tətbiq olunduğu mühüm platformaya çevrilməkdədir” – deyə, Novruzəli Aslanov açıqlamasını başa çatdirib.


Geri dön