Ana Sayfa > Özəl > 19 May – Türk millətinin istiqlal iradəsinin tarixi zəfəri
19 May – Türk millətinin istiqlal iradəsinin tarixi zəfəriBu gün, 15:43. Yazar: azer |
![]() Türk dünyasının şanlı tarixində elə günlər vardır ki, həmin tarixlər yalnız bir dövlətin deyil, bütöv bir millətin taleyində dönüş nöqtəsinə çevrilir. 19 May 1919-cu il də məhz belə müqəddəs və əlamətdar günlərdən biridir. Bu tarix Türkiyə xalqının işğala, əsarətə və parçalanmaya qarşı ayağa qalxdığı, milli qurtuluş mübarizəsinin əsasının qoyulduğu gündür. Böyük öndər Mustafa Kamal Atatürkün Samsuna çıxışı ilə başlayan bu müqəddəs mübarizə sonradan Türkiyə Cümhuriyyətinin yaranmasına, türk xalqının yenidən öz taleyinin sahibi olmasına gətirib çıxardı. Bu gün Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” kimi qeyd olunur. Bu bayram sadəcə bir tarixi hadisənin xatırlanması deyil, eyni zamanda milli ruhun, vətən sevgisinin, azadlıq ideallarının və dövlətçilik düşüncəsinin təntənəsidir. Mustafa Kamal Atatürk 19 may tarixini özünün doğum günü kimi qəbul etməklə bu günü türk xalqına və xüsusilə gənclərə mənəvi miras olaraq bəxş etmişdir. Çünki Atatürk yaxşı anlayırdı ki, dövlətlərin gələcəyi məhz milli ruhda yetişən gənclərin çiyinləri üzərində qurulur. Birinci Dünya müharibəsindən sonra Osmanlı dövləti ağır vəziyyətə düşmüş, ölkə faktiki olaraq xarici qüvvələr tərəfindən bölüşdürülmək təhlükəsi ilə üz-üzə qalmışdı. İstanbul hökumətinin zəifliyi və təslimçi mövqeyi xalq arasında ciddi narazılıq yaradırdı. Belə bir çətin tarixi mərhələdə Mustafa Kamal Paşa milli qurtuluş ideyasını irəli sürərək xalqı vahid məqsəd ətrafında birləşdirməyi bacardı. O, 1919-cu il mayın 16-da “Bandırma” gəmisində İstanbulu tərk edərək Samsuna yollandı və 19 may tarixində milli istiqlal savaşının başlandığını elan etdi. Bu addım yalnız hərbi mübarizənin başlanğıcı deyildi. Əslində, 19 May türk millətinin yenidən dirçəlişinin, milli kimliyinə sahib çıxmasının və dövlətçilik iradəsinin bərpasının simvoluna çevrildi. Mustafa Kamal Paşa qısa müddət ərzində Anadolu xalqını səfərbər edərək yeni siyasi iradənin formalaşmasına nail oldu. Ankara milli mübarizənin mərkəzinə çevrildi, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin yaradılması isə xalq hakimiyyətinin əsasını qoydu. Qurtuluş savaşının ən mühüm mərhələlərindən biri Sakarya savaşı oldu. 1921-ci ilin avqust-sentyabr aylarında baş verən bu tarixi döyüş türk ordusunun qələbəsi ilə nəticələndi və düşmənin irəliləyişinin qarşısı alındı. Sakarya zəfəri Mustafa Kamal Paşanın böyük sərkərdəlik istedadını bütün dünyaya nümayiş etdirdi. Bundan sonra Türkiyə Böyük Millət Məclisi ona “Qazi” adı və marşal rütbəsi verdi. 1922-ci ilin avqustunda həyata keçirilən “Böyük Taarruz” əməliyyatı isə Qurtuluş savaşının taleyini həll edən əsas hadisə oldu. Türk ordusu qısa müddətdə düşmən qüvvələrini darmadağın edərək Anadolu torpaqlarını işğaldan azad etdi. Mustafa Kamal Paşanın məşhur “Ordular, ilk hədəfiniz Aralıq dənizidir!” əmri türk hərb tarixinin ən möhtəşəm çağırışlarından biri kimi yadda qaldı. Bu zəfərdən sonra artıq yeni Türkiyə dövlətinin qurulması qaçılmaz idi. Mustafa Kamal Atatürk yalnız böyük sərkərdə deyil, həm də müasir dövlət quruculuğunun müəllifi idi. O, Türkiyəni parçalanmaq təhlükəsindən xilas etməklə yanaşı, ölkədə köklü siyasi, hüquqi, iqtisadi və mədəni islahatlar həyata keçirdi. Dünyəvi dövlət modelinin formalaşdırılması, təhsil sisteminin yenilənməsi, qadın hüquqlarının genişləndirilməsi və milli iqtisadiyyatın inkişafı Atatürkün uzaqgörən siyasətinin əsas istiqamətlərini təşkil edirdi. Onun “Yurdda sülh, cahanda sülh” prinsipi isə bu gün də Türkiyə dövlətinin xarici siyasət fəlsəfəsinin əsas dayaqlarından biri olaraq qalır. 19 May bayramının gənclik və idmanla əlaqələndirilməsi də təsadüfi deyil. Atatürk türk gəncliyini millətin gələcəyi hesab edir, dövlətin inkişafını onların vətənpərvərliyi və savadı ilə bağlayırdı. O, türk gəncliyinə müraciətində bildirirdi ki, Türkiyə Cümhuriyyətini qorumaq və yaşatmaq onların əsas vəzifəsidir. Bu baxımdan 19 May yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə ünvanlanan milli çağırışdır. Bu gün Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri də Atatürk ideyalarının və ortaq tarixi dəyərlərin üzərində yüksəlir. “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan strateji müttəfiqlik Türk dünyasının həmrəyliyinin ən parlaq nümunəsidir. Azərbaycan xalqı Mustafa Kamal Atatürkün türk dünyası qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir və onun əziz xatirəsini böyük ehtiramla yad edir. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər də milli birlik, güclü dövlətçilik və vətən sevgisinin təntənəsi oldu. Bu mənada Türkiyənin Qurtuluş savaşı ilə Azərbaycanın Vətən müharibəsi arasında böyük mənəvi və ideoloji oxşarlıqlar mövcuddur. Hər iki xalq öz liderlərinin ətrafında sıx birləşərək milli iradənin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi. 19 May bu gün də türk millətinin istiqlal əzmini, yenilməz ruhunu və azadlıq sevgisini yaşadan müqəddəs tarixdir. Aradan illər keçsə də, Samsunda yandırılan istiqlal məşəli bu gün də Türk dünyasının yolunu işıqlandırır. Mustafa Kamal Atatürkün adı isə tarixdə azadlıq, mübarizə, qürur və dövlətçilik simvolu kimi əbədi yaşayacaq. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü. Geri dön |