Ana Sayfa > Özəl > Rusiya XİN-dən səyahət xəbərdarlığı - Ermənistan da “riskli ölkələr” siyahısında
Rusiya XİN-dən səyahət xəbərdarlığı - Ermənistan da “riskli ölkələr” siyahısındaBu gün, 14:16. Yazar: vasif |
![]() Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev rus vətəndaşlarının xaricə səfərləri zamanı mümkün həbs və ekstradisiya risklərini nəzərə almaları barədə xəbərdarlıq edib. O bildirib ki, XİN konkret ölkələrə getməyi qadağan etmir, lakin ABŞ və ya Avropa ölkələrinin hüquqi mexanizmləri ilə bağlı risklər səbəbindən bəzi istiqamətlərə səfərlər tövsiyə olunmur. Rusiya XİN-in yaydığı siyahıda ABŞ-ın tələbi ilə rus vətəndaşlarının həbs olunma ehtimalının daha yüksək olduğu ölkələr arasında Ermənistanın da adı çəkilir. Siyahıya həmçinin Avropa və Latın Amerikasının bir sıra ölkələri, eləcə də Kanada, İsrail, Cənubi Koreya, Sinqapur, Tayland və digər dövlətlər daxildir. Ermənistanın bu siyahıya daxil edilməsi xüsusi diqqət çəkib və bu addımın İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması və Moskva–İrəvan münasibətlərində son dövrlər müşahidə olunan gərginliklə əlaqələndirildiyi bildirilir. Moskva tərəfi Ermənistan hakimiyyətini son siyasi proseslər, xüsusilə də Avropa Siyasi Birliyi çərçivəsində keçirilən tədbirlər və orada səslənən anti-Rusiya mesajları fonunda daha sərt tənqid edir. Rusiya rəsmiləri İrəvanı Qərb platformalarına yaxınlaşmaqda və “anti-Rusiya xəttinə qoşulmaqda” ittiham edirlər. Ekspertlərin fikrincə, bu cür açıqlamalar Moskva–İrəvan münasibətlərində gərginliyin daha da artdığını göstərir və qarşıdan gələn siyasi proseslər fonunda təzyiq ritorikasının güclənə biləcəyini istisna etmir. Geri dön |