Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Azərbaycanın türk dövlətləri arasında strateji əməkdaşlığın dərinləşməsində oynadığı aparıcı rolu bir daha öz təsdiqini tapdı”
Novruzəli Aslanov: “Azərbaycanın türk dövlətləri arasında strateji əməkdaşlığın dərinləşməsində oynadığı aparıcı rolu bir daha öz təsdiqini tapdı”Bu gün, 11:38. Yazar: azer |
![]() “Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Türk Dövlətləri Təşkilatının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın təşkilat daxilində artan nüfuzunu, eyni zamanda türk dövlətləri arasında strateji əməkdaşlığın dərinləşməsində oynadığı aparıcı rolu bir daha nümayiş etdirdi. Dövlət başçısının “Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur” fikri əslində yalnız iki şəhər arasındakı münasibətin ifadəsi deyil. Bu yanaşma türk dünyasının ortaq tarix, mədəniyyət və mənəvi bağlılıq üzərində formalaşan birlik modelinin simvoludur. Şuşa ilə Türküstanın qardaşlaşması həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yeni regional əməkdaşlıq siyasətinin mühüm tərkib hissəsidir. Prezidentin vurğuladığı kimi, “Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”. Bu fikir türk dövlətləri arasında münasibətlərin yalnız siyasi maraqlara deyil, ortaq sivilizasiya yaddaşına əsaslandığını göstərir.” Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Millət vəkili bildirib ki, bu gün TDT-nin beynəlxalq nüfuzunun artması da məhz belə strateji və mənəvi təməllər üzərində qurulan əməkdaşlığın nəticəsidir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təşkilatın qlobal proseslərdə rolu və mövqeyi getdikcə güclənir. Müasir beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı bir şəraitdə türk dövlətlərinin koordinasiyalı fəaliyyət göstərməsi mühüm geosiyasi amilə çevrilir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və iqtisadi inteqrasiya məsələlərində TDT artıq regional platforma olmaqdan çıxaraq daha geniş coğrafiyada təsir imkanları qazanan təşkilat kimi diqqət çəkir. Dövlət başçısının öz çıxışında rəqəmsal inkişaf və süni intellekt məsələlərinə xüsusi yer ayırması da təsadüfi deyildi. Dünya yeni texnoloji transformasiya mərhələsinə daxil olur və bu prosesdə rəqabət qabiliyyətini qorumaq yalnız innovativ yanaşmalar hesabına mümkündür. Azərbaycanın son illərdə rəqəmsal idarəetmə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri istiqamətində atdığı addımlar türk dövlətləri üçün də nümunəvi model hesab oluna bilər. Dövlət başçısının “Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır” çağırışı təşkilatın gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən birini müəyyənləşdirir. Zirvə görüşündə nəqliyyat və logistika əməkdaşlığı da xüsusi ön plana çıxarıldı. Mövcud qlobal geosiyasi vəziyyət Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan bu marşrutun əsas bağlantı nöqtələrindən biri kimi türk dövlətləri arasında iqtisadi inteqrasiyanın güclənməsinə ciddi töhfə verir. Son illərdə ölkəmizdə həyata keçirilən iri nəqliyyat infrastrukturu layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən daşımaların genişləndirilməsi Azərbaycanın regional tranzit mərkəzi rolunu daha da möhkəmləndirib.Türküstan Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan yalnız coğrafi baxımdan deyil, siyasi baxımdan da türk dünyasının birləşdirici güclərindən biridir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |