Ana Sayfa > Ölkə > Bakının yükü necə azaldıla bilər? - Ekspert həll yollarını açıqladı

Bakının yükü necə azaldıla bilər? - Ekspert həll yollarını açıqladı


Bu gün, 19:55. Yazar: vasif
Bakının yükü necə azaldıla bilər? - Ekspert həll yollarını açıqladı


"Nəqliyyat problemini həll etmək Bakının yükünü azaltmaq üçün ən vacib məsələlərdən biridir".

aia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, problemin həlli üçün bir neçə əsas istiqamətdə paralel addımlar atılmalıdır:

"Metro xətlərinin genişləndirilməsi, sürətli avtobus marşrutlarının yaradılması və park-and-ride sistemlərinin tətbiqi şəhər mərkəzinə fərdi avtomobil axınını əhəmiyyətli dərəcədə azalda bilər. Eyni zamanda velosiped infrastrukturu və piyada zonalarının inkişafı alternativ hərəkət imkanları yaradar".

Ekspert əhalinin və iqtisadi fəaliyyətin desentralizasiyasının da bu prosesdə mühüm rol oynadığını bildirib:

"Abşeron yarımadasında və ətraf ərazilərdə - Sumqayıt, Xırdalan, Novxanı istiqamətlərində yeni iş mərkəzlərinin, universitetlərin və dövlət qurumlarının yaradılması insanların Bakıya axınının qarşısını müəyyən qədər ala bilər. Regionlarda iqtisadi cəlbediciliyin artırılması isə uzunmüddətli perspektivdə ən effektiv həll variantıdır".

Akif Nəsirli hesab edir ki, rəqəmsal texnologiyalar da bu problemin həllində mühüm rol oynaya bilər:

"Uzaqdan iş imkanlarının və elektron hökumət xidmətlərinin genişləndirilməsi insanların şəhər mərkəzinə fiziki gəliş ehtiyacını azaldır. Dövlət xidmətlərinin tam onlayn formata keçirilməsi xüsusilə vacibdir. Bundan əlavə, yaşayış məntəqələrinin düzgün planlaşdırılması da diqqət tələb edir. İş, ticarət, təhsil və səhiyyə xidmətlərinin bir arada toplandığı kompleks yaşayış zonalarının yaradılması insanların şəhərin müxtəlif hissələrinə hərəkət ehtiyacını minimuma endirə bilər".

Ekspert vurğulayıb ki, inzibati tənzimləmə mexanizmləri də qısamüddətli həll yolları sırasında yer alır:

"Şəhər mərkəzinə daxil olan avtomobillər üçün ödənişli giriş sisteminin tətbiqi, iş saatlarının fərqləndirilməsi və iri tikinti layihələrinin ətraf ərazilərə yönləndirilməsi Bakının mövcud yükünü azaltmağa kömək edə bilər".
Geri dön