Ana Sayfa > Ölkə > Festivalda onlar da çıxış etdi - Fotolar

Festivalda onlar da çıxış etdi - Fotolar


Bu gün, 20:07. Yazar: vasif
Festivalda onlar da çıxış etdi - Fotolar


Şuşada keçirilən “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının ilk günü Cıdır düzündə təkcə musiqi proqramı ilə deyil, həm də yaradıcı gənclərin səhnə performansları ilə yadda qalıb. Təbiətin qoynunda, açıq səma altında qurulan səhnə ətrafında toplaşan tamaşaçılar gün ərzində klassik və xalq musiqisinin müxtəlif nümunələrini dinləyiblər.

“Qafqazinfo” xəbər verir ki, festival çərçivəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri də konsert proqramı ilə çıxış ediblər.

Konsert proqramında həm Azərbaycan klassik musiqisinin, həm də xalq yaradıcılığının nümunələri səsləndirilib. Proqramda Qarabağ Universitetinin xanəndəlik, vokal, balaban, piano və digər ixtisaslar üzrə tələbələri səhnə alıb.

Festival iştirakçılarından Günay Qasımova bildirib ki, tədbirdə iştirak etmək onlar üçün qürurverici olub:

“Bu gün burada olmaq çox gözəl hissdir. Dəvət alanda çox sevindik və böyük həvəslə musiqi nömrələri hazırladıq”.

Zəhraxanım Məmmədova isə akademik vokal ixtisası üzrə təhsil aldığını və festivalda ilk dəfə iştirak etdiyini deyib. O, belə bir səhnədə çıxış etməyin məsuliyyətli və eyni zamanda yaddaqalan olduğunu vurğulayıb.

Nahid Süleymanov iki xor nömrəsi və saz ifası ilə çıxış etdiyini bildirib.

Onun sözlərinə görə, səhnə təcrübəsi olsa da, Şuşada çıxış etmək fərqli bir emosional yük daşıyıb:

“Əvvəlki çıxışlarım var idi, amma burada olmaq tamam başqa hissdir. Yenə də həyəcan var idi, amma nəticədən razıyam”.

Festival izləyicilərindən Lalə Məmmədova isə Şuşaya ilk dəfə gəldiyini və Cıdır düzündə keçirilən tədbirin onda güclü təəssürat yaratdığını bildirib. O qeyd edib ki, burada səslənən musiqilər və ümumi atmosfer milli ruhu daha da gücləndirir.

Qarabağ Universitetində Azərbaycan dili müəllimi kimi çalışan Gülyaz Hümmətzadə festivalı həm pedaqoq, həm də tamaşaçı kimi izlədiyini deyib. O, tələbələrinin çıxışlarının onun üçün ayrıca qürur mənbəyi olduğunu vurğulayıb:

“Tələbələrimi səhnədə görmək mənim üçün çox dəyərlidir. Onların inkişafını izləmək, bu səhnələrdə uğurlarına şahid olmaq böyük sevincdir. Bu cür tədbirlər gənclərin motivasiyasını artırır”.

O, həmçinin ölkədə keçirilən mədəni festivalların yaradıcı mühitin genişlənməsinə töhfə verdiyini bildirib.

Konsert proqramı Müslüm Maqomayevin “Azərbaycan” əsərinin ifası ilə yekunlaşıb.

https://qafqazinfo.az/uploads/1778773877/2511.JPG


Geri dön