Ana Sayfa > Dünya > Ankaranın səbri tükəndi, savaş ehtimalı artdı: Türkiyə Fransa və Yunanıstana qarşı "hərbi yumruğunu" düyünlədi

Ankaranın səbri tükəndi, savaş ehtimalı artdı: Türkiyə Fransa və Yunanıstana qarşı "hərbi yumruğunu" düyünlədi


Bu gün, 17:04. Yazar: vasif
Ankaranın səbri tükəndi, savaş ehtimalı artdı: Türkiyə Fransa və Yunanıstana qarşı "hərbi yumruğunu" düyünlədi


Qlobal geopolitik sistemdəki dəyişikliklərə paralel olaraq, Şərqi Aralıq dənizi də XXI əsrin ən təhlükəli geopolitik qarşıdurma məkanlarından birinə çevrilmək üzrədir... Üstəlik, Türkiyənin Fransa və Yunanıstana verdiyi sərt mesajlar isə məhz bu böyük geopolitik savaşın artıq tədricən açıq müstəviyə keçməyə başladığını göstərir...
Yaxın Şərqdən sonra daha bir önəmli bölgədə - Şərqi Aralıq dənizi ətrafında da təhlükəli hərbi-siyasi qarşıdurma vəziyyəti yaranmağa başlayı. Belə ki, rəsmi Parisin siyasi təxribatları ucbatından yaranmaqda olan yeni böhranla bağlı Türkiyə Fransa və Yunanıstana sərt xəbərdarlıq mesaj vermək məcburiyyətində qalıb. Və əgər, bu hərbi-siyasi qarşıdurmanın qarşısı vaxtında alınmazsa, onda bu ölkələrin üzv olduqları NATO-nun daxilində də yeni böhran təhlükəsi qaçılmaz ola bilər.

Onu da qeyd etmək lazımdır ki, son baş verən hadisələr Şərqi Aralıq dənizini də yenidən qlobal güclərin geopolitik toqquşma məkanına çevrməkdədir. Türkiyə tərəfindən Fransa və Yunanıstana sərt xəbərdarlığın edilməsi onu göstərir ki, Kipr böhranı indi artıq yalnız regional təhlükəsizlik problemi deyil. Belə ki, hazırda bu böhran daha geniş geopolitik proseslərin – NATO daxilində nüfuz savaşı, Avropanın yeni təhlükəsizlik arxitekturası, enerji marşrutları uğrunda rəqabət və qlobal güclər arasında formalaşan yeni balans mübarizəsinin tərkib hissəsinə çevrilib.

Məsələ ondadır ki, rəsmi Ankara Fransa və Yunanıstanın bu regiondakı hərbi-siyasi təxribatlarına prinsipial reaksiya verib. Üstəlik, Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirilmə ehtimalı ilə bağlı yayılan məlumatlardan sonra isə Türkiyənin xəbərdarlıq mesajları daha da sərtləşdirildi. Belə ki, rəsmi Ankara açıq şəkildə bəyan etdi ki, Kipr adasında xarici hərbi iştirakın genişləndirilməsi bölgədəki həssas qüvvələr balansını poza bilər. Və bu haldasa, Şərqi Aralıq dənizində yeni gərginlik dalğasının yaranması qaçılmaz xarakter daşıyacaq.

Ancaq rəsmi Ankara bunu yalnız təhlükəsizlik məsələsi deyil, həm də Türkiyənin regional təsir imkanlarını məhdudlaşdırmağa yönəlmiş strateji layihə kimi qiymətləndirir. Eyni zamanda, Şərqi Aralıq dənizində baş verənlərin qlobal sistemdə gedən daha böyük geostrateji transformasiyanın tərkib hissəsi olduğu da qətiyyən şübhə doğurmur. Və ona görə də, bütün bunlara Türkiyənin seyrçi qalaraq, reaksiya verməməsi böyük təəccüb doğura bilərdi.

Maraqlıdır ki, hazırda Ukrayna savaşı, ABŞ-Çin qarşıdurması, Avropanın enerji böhranı və NATO daxilində yaranan fikir ayrılıqları qlobal məkanı ciddi ziddiyyətlər ilə yükləyib. Bütün bunlara paralel olaraq, Aralıq dənizi hövzəsi də artıq yeni “geopolitik cəbhə xətti”nə çevrilməyə başlayıb. Və xüsusilə də enerji təhlükəsizliyi məsələsi bu bölgənin strateji əhəmiyyətini qat-qat artırır.

Çünki Avropa ölkələri artıq Rusiya enerji resurslarından asılılığı azaltmağa çalışır və bu məqsədlə də alternativ marşrutlar axtarır. Bu baxımdan, Şərqi Aralıq dənizindəki qaz yataqları və nəqliyyat-kommunikasiya xətləri Avropa ölkələri üçün həyati əhəmiyyət daşıyır. Və məhz bu səbəbdən də, Fransanın Makron administrasiyası son illərdə həmin bölgədə daha aktiv siyasət yürütməyə cəhd göstərir.Onu da qeyd etmək lazımdır ki, rəsmi Paris Fransanı Avropanın əsas hərbi-siyasi güc mərkəzi kimi təqdim etməyə çalışır. Eyni zamanda, ABŞ-ın qlobal liderlik imkanlarının tədricən zəiflədiyi bir mərhələdə Şərqi Aralıq dənizində strateji üstünlüklər qazanmağa can atır. Rəsmi Paris həm Yunanıstan, həm də Cənubi Kiprlə hərbi əməkdaşlığı genişləndirərək, bölgədə Fransaya uzunmüddətli dayaq nöqtəsi yaratmağa çalışır. Və bu isə təbii olaraq, rəsmi Ankara tərəfindən Türkiyəyə qarşı formalaşdırılan yeni hərbi-siyasi bloklaşma kimi qəbul edilir.

Digər tərəfdən, Fransanın dəstəyindən şirniklənən Yunanıstan da son vaxtlar Türkiyə ilə rəqabəti daha sərt müstəviyə daşımağa başlayıb. Belə ki, rəsmi Afina həm Avropa Birliyinin siyasi dəstəyindən, həm də Fransa ilə hərbi yaxınlaşmadan istifadə edərək, Şərqi Aralıq dənizində mövqelərini gücləndirməyə çalışır. Və xüsusilə də, Egey dənizi, kontinental şelf, hava məkanı və enerji yataqları ətrafında davam edən mübahisələr Türkiyə-Yunanıstan münasibətlərini böhranlı həddə yaxınlaşdırıb.

Ancaq bu proseslərin ən təhlükəli tərəfi ondan ibarətdir ki, belə qarşıdurmalar artıq NATO daxilində strateji parçalanma faktorları da yaradır. Belə ki, NATO daxilində Türkiyə ilə Fransa arasında Liviya, Suriya, Cənubi Qafqaz və Ukrayna məsələlərində mövcud olan kəskin fikir ayrılıqları indi Şərqi Aralıq dənizi böhranı ilə daha da dərinləşir. Və bu isə alyans daxilində vahid təhlükəsizlik strategiyasının formalaşdırılmasını daha da çətinləşdirir.

Üstəlik, onu mütləq nəzərə almaq lazımdır ki, son illərdə Türkiyə müdafiə sənayesində ciddi irəliləyiş əldə edib. Rəsmi Ankara regional hərbi-siyasi proseslərdə aktiv iştirak edib və Türkiyənin müstəqil geopolitik aktor kimi qəbul edilməsinə də nail olub. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yalnız NATO-nun cənub cinahını qoruyan ölkə deyil, həm də Avropa, Yaxın Şərq, Cənubi Qafqaz və Afrika arasında strateji güc mərkəzi olduğunu sübuta yetirməyi də bacarıb. Və bu səbəbdən də rəsmi Ankara Şərqi Aralıq dənizində geri çəkilmək niyyətində deyil.

Bütün bunlara paralel olaraq isə Kipr böhranı da son vaxtlar getdikcə, daha da təhlükəli geopolitik faktor xarakteri almağa başlayıb. Çünki bu ada artıq yalnız yunan və türk icmaları arasındakı tarixi münaqişə məkanı deyil. Yəni, Kipr adası hazırda enerji siyasəti, NATO strategiyası, Avropa təhlükəsizliyi və qlobal güclər arasında balansın kəsişdiyi strateji platformaya çevrilmək üzrədir.

Ona görə də, əgər, Fransa bölgədə öz hərbi iştirakını daha da genişləndirərsə, onda, Türkiyə-Yunanıstan geopolitik rəqabəti də sərt qarşıdurma mərhələsinə keçə bilər. Bu vəziyyətin isə yalnız Şərqi Aralıq dənizində deyil, ümumilikdə Avropa təhlükəsizlik sistemində ciddi böhran yarada biləcəyi qətiyyən istisna edilmir. Belə bir ssenari isə NATO daxilində görünməmiş siyasi gərginlik doğura, ABŞ-ın alyans üzərində nəzarət imkanlarını zəiflədə və Avropada yeni təhlükəsizlik bloklaşmalarını da sürətləndirə bilər.

Bu baxımdan, hazırda müşahidə olunan əsas reallıq isə ondan ibarətdir ki, qlobal geopolitik sistem sürətlə dəyişir. Bu dəyişikliklərə paralel olaraq, Şərqi Aralıq dənizi də XXI əsrin ən təhlükəli geopolitik qarşıdurma məkanlarından birinə çevrilmək üzrədir. Üstəlik, Türkiyənin Fransa və Yunanıstana verdiyi sərt mesajlar isə məhz bu böyük geopolitik savaşın artıq tədricən açıq müstəviyə keçməyə başladığını göstərir.musavat.com
Geri dön