Ana Sayfa > Özəl > Prezident İlham Əliyevin Böyük Qayıdış strategiyası: Qalib xalqın yeni tarixi

Prezident İlham Əliyevin Böyük Qayıdış strategiyası: Qalib xalqın yeni tarixi


Bu gün, 14:20. Yazar: azer
Prezident İlham Əliyevin Böyük Qayıdış strategiyası: Qalib xalqın yeni tarixi

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı. Bu möhtəşəm Qələbə, eyni zamanda, xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və tarixi ədalətə olan inamının təntənəsinə çevrildi. Otuz ilə yaxın işğal altında saxlanılan Qarabağ və Şərqi Zəngəzur torpaqlarının azad olunması Azərbaycan dövlətinin siyasi qətiyyətini, Ordumuzun gücünü və xalq-iqtidar birliyinin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan sakinləri ilə görüşlərində səsləndirdiyi fikirlər isə postmünaqişə dövrünün əsas ideoloji və siyasi xəttini bir daha ortaya qoydu: Azərbaycan bu torpaqlara qalib dövlət və əsl sahibi kimi qayıdıb.
İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi müasir dünya tarixində analoqu olmayan inkişaf modelidir. Ermənistanın 30 il ərzində viran qoyduğu şəhər və kəndlər bu gün yenidən dirçəlir, həyat öz əvvəlki ritminə qayıdır. Bu torpaqlarda aparılan tikinti və abadlıq işləri təkcə infrastruktur layihələri deyil, həm də milli ruhun və dövlət iradəsinin təcəssümüdür. Azərbaycan dövləti bir daha sübut edir ki, Qarabağ və Şərqi Zəngəzur yalnız coğrafi məkan deyil, milli kimliyimizin, tarixi yaddaşımızın və dövlətçilik iradəmizin ayrılmaz hissəsidir.
Prezident İlham Əliyevin mayın 9-10-da Cəbrayıl və Zəngilana səfəri Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyini göstərən mühüm hadisə oldu. Dövlət başçısının Şükürbəyli kəndinin açılışında, yeni məktəbin istifadəyə verilməsində, sosial obyektlərlə tanışlığında və sakinlərlə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini bir daha aydın şəkildə nümayiş etdirdi. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, işğal dövründə erməni vandalizmi nəticəsində yerlə-yeksan edilən kəndlərimiz və şəhərlərimiz indi daha müasir və daha gözəl şəkildə yenidən qurulur.
Şükürbəyli kəndində yaradılan şərait Azərbaycanın sosial dövlət siyasətinin real təzahürüdür. Müasir məktəb, uşaq bağçaları, tibb məntəqələri, musiqi məktəbi, inzibati binalar, asfalt yollar, kommunikasiya xətləri və digər sosial infrastruktur obyektləri göstərir ki, dövlət yalnız insanları doğma torpaqlarına qaytarmır, həm də onlar üçün yüksək yaşayış standartları yaradır. Bu layihələr bir daha sübut edir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişafının əsas mərkəzlərindən birinə çevrilir.
Prezident İlham Əliyevin “Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi” fikri yalnız emosional çağırış deyil, həm də tarixi həqiqətin siyasi ifadəsidir. Çünki Azərbaycan xalqı heç zaman işğal faktı ilə barışmadı. Məcburi köçkünlər illərlə doğma yurdlarına qayıdacaqları günün həsrəti ilə yaşadılar. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinmədi. Ermənilər şəhərlərimizi dağıtsa da, kəndlərimizi viran qoysa da, xalqımızın iradəsini sındıra bilmədilər.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri həm də siyasi və ideoloji məna daşıyır. Ermənistan işğal dövründə bu torpaqlarda bir daş belə daş üstə qoymadığı halda, Azərbaycan qısa müddətdə yollar, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və sənaye müəssisələri inşa edir. Bu fərq sahiblə işğalçının fərqidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “sahiblər qurur-yaradır, işğalçı isə dağıdır”.
Cəbrayılda istifadəyə verilən “Şəfəq” yarımstansiyası və bp şirkəti tərəfindən həyata keçirilən Günəş Elektrik Stansiyası layihəsi göstərir ki, azad edilmiş ərazilər yalnız yaşayış məkanı kimi deyil, həm də Azərbaycanın yaşıl enerji strategiyasının əsas mərkəzlərindən biri kimi inkişaf etdirilir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması gələcəyə hesablanmış strateji yanaşmanın tərkib hissəsidir. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, regionun beynəlxalq iqtisadi əhəmiyyətini də artırır.
Zəngilan şəhərində ilk yaşayış kompleksinin istifadəyə verilməsi isə Böyük Qayıdışın növbəti mühüm mərhələsi oldu. Müasir standartlara uyğun tikilən binalar, sosial obyektlər və abadlaşdırılmış infrastruktur göstərir ki, Azərbaycan dövləti azad olunmuş torpaqları dünyanın ən müasir yaşayış məkanlarından birinə çevirmək niyyətindədir. Zəngilanın gələcək inkişafı ilə bağlı həyata keçirilən layihələr bu rayonun regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı söylədiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı vurğuladı ki, Qarabağın azad olunması Ulu Öndərin ən böyük arzusu idi və Azərbaycan xalqı onun vəsiyyətini yerinə yetirdi. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq dövlətimizin tam suverenliyi altındadır. Bu, Heydər Əliyev siyasi kursunun təntənəsi və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin parlaq nəticəsidir.
Bu gün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri artıq beynəlxalq miqyasda maraqla izlənilir. Azərbaycan Milli Şəhərsalma Forumlarının işğaldan azad edilmiş ərazilərdə keçirilməsi də bunun göstəricisidir. Bu torpaqlar artıq dağıntı məkanı deyil, beynəlxalq tədbirlərin, iqtisadi layihələrin və regional əməkdaşlığın mərkəzinə çevrilir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan yalnız müharibədə deyil, sülh və quruculuq mərhələsində də qalib dövlətdir. Qarabağ və Şərqi Zəngəzur bu gün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının dediyi kimi, biz bu torpaqlara sahib kimi qayıtmışıq və burada əbədi yaşayacağıq. Bu qayıdış yalnız fiziki dönüş deyil, həm də milli ruhun, tarixi ədalətin və dövlət qürurunun təntənəsidir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.

Geri dön