Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Türküstan Zirvə görüşü Türk dünyasının rəqəmsal və intellektual eraya inteqrasiyasının rəsmi manifesti statusuna malik hadisədir”
Adəm İsmayıl Bakuvi: “Türküstan Zirvə görüşü Türk dünyasının rəqəmsal və intellektual eraya inteqrasiyasının rəsmi manifesti statusuna malik hadisədir”Bu gün, 15:01. Yazar: azer |
![]() “Bəşəriyyət tarixinin ən mürəkkəb, geosiyasi kataklizmlərlə dolu dönəmlərindən birini yaşadığımız müasir dövrdə ortaq soy-kökə, dilə, dinə və mədəniyyətə malik xalqların bir araya gələrək vahid güc mərkəzi formalaşdırması tarixi zərurətdir. Bu gün Altaylardan Balkanlara qədər uzanan nəhəng bir coğrafiyada türk xalqlarının yenidən vahid platformada, çiyin-çiyinə dayanması sadəcə regional tərəfdaşlıq deyil, həm də qlobal miqyasda yeni bir güc balansının yaranması deməkdir. Qazaxıstanın qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bu birliyin sarsılmazlığını və gələcəyə yönəlmiş strateji hədəflərini bir daha bütün dünyaya nümayiş etdirdi. Türküstan Zirvə görüşü sadəcə liderlərin növbəti dialoqu deyil, türk dünyasının rəqəmsal və intellektual eraya inteqrasiyasının rəsmi manifesti statusundadır.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib. Fikirlərini davam etdirən partiya sədri qeyd edib ki, Türk dövlətlərinin bir çətir altında toplanması ideyası və bu ideyanın institusional formaya salınması uzun, məşəqqətli və eyni zamanda şərəfli bir tarixi yolun nəticəsidir: “Sovet imperiyasının süqutundan sonra müstəqillik qazanmış türk cümhuriyyətlərinin bir-birinə yaxınlaşmasında, ortaq bağların bərpa olunmasında Ümummilli Lider Heydər Əliyevin dühası misilsiz rol oynamışdır. Ulu Öndərin müəllifi olduğu “Biz bir millət, iki dövlətik” fəlsəfəsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin deyil, bütövlükdə böyük türk coğrafiyasının birgə gələcəyinin ideoloji bünövrəsinə çevrildi. Ulu Öndərin hələ 1990-cı illərin çətin şəraitində türk dövlətlərinin başçılarının zirvə görüşlərinin keçirilməsinə verdiyi xüsusi önəm, bu gün qlobal aktora çevrilən Türk Dövlətləri Təşkilatının rüşeymlərini qoydu.Bu gün həmin uzaqgörən strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni geosiyasi reallıqlara uyğun olaraq dahiyanə şəkildə inkişaf etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətində türk dünyası ilə inteqrasiyanı hər zaman prioritet elan edib və təşkilatın Naxçıvan Sazişindən başlayan formalaşma prosesindən tutmuş bugünkü TDT statusuna qədər hər bir mərhələsində lokomotiv rolunu oynayıb. Dövlətimizin başçısının qətiyyəti sayəsində türk dünyası artıq yalnız mədəni-mənəvi dəyərlər ətrafında birləşən xalqlar birliyi deyil, hərbi, siyasi, iqtisadi və rəqəmsal platformalarda qlobal güc nümayiş etdirən nüfuzlu beynəlxalq təşkilatdır. Qəbələ və Şuşa zirvə görüşlərində qəbul edilən qərarlar, Azərbaycanın bu ailənin möhkəmlənməsi üçün qoyduğu hər bir kərpic bu böyük dövlət xadiminin türk dünyasının gələcəyinə olan sarsılmaz inamının təzahürüdür. Cənab Prezident İlham Əliyevin Türküstan Zirvə görüşündəki proqram xarakterli çıxışı türk dünyasının yaxın və uzaq gələcəyini dizayn edən dərin tezislərlə zəngin idi. Dövlətimizin başçısı öz nitqində ilk növbədə mənəvi və rəsmi bağların vəhdətinə diqqət çəkərək qeyd etdi: "Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır." Bu ifadə təkcə emosional qardaşlıq rəmzi deyil, həm də Şuşada təməli qoyulmuş qeyri-rəsmi zirvə görüşləri təşəbbüsünün artıq TDT daxilində sarsılmaz bir ənənəyə çevrilməsinin geosiyasi əsaslandırılmasıdır. Son 5 ildə Azərbaycan və Qazaxıstan prezidentləri arasında reallaşan intensiv səfərlər münasibətlərin artıq bəyanat daxilində deyil, reallıqda müttəfiqlik səviyyəsinə ucaldığının ən bariz göstəricisidir. Cənab Prezidentin çıxışında toxunduğu rəqəmsal inteqrasiyaya dair çağırışlar göstərir ki, müasir dünyada güc anlayışı artıq təkcə konvensional resurslarla deyil, həm də texnoloji üstünlüklə, rəqəmsal suverenliklə ölçülür. Azərbaycan Lideri bu reallığı TDT tribunasından çox aydın şəkildə ifadə etdi:"Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır." Azərbaycan bu istiqamətdə sadəcə çağırışlar etmir, həm də digər türk dövlətlərinə örnək ola biləcək fundamental rəqəmsal islahatların modelini təqdim edir. Ölkəmizdə qəbul edilmiş Süni İntellekt Strategiyası, yaradılan Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası bu strateji vizyonun əməli nəticələridir. Genişzolaqlı internet əhatəsinin 100 faizə çatdırılması və dövlət xidmətlərinin vahid rəqəmsal platformaya keçidi Azərbaycanın rəqəmsal intibah dövrünə tam hazır olduğunun göstəricisidir. Cənab Prezident İlham Əliyev eyni zamanda rəqəmsal inkişafın təhlükəsizlik və infrastruktur aspektlərini də təhlil edərək, Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsinin əhəmiyyətini önə çəkdi. Yaxın aylarda istifadəyə verilməsi planlaşdırılan Trans-Xəzər Fiber-Optik Kabel xətti Azərbaycan və Qazaxıstanı qlobal data tranzitinin əsas qovşağına çevirəcək.” Sonda müsahibimiz logistika və nəqliyyat sahəsində “Orta Dəhliz” konsepti və onun əsas seqmenti olan Zəngəzur dəhlizinin türk dövlətlərinin iqtisadi müstəqilliyinin rəmzi kimi təqdim olunmasını xüsusilə önəmli məqam kimi diqqət mərkəzinə çəkib: “Dövlət başçımızın dediyi kimi, “e-Permit” kimi elektron sistemlərin tətbiqi ilə gömrük prosedurlarının sadələşdirilməsi bütövlükdə TDT coğrafiyasını vahid, sürətli və maneəsiz ticarət magistralına çevirmək məqsədi güdür. Türküstan Zirvə görüşündə Prezident İlham Əliyevin irəli sürdüyü konseptual ideyalar bir daha təsdiq edir ki, Türk Dövlətləri Təşkilatı rəqəmsal idarəetmədən tutmuş süni intellekt sənayesinə, qlobal logistik marşrutlardan rəqəmsal təhlükəsizliyə qədər ən müasir trendlərin idarəedicisinə çevrilməkdədir. Azərbaycan Liderinin nitqinin yekun akkordu olan bu möhtəşəm cümlə xalqlarımızın ümumi and yeri və strateji yol xəritəsidir: “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir.” Bu gün atılan rəqəmsal, iqtisadi və siyasi addımlar göstərir ki, ortaq keçmişə sahib olan türk dövlətləri artıq ortaq və parlaq gələcəyi də birlikdə inşa edirlər. Azərbaycan isə bu müqəddəs missiyada hər zaman olduğu kimi, yenə də ən ön sıralarda, sarsılmaz iradəsi və rəqəmsal vizyonu ilə bütün türk dünyasına işıq saçmaqdadır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |