Ana Sayfa > Siyasət / Parlament > Beynəlxalq konfransda

Beynəlxalq konfransda


Bu gün, 17:21. Yazar: azer
Beynəlxalq konfransda

Mayın 14-də Türkmənistan Parlamentinin təşkilatçılığı ilə “Konstitusiya dövlətin inkişafının və sosial rifahın hüquqi təminatı kimi” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda iştirak edib.
Tədbirdə çıxış edən komitə sədri Türkmənistanı Konstitusiya Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovanın adından təbrik edib. Daha sonra Azərbaycan Respublikasının Konstitusiyası barədə məlumat verən Əli Hüseynli bildirib ki, 1995-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan bu tarixi sənəd müasir dövlətçiliyimizin təməl daşına çevrilib və dövlətimizin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda Konstitusiya demokratiyanın əsasını təşkil edir, siyasi və hüquqi sabitliyi təmin edir, insan hüquq və əsas azadlıqlarının qorunmasına zəmanət verir. Bununla belə, bu sənəd xalqın iradəsini əks etdirir və dövlət idarəçiliyinin, hüququn aliliyinin əsas prinsiplərini müəyyən edir.
Komitə sədri bildirib ki, Konstitusiyanın qəbul edilməsinin 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya ili” elan olunması bu sahəyə verilən önəmin göstəricisidir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qüvvəsi ölkəmizin bütün ərazisində tam şəkildə bərpa edilib. Eyni zamanda, qeyd edilib ki, dövlət başçımız İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsini və regionda davamlı sabitliyin təmin olunmasını daim dəstəkləyir. Konfransda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qanunvericilik sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd olunub.
Sonra tədbirdə Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan parlament nümayəndələri çıxış ediblər.
Çıxışlarda Konstitusiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunda və vətəndaşların rifahının təmin edilməsində oynadığı mühüm rol vurğulanıb. Həmçinin, qeyd olunub ki, güclü hüquqi baza dövlət idarəçiliyinin səmərəli təşkili, demokratik institutların inkişafı və ictimai sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Geri dön