Ana Sayfa > Siyasət > “Türküstan zirvəsi ikitərəfli münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi”
“Türküstan zirvəsi ikitərəfli münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi”Bu gün, 11:35. Yazar: azer |
![]() Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi zirvə görüşü bir daha göstərdi ki, TDT uğurlu praktik əməkdaşlıq modelinə keçir. Azərbaycan isə bu prosesdə təşəbbüskar və istiqamətverici ölkələrdən biri kimi çıxış edir. Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı isə həm təşkilatın perspektivləri, həm də Azərbaycanın regional liderliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri Türk Dövlətləri Təşkilatının artıq qlobal proseslərdə söz sahibi olmağa çalışan geosiyasi güc mərkəzi kimi təqdim edilməsidir. Dövlət başçısının “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri hazırkı beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin koordinasiyalı fəaliyyətə olan ehtiyacını ortaya qoyur. Türküstan Zirvəsi həm də təşkilata üzv ölkələr arasında ikitərəfli münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, son illər qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi münasibətlərin müttəfiqlik mərhələsinə yüksəldiyini göstərir. Bu əməkdaşlıq təkcə siyasi deyil, enerji, nəqliyyat, logistika və rəqəmsal bağlantılar baxımından da türk coğrafiyasının inteqrasiyasını sürətləndirir. Rəqəmsal transformasiya və süni intellekt məsələlərinə gəlincə, Azərbaycanın artıq yeni texnoloji mərhələyə keçidi prioritet elan etməsi zirvə görüşündə bir daha bəyan olundu. Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması ölkəmizin innovasiya iqtisadiyyatına keçid niyyətinin göstəricisidir. Bu yanaşma zəngin enerji ixracatçısı olan Azərbaycanın texnoloji və rəqəmsal mərkəzə çevrilmək hədəfini ortaya qoyur. Zirvə görüşündə rəqəmsal suverenlik məsələsi xüsusi vurğulandı. Reallıq ondan ibarətdir ki, müasir dövrdə dövlətlərin təhlükəsizliyi artıq informasiya və texnologiya imkanları ilə də müəyyən olunur. Bu baxımdan Azərbaycanın genişzolaqlı internetin tam əhatəsinə nail olması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində addımları region üçün nümunə hesab oluna bilər. Zirvə görüşündə nəqliyyat-kommunikasiya layihələri də xüsusi müzakirə olundu. Prezident İlham Əliyevin Orta Dəhliz və Zəngəzur dəhlizinin perspektivlərinə dair fikirləri türk dünyasının iqtisadi inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə qlobal geosiyasi gərginliklər fonunda alternativ nəqliyyat marşrutlarına artan tələbat Azərbaycanı Avropa ilə Asiya arasında mühüm logistika mərkəzinə çevirir. Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizi isə Azərbaycanın regional kommunikasiya xəritəsində rolunu daha da gücləndirir. Könül Nurullayeva Millət vəkili Geri dön |