Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Şükürbəyliyə qayıdış Azərbaycan dövlətinin Zəfər iradəsinin Böyük Qayıdış strategiyasının və milli dirçəliş fəlsəfəsinin parlaq təntənəsidir"

Səttar Möhbalıyev: "Şükürbəyliyə qayıdış Azərbaycan dövlətinin Zəfər iradəsinin Böyük Qayıdış strategiyasının və milli dirçəliş fəlsəfəsinin parlaq təntənəsidir"


Bu gün, 11:03. Yazar: azer
Səttar Möhbalıyev: "Şükürbəyliyə qayıdış Azərbaycan dövlətinin Zəfər iradəsinin Böyük Qayıdış strategiyasının və milli dirçəliş fəlsəfəsinin parlaq təntənəsidir"

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə keçirilən görüş müasir Azərbaycan tarixinin siyasi, mənəvi və ideoloji baxımdan mühüm hadisələrindən biri kimi dəyərləndirilməlidir. Bu görüş təkcə keçmiş məcburi köçkünlərlə dövlət rəhbərliyinin növbəti təması deyildi. Bu görüş Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin real nəticələrinin, dövlətin strateji gücünün və milli həmrəyliyinin nümayişi idi. Ən önəmlisi isə bu səfər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində baş tutmaqla xüsusi siyasi və mənəvi məna daşıyırdı.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri göstərir ki, Azərbaycan dövləti tarixi Qələbəni yalnız hərbi uğur kimi deyil, milli inkişafın yeni mərhələsi kimi qiymətləndirir. Şükürbəyli kəndində keçirilən görüş də məhz bu strateji yanaşmanın tərkib hissəsi idi. Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər həm keçmişə siyasi qiymət, həm də gələcəyə ünvanlanan dövlət konsepsiyası kimi diqqət çəkdi. Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri Ermənistanın işğal dövründə həyata keçirdiyi vandalizm və barbarlıq siyasəti oldu. Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Ermənistan dövləti işğal altında saxladığı ərazilərdə bir daşı belə daş üstündə qoymamışdı. Şəhərlər, kəndlər, tarixi və dini abidələr tamamilə dağıdılmış, yaşayış məntəqələri viran edilmişdi. Şükürbəyli kəndinin də tamamilə məhv olunması işğalçı siyasətin əsl mahiyyətini göstərən faktlardan biridir. Lakin Azərbaycan xalqının iradəsi, milli yaddaşı və torpaq sevgisi məhv edilə bilmədi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, keçmiş məcburi köçkünlər bütün illər boyu yalnız bir arzu ilə yaşayıblar — doğma torpaqlara qayıtmaq arzusu ilə. Bu gün həmin arzu artıq reallığa çevrilib. Şükürbəyliyə qayıdan insanlar yalnız öz evlərinə deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpa olunduğu müqəddəs məkana dönürlər. Əslində Şükürbəyli kəndində keçirilən görüş Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi siyasi strategiyanın canlı təqdimatı idi. Çünki bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dünya miqyasında analoqu olmayan layihə kimi qiymətləndirilir. Cəmi bir neçə il ərzində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların, hava limanlarının, enerji xətlərinin çəkilməsi, müasir yaşayış komplekslərinin yaradılması Azərbaycan dövlətinin iqtisadi imkanlarının və idarəçilik modelinin gücünü nümayiş etdirir. Şükürbəyli kəndinin müasir standartlara uyğun şəkildə yenidən qurulması da bunun əyani sübutudur. Burada insanların rahat yaşayışı üçün bütün sosial infrastruktur yaradılıb — geniş və müasir evlər, məktəb, musiqi məktəbi, uşaq bağçaları, tibb məntəqəsi, kommunikasiya xətləri və digər vacib obyektlər istifadəyə verilib. Bu fakt onu göstərir ki, Azərbaycan dövləti Böyük Qayıdış proqramını yalnız insanların fiziki şəkildə geri dönməsi kimi deyil, onların təhlükəsiz, rahat və layiqli həyatının təmin olunması kimi həyata keçirir.

Millət vəkili onu da bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer alan əsas istiqamətlərdən biri də məşğulluq və iqtisadi inkişaf məsələləri oldu. Dövlət başçısı vurğuladı ki, qayıdan vətəndaşların işlə təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Kənd təsərrüfatının inkişafı, heyvandarlıq və əkinçilik üçün yaradılan imkanlar, eyni zamanda “Araz Vadisi” Sənaye Zonasının fəaliyyəti regionun iqtisadi gələcəyini müəyyən edən mühüm amillərdəndir. “Araz Vadisi” Sənaye Zonasında artıq 20 rezidentin fəaliyyət göstərməsi və istehsal prosesinin başlaması göstərir ki, azad edilmiş ərazilər yaxın illərdə Azərbaycanın mühüm sənaye və logistika mərkəzlərindən birinə çevriləcək. Bu, həm regionda məşğulluğun artırılması, həm də ölkənin iqtisadi potensialının genişləndirilməsi baxımından mühüm strateji addımdır. Şükürbəyli görüşündə diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın regionda yaratdığı yeni nəqliyyat və logistika reallığı oldu. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizinin tərkib hissəsi olan yeni magistral yollar Cəbrayılı beynəlxalq nəqliyyat şəbəkəsinin mühüm mərkəzinə çevirəcək. İşğal dövründə tamamilə məhv edilən ərazilərin bu gün beynəlxalq tranzit və logistika xəritəsində strateji mövqe qazanması Azərbaycanın siyasi və iqtisadi baxımdan artan nüfuzunun göstəricisidir. Azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələri də xüsusi diqqətə layiqdir. Cəbrayılda inşa olunan Günəş elektrik stansiyaları, Zəngilan, Laçın və Kəlbəcərdə fəaliyyət göstərən su elektrik stansiyaları Azərbaycanın “yaşıl enerji” strategiyasının mühüm tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın illərdə bölgənin enerji potensialı 700 meqavata yaxınlaşacaq. Bu isə Qarabağın yalnız bərpa olunan ərazi deyil, həm də enerji ixrac edən mühüm iqtisadi mərkəzə çevriləcəyini göstərir. Şükürbəyli kəndində keçirilən görüşün ən mühüm siyasi mesajlarından biri isə Azərbaycanın qalib dövlət və qalib xalq statusunun artıq dəyişməz reallığa çevrilməsidir. Cənab Prezident İlham Əliyevin “biz müzəffər xalqıq” fikri müasir Azərbaycanın ideoloji xəttini müəyyən edən əsas siyasi tezislərdən biridir. Bu gün Qarabağda aparılan quruculuq işləri yalnız infrastruktur layihələri deyil, həm də milli qürurun, vətəndaş həmrəyliyinin və dövlətçilik ruhunun möhkəmləndirilməsidir. Xüsusilə gənc nəslin Zəfər ruhunda böyüməsi ilə bağlı verilən mesajlar böyük siyasi əhəmiyyət daşıyır. Çünki qalib xalqın gələcəyi məhz milli yaddaşa, vətən sevgisinə və dövlətçilik düşüncəsinə söykənir. Qarabağda yenidən qurulan hər bir kənd, istifadəyə verilən hər bir məktəb, qayıdan hər bir ailə Azərbaycanın Zəfər salnaməsinin yeni səhifəsidir.

Bu gün artıq bütün dünya görür ki, Azərbaycan yalnız torpaqlarını azad edən dövlət deyil. Azərbaycan eyni zamanda dağıdılmış əraziləri qısa müddətdə dünyanın ən müasir yaşayış və iqtisadi məkanlarından birinə çevirən qüdrətli dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa prosesi beynəlxalq miqyasda nadir inkişaf modeli kimi qəbul olunur. Şükürbəyli kəndində keçirilən görüş həm də bir siyasi mesaj idi — Azərbaycan öz tarixi torpaqlarında əbədi və dönməz şəkildə mövcuddur. Bu torpaqlarda artıq həyat yenidən başlayıb. Burada Azərbaycan bayrağı dalğalanır, uşaqlar məktəbə gedir, ailələr öz doğma yurdlarında təhlükəsiz və firavan həyat qururlar. Məhz buna görə də Şükürbəyliyə qayıdış təkcə bir kəndə dönüş deyil. Bu, milli ruhun qələbəsi, tarixi ədalətin bərpası, dövlət iradəsinin təntənəsi və Böyük Qayıdışın artıq dönməz prosesə çevrildiyinin qəti təsdiqidir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Geri dön