Ana Sayfa > Siyasət > TDT liderlərinin Türküstanda kritik toplantısı
TDT liderlərinin Türküstanda kritik toplantısıBu gün, 09:44. Yazar: vasif |
![]() Mayın 15-də Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının liderlərinin qeyri-rəsmi zirvə toplantısı olacaq. Zirvə görüşünə Qazaxıstan sədrlik edəcək, türk dünyası liderlərinin toplantısının əsas mövzusu “Süni intellekt və rəqəmsal inkişaf”dır. Zirvədə təşkilatın müşahidəçi ölkələrinin dövlət və hökumət başçıları da iştirak edəcək. Onlar sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet sahələrini müzakirə etməyi planlaşdırırlar. Qeyri-rəsmi zirvə türk dövlətləri arasında davamlı iqtisadi artımı təşviq etmək, dövlət xidmətlərini təkmilləşdirmək və regional əlaqələri gücləndirmək üçün süni intellekt, rəqəmsal innovasiya və qabaqcıl texnologiyaların transformativ potensialından effektiv şəkildə necə istifadə etmək barədə strateji dialoqun inkişafı üçün mühüm platforma rolunu oynayacaq. Zirvə proqramının bir hissəsi olaraq, Dövlət Başçıları Şurasının iclası ərəfəsində TDT Xarici İşlər Nazirləri Şurasının iclası da keçiriləcək. “Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, - deyə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət başçısı vurğulayıb. Qeyd edək ki, zirvə toplantısı formal diplomatik tədbirdən daha artıq məna daşıyır. “Süni intellekt və rəqəmsal inkişaf” kimi mövzunun seçilməsi göstərir ki, türk dünyası artıq ənənəvi əməkdaşlıq çərçivəsindən çıxaraq qlobal texnoloji yarışda yer tutmaq niyyətindədir. Müasir dünyada güc anlayışı sürətlə dəyişir. Enerji resursları və coğrafi üstünlüklər hələ də önəmlidir, lakin əsas rəqabət artıq məlumat, texnologiya və innovasiya üzərində qurulur. Bu mənada zirvənin gündəliyi vaxtında atılmış addım kimi qiymətləndirilə bilər. Lakin əsas sual dəyişməz qalır: bu təşəbbüslər real nəticələrə çevriləcəkmi, yoxsa yenə də ümumi bəyanatlarla kifayətləniləcək? Türk dövlətləri arasında rəqəmsal əməkdaşlıq böyük potensiala malikdir. Ortaq texnoloji platformaların yaradılması, süni intellekt sahəsində birgə layihələrin həyata keçirilməsi və rəqəmsal idarəetmənin inkişafı həm iqtisadi artımı sürətləndirə, həm də regionun qlobal rolunu gücləndirə bilər. Xüsusilə Orta Dəhliz kimi strateji layihələrin effektivliyi məhz rəqəmsal inteqrasiyadan asılıdır. Digər tərəfdən, bu sahədə geri qalmaq riski də kifayət qədər ciddidir. Qlobal texnologiya nəhəngləri və inkişaf etmiş ölkələr artıq süni intellekt sahəsində ciddi üstünlük qazanıblar. Türk dövlətləri isə bu yarışda yalnız koordinasiyalı və uzunmüddətli strategiya ilə uğur əldə edə bilər. Azərbaycan üçün isə bu zirvə əlavə imkanlar yaradır. Ölkə həm coğrafi mövqeyi, həm də həyata keçirdiyi rəqəmsal layihələr sayəsində türk dünyasında texnoloji körpü rolunu gücləndirə bilər. Bu isə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mövqelərin möhkəmlənməsi deməkdir. Nəticə etibarilə, Türkistan zirvəsi mühüm bir seçim qarşısında dayanır: ya konkret layihələr və real inteqrasiya ilə yadda qalacaq, ya da növbəti yüksək səviyyəli, lakin təsirsiz görüşlərdən biri olacaq. Bu isə artıq qəbul ediləcək qərarların ciddiliyindən və onların icra mexanizmlərindən asılıdır. VHP sədrinin müavini, professor Elxan Mirzəyevin sözlərinə görə, əslində, TDT liderləri gələcək nəsillər üçün yeni "yol xəritəsi" hazırlayacaq. Bu hədəfə tezliklə çatmağın mümkün olmadığını deyən E. Mirzəyev bir cığır açılacağını gözləyir. "Bu təşkilat özünü tam olaraq təkmilləşdirə bilməyib. Amma ən müxtəlif sahələrdə əməkdaşlıq formatları nəzərdən keçirilir. Məsələn, bundan əvvəl dövlət başçısı hərbi təlimlərin təşkilini təklif etmişdi. Amma dünyada gedən proseslər hələlik hərbi təlimləri gözləmədə saxlayır. İndi isə türk dövlətləri müasir çağırışlara uyğun mövzuda toplaşırlar. Süni intellekt və rəqəmsal inkişaf günümüzün, sabahın vacib məsələlərindən biridir. İndidən addımlar atılmalıdır ki, sonra bəhrəsini görmək mümkün olsun", - deyə müsahibimiz qeyd edib. E.Mirzəyev deyib ki, türk dövlətləri üçün bu gün əldə edilən birliyi təmin etmək o qədər də asan olmayıb: "2026-cı il TDT ölkələri üçün həm də tarixi bir hadisədir. Çünki məhz 100 il əvvəl, 1926-cı ildə Birinci Türkoloji Qurultay keçirilib. Yəni 100 il əvvəl Bakıda dil və mədəniyyət birliyini müzakirə edənlərin nəvələri bu gün Türküstanda süni intellekt, rəqəmsal ekosistemlərdən danışır. Onu da deməliyəm ki, 2025-də Bakıda Süni İntellekt Akademiyası istifadəyə verilib. Azərbaycan öz təcrübəsindən istifadə edərək, Türk dünyası üçün yeni bir model təklif edə bilər. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı çərçivəsində süni intellekt və rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi çox önəmlidir. Əgər real iş görülərsə, ortaq infrastruktur yaradıla bilər. Bundan əlavə, kibertəhlükəsizliyin gücləndirilməsi sahəsində birgə layihələr reallaşdırmaq olar. Eyni zamanda, süni intellekt tətbiqlərində türk dövlətləri təcrübə mübadiləsi həyata keçirmək fürsəti qazanacaq. Hətta ortaq peyk layihələr irəli sürülməlidir. Belə desək, potensial genişdir və ondan yararlanmaq lazımdır". Geri dön |