Ana Sayfa > Özəl > Kitabların işığında ömür yolu və ya Sevinc Bayramovanın mənəviyyat dünyası
Kitabların işığında ömür yolu və ya Sevinc Bayramovanın mənəviyyat dünyasıBu gün, 14:47. Yazar: azer |
![]() Bəzən insanı tanımaq üçün onun haqqında deyilənlər kifayət etmir. Onun baxışlarına, danışığında gizlənən səmimiyyətə, həyat yolunda qoruduğu dəyərlərə nəzər salmaq lazımdır. Elə insanlar var ki, adlarını böyük tribunalardan deyil, insanların qəlbindən qazanırlar. Sevinc Bayramova da məhz belə insanlardandır. Onu ilk dəfə “Şuşa fatehi – Yunis Kazımov” kitabının Qazaxda keçirilən rayon miqyaslı möhtəşəm təqdimat mərasimində tanıdım. Zalda yüzlərlə insan vardı. Amma o tədbirdə diqqətimi ən çox çəkən məhz Sevinc xanımın sözlərindəki doğmalıq, Vətənə və kitaba bağlılıq, insan ruhunu isidən daxili zənginlik oldu. Sonralar onun haqqında daha çox araşdırdıqca anladım ki, bəzi insanların həyatı özü bir kitabdır. Səssiz, təmtəraqsız, amma çox dərin mənalı bir kitab… 1991-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunan Sevinc 1996-cı ildə ali təhsilini uğurla başa vurub. O gündən ömrünü kitaba, maarifə və insanlara həsr edib. Əmək fəaliyyətinə əvvəlcə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialında başlayan Sevinc Bayramova sonralar Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müxtəlif filiallarında filial müdiri kimi çalışıb. Onun üçün kitabxana sadəcə iş yeri deyil. Ora onun mənəvi dünyasının ünvanıdır. Kitabları isə həyatın ən qiymətli sərvəti hesab edir. Sevinc xanım deyir ki, kitab insanın ruhunu saflaşdırır, düşüncələrini zənginləşdirir, həyata baxışını dəyişir. O, kitabı həmişə insanın ən sədaqətli dostu sayıb. “Kitab oxumaq dahilərlə dost olmaqdır” – deyəndə bunu sadəcə ifadə kimi yox, yaşadığı həyatın fəlsəfəsi kimi söyləyir. Onunla söhbət etdikcə hiss olunur ki, kitabxana onun üçün səssiz divarlar arasında qurulan adi bir məkan deyil. Ora insanların elmə sevgisinin nəfəs aldığı müqəddəs bir ünvandır. Oxucuların kitaba marağı, uşaqların sevinc dolu baxışları, yaşlı insanların kövrək xatirələri onun həyatının ayrılmaz hissəsinə çevrilib. Sevinc xanımın danışdığı xatirələr isə insanın ürəyinə toxunur. O, 90 yaşlı İnnab nənəni bu gün də ehtiram və sevgi ilə xatırlayır. Gözlərinin nuru zəifləsə də, Səməd Vurğunun şeirlərini əzbər söyləyən o nurani qadının kitaba bağlılığı Sevinc xanımı dərindən təsirləndirib. “Ahıllar Günü” münasibətilə keçirilən tədbirdə İnnab nənənin “Dəli Kür” romanını oxumaq istədiyini deməsi sanki bir ömrün yarımçıq qalan arzularının hayqırtısı idi. Vaxtilə Qazax Seminariyasının imtahanından keçən, lakin erkən ailə həyatı səbəbindən təhsilini davam etdirə bilməyən bu qadının ürəyindəki elm sevgisi illərin sınağından çıxaraq yaşayırdı. Sevinc xanım həmin anı xatırlayanda kövrəlir. Çünki o, kitabın insan ömrünü necə işıqlandırdığını öz gözləri ilə görüb. Bir başqa xatirəsi isə uşaqlarla bağlıdır. Balaca bir oğlanın kitabxanaya gəlib “Müəllimə, mən də kitab istəyirəm” deməsi, sonra isə “Kitabı cırmaq olmaz, kitabı cıranın əlləri kəsilər” söyləməsi Sevinc xanımın yaddaşında ən saf duyğulardan biri kimi qalıb. O uşağın kitaba qarşı qoruyucu sevgisi, məsum düşüncəsi kitabın xalqımızın yaddaşında necə müqəddəs yer tutduğunu göstərirdi. Sevinc Bayramova yalnız peşəsinə bağlı kitabxanaçı deyil, həm də dəyərlərinə sadiq Azərbaycan qadınıdır. O, bütün uğurlarına görə valideynlərinə minnətdardır. Həyat yolunda qazandığı hər nailiyyətdə ata-ana zəhmətinin, tərbiyəsinin və dualarının payını xüsusi ehtiramla xatırlayır. Ailəsi isə onun ən böyük mənəvi dayağıdır. Yoldaşı Pərviz Alməmmədov uzun illər təhsil sahəsində çalışıb. Övladları da ailənin elmə və savada bağlı ənənəsini davam etdirirlər. Böyük oğlu Nicat Alməmmədli Azərbaycan Dövlət Neft və Sənaye Universitetini qırmızı diplomla bitirib, daha sonra magistr təhsili alıb. Qızı Nigar Alməmmədli Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Kiçik oğlu Ülvi Alməmmədli isə hazırda ali təhsilini davam etdirir. Bir ana kimi Sevinc xanım övladlarına yalnız təhsil verməyi deyil, həm də Vətən sevgisi, xalqa hörmət, milli-mənəvi dəyərlərə bağlılıq aşılamağı həyat missiyası sayıb. O, savadlı və ləyaqətli övlad yetişdirməyi insanın ən böyük uğuru hesab edir. Sevinc Bayramovanın həyatında Vətən sevgisinin xüsusi yeri var. O, Azərbaycanın ağrısını da, qürurunu da ürəyində daşıyan insanlardandır. Şəhid adını eşidəndə gözləri dolan, o müqəddəs ad qarşısında səsini ehtiramla aşağı salan insanlardandır. Çünki o yaxşı bilir ki, bu torpağın azadlığı minlərlə oğulun qanı bahasına qazanılıb. O, şəhid ailələri ilə görüşlərdə hər zaman xüsusi həssaslıq nümayiş etdirib. Şəhid analarının kədərini bölüşməyi, onların yanında olmağı özünə insanlıq borcu sayıb. Deyir ki, Vətən uğrunda canını fəda edənlərin ailələri qarşısında hər birimizin mənəvi məsuliyyəti var. Onun üçün şəhid ailəsinə göstərilən diqqət sadəcə sosial vəzifə deyil, vicdan məsələsidir. Sevinc xanım kitabxanada təşkil etdiyi tədbirlərdə də şəhidlərin xatirəsini daim yad edib. O tədbirlərdə bəzən kövrək şeirlər səslənib, bəzən anaların göz yaşları axıb, bəzən də balaca uşaqlar şəhidlərin şəkillərinə baxaraq susublar. Amma Sevinc xanım hesaab edir ki, şəhidlərin ruhu yalnız anım günlərində deyil, xalqın yaddaşında daim yaşamalıdır. Çünki Vətəni yaşadan da məhz həmin müqəddəs yaddaşdır. Onun danışığında Vətən sevgisi pafosdan uzaq, çox səmimi və içdən gələn bir hiss kimi duyulur. Bəlkə də buna görə sözləri insanın qəlbinə toxunur. Çünki o, Vətəni sadəcə sevmir, onu yaşayır. Lakin həyat həmişə saf və zəhmətkeş insanlara qarşı ədalətli olmur. İstedad, zəhmət və insanların sevgisini qazanmaq bəzən bəzi qəlblərdə qısqanclıq da yaradır. Sevinc xanım da zaman-zaman bunu hiss edib. Onun uğurlarını həzm edə bilməyənlər, gördüyü işlərə kölgə salmağa çalışanlar, səmimiyyətinə başqa gözlə baxanlar da olub. Çünki cəmiyyətimizdə bəzən işıq saçan insanın ətrafında kölgələr də çoxalır. Amma Sevinc Bayramova heç vaxt ruhdan düşməyib. O, qəlbindəki işığı qorumağı bacarıb. Çünki bilir ki, insanın ən böyük gücü vicdanı və gördüyü xeyirxah işlərdir. O, heç zaman kinlə cavab verməyib, heç kimin ünvanına nifrət daşımayıb. Əksinə, yenə kitabın işığına sığınıb, yenə insanlara sevgi ilə yanaşıb, yenə uşaqlara kitab sevgisi aşılayıb. Bəlkə də əsl ziyalılıq elə budur. Çətinliklər içində belə insanlığını qorumaq, qəlbinin işığını söndürməməkdir. Bu gün Sevinc Bayramova kimi insanlar cəmiyyətin görünməyən mənəvi sütunlarıdır. Onlar səssiz şəkildə maarif işığını qoruyur, kitaba sevgini yaşadır, insan ruhunu zənginləşdirirlər. Belə insanların ömrü və fəaliyyəti bir daha sübut edir ki, kitabın işığı sönmədikcə millətin ruhu da yaşayacaq. Bir də onu deyim ki, Sevinc Bayramova kimi ziyalı, vətənpərvər, yumruq boyda ürəyində böyük Azərbaycan sevdası daşıyan insanların həyat yolu haqqında yazmaq həm kövrək hissləri yaşamaq, həm də olduqca qürurvericidir. Çünki belə insanlar cəmiyyətin görünməyən mənəvi dayaqlarıdır. Onların ömrü kitabın işığı, Vətən sevgisi və insanlıq duyğuları ilə yoğrulub. Qalib Rəhimli. Geri dön |