Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Uzun illər öz yurdlarından uzaqda yaşamış insanlar bu gün təkcə evlərinə deyil, dövlətin yaratdığı yeni inkişaf modelinə qayıdırlar”
Novruzəli Aslanov: “Uzun illər öz yurdlarından uzaqda yaşamış insanlar bu gün təkcə evlərinə deyil, dövlətin yaratdığı yeni inkişaf modelinə qayıdırlar”Bu gün, 11:57. Yazar: azer |
![]() “Prezident İlham Əliyevin mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə və mayın 10-da Zəngilan şəhərinə köçən sakinlərlə görüşü Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi siyasətin strateji mahiyyətini bir daha ortaya qoydu. Dövlət başçısının çıxışında səslənən fikirlər göstərdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri eyni zamanda milli yaddaşın, tarixi ədalətin və iqtisadi potensialın yenidən dirçəldilməsi deməkdir. Prezident İlham Əliyevin “İşğal dövründə Ermənistan dövləti bu Şükürbəyli kəndini tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı” fikri erməni vandalizminin miqyasını aydın şəkildə ifadə edir. İşğal altında qalmış ərazilərdə yaşayış məntəqələrinin, tarixi və dini abidələrin dağıdılması Ermənistanın məqsədli siyasəti idi. Məqsəd yalnız əraziləri işğal altında saxlamaq deyildi. Məqsəd Azərbaycan xalqının bu torpaqlarla bağlı tarixi bağlarını qoparmaq, milli-mədəni irsi silmək idi. Prezidentin də vurğuladığı kimi, Ermənistan dövləti Azərbaycan xalqının izlərini bu ərazilərdən tamamilə silmək istəmişdi. Lakin tarix göstərdi ki, xalqın yaddaşını və torpağa bağlılığını məhv etmək mümkün deyil.” Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib. Millət vəkili bildirib ki, Cəbrayıl və Zəngilanda bu gün görülən mənzərə artıq tam fərqli reallığın formalaşdığını göstərir: “Bu gün işğaldan azad edilmiş ərazilərdə gedən proseslər həm də siyasi etimadın və dövlət-vətəndaş münasibətlərinin güclənməsinin mühüm göstəricisidir. Çünki uzun illər öz yurdlarından uzaqda yaşamış insanlar bu gün təkcə evlərinə deyil, dövlətin yaratdığı yeni inkişaf modelinə qayıdırlar. Müasir kəndlər, yeni yollar, enerji və kommunikasiya infrastrukturu, sosial obyektlər göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin “Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq” fikri isə Azərbaycanın postmüharibə strategiyasının əsas fəlsəfəsini ifadə edir. Tarixdə müharibə nəticəsində azad edilmiş bir çox ərazilər uzun illər xarabalıq vəziyyətində qalıb. Azərbaycan isə fərqli yol seçdi. Dövlət yalnız hərbi qələbə ilə kifayətlənmədi, paralel olaraq geniş quruculuq və iqtisadi inkişaf proqramına başladı. Bu yanaşma Azərbaycanın güclü dövlət modelini və uzunmüddətli strateji baxışını nümayiş etdirir. Cəbrayıl rayonunun gələcək inkişaf perspektivləri də xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, rayon gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat baxımından ölkə üçün mühüm rol oynayacaq. Regionun coğrafi mövqeyi, yeni nəqliyyat dəhlizləri və logistika imkanları Cəbrayılı strateji iqtisadi mərkəzlərdən birinə çevirə bilər. Həmçinin Zəngilanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bu rayonun yaxın illərdə regionun əsas logistika mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir. Zəngəzur dəhlizi, yeni dəmir yolu xətti və sərhəd-keçid infrastrukturu Azərbaycanın regional mövqelərini daha da gücləndirəcək. Bu baxımdan Zəngilan artıq təkcə bərpa olunan şəhər deyil, həm də gələcəyin strateji inkişaf platforması kimi formalaşır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |