Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin plenar iclasında çıxış edib
Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin plenar iclasında çıxış edibBu gün, 12:13. Yazar: azer |
![]() Hörmətli həmkarlar! İki gün öncə xalqımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyini böyük qürurla, hörmət və ehtiramla qeyd etdi. Mayın 10-da ölkə ictimaiyyətinin nümayəndələri, ictimai, siyasi və dövlət xadimləri ilə yanaşı, Milli Məclisin deputatları Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad etdilər. Milli Məclisin bugünkü iclası da bizə Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xidmətləri qarşısında bir daha minnətdarlığımızı ifadə etmək imkanı yaradır. Hörmətli deputatlar! Milli tariximizin ən böyük şəxsiyyətlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmişdir. 1969–1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində ölkəmiz böyük bir inkişaf yolu keçmişdir. Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradıldı. Bu illər tariximizə həm də mədəni intibah dövrü kimi daxil oldu. Hörmətli deputatlar! 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb problemlər qarşısında qalmışdı. Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi. Tariximizin ən mürəkkəb və taleyüklü dövründə məhz Ulu Öndərin siyasi müdrikliyi, qətiyyəti və fədakarlığı sayəsində dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu. Hörmətli həmkarlar! Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılmış və həyata keçirilmişdir. Müstəqil dövlətimizin Konstitusiyası hazırlanıb qəbul olunmuş, xalqımızın maraqlarına cavab verən daxili və xarici siyasətin strateji istiqamətləri müəyyən edilmişdir. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradılmışdır. Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilmişdir. Hörmətli deputatlar! Ümummilli Liderin başladığı möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son iyirmi üç il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük və qürurverici uğurlar əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələri təmin etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya şərəflə başa çatdırıldı. Hörmətli həmkarlar! Ötən ilin avqustunda əldə edilmiş Vaşinqton razılaşmaları möhtərəm cənab Prezidentin sülh diplomatiyasının təntənəsinə çevrilmiş, onun irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi yolunda həlledici addım olmuşdur. Bu hadisə bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açmışdır. Hörmətli deputatlar! Biz bir məqamı həmişə qürurla vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev böyük siyasətə qayıdışa Azərbaycan parlamentinin sədri vəzifəsində başlamışdır. Ulu Öndərin fəaliyyəti sayəsində yeni inkişaf səviyyəsinə yüksəlmiş parlamentarizm ənənələri bu gün dövlət başçısının qayğısı və Milli Məclis deputatlarının birgə səyləri ilə daha da inkişaf etdirilir. Hörmətli deputatlar! Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olmuşdur. Onun ideyaları xalqımızın bugünkü və gələcək nəsillərinin əməllərində yaşayır və daim yaşayacaqdır. Geri dön |