Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri bütöv bir dövlət strategiyasıdır”

Azər Kərimli: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri bütöv bir dövlət strategiyasıdır”


Bu gün, 10:48. Yazar: azer
Azər Kərimli: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri bütöv bir dövlət strategiyasıdır”

“2020-ci ildə qazanılmış tarixi Zəfərin ən mühüm nəticələrindən biri işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən bərpa olunmasıdır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə və mayın 10-da Zəngilan şəhərinə köçən sakinlərlə görüşü də məhz bu prosesin artıq yeni mərhələyə keçdiyini nümayiş etdirir. Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər göstərir ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən siyasət yalnız tikinti layihəsi deyil, bütöv bir dövlət strategiyasıdır. Bu strategiyanın mərkəzində isə insan amili dayanır. Prezident İlham Əliyevin “Şükürbəyli kəndi tamamilə yenidən qurulub” fikri bir kəndin timsalında Azərbaycanın postmüharibə dövründə ortaya qoyduğu inkişaf modelini ifadə edir. İşğal dövründə tamamilə dağıdılmış yaşayış məntəqələrinin qısa müddətdə müasir standartlara uyğun şəkildə bərpası göstərir ki, Azərbaycan yalnız hərbi müstəvidə deyil, quruculuq sahəsində də böyük iradə və imkan nümayiş etdirir. Əslində, Şükürbəyli kəndi artıq keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının simvoluna çevrilir. Azərbaycan işğal dövründə dağıdılmış şəhər və kəndləri qısa müddətdə yenidən quraraq dünyaya fərqli inkişaf modeli təqdim edir. Zəngilanda məktəblərin, yaşayış məhəllələrinin, məscidlərin və infrastruktur layihələrinin inşası göstərir ki, Azərbaycan bu torpaqlara yalnız sahib kimi deyil, həm də qurub-yaradan dövlət kimi qayıdıb. Bu proses milli qürurun və dövlətçilik ənənələrinin mühüm göstəricisidir.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Millət vəkili dövlət başçısının kənddə yaradılan sosial infrastruktur barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini xüsusi qeyd edib: “Şükürbəyli kəndində inşa olunmuş məktəb, musiqi məktəbi, uşaq bağçaları, tibb məntəqəsi və müasir yaşayış evləri bir daha göstərir ki, dövlətin əsas məqsədi sadəcə insanları öz torpaqlarına qaytarmaq deyil, eyni zamanda onlar üçün yüksək həyat standartları formalaşdırmaqdır. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişaf konsepsiyasını da ortaya qoyur. Çünki müasir dövrdə bölgələrin inkişafı yalnız yaşayış evlərinin tikilməsi ilə ölçülmür. İnsanların təhsil, səhiyyə, məşğulluq və sosial rifah imkanları kompleks şəkildə təmin edilməlidir. Şükürbəyli kəndində yaradılmış şərait də məhz bu baxımdan yeni dövlət idarəçiliyi modelinin nümunəsidir. Prezident İlham Əliyevin “Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür” sözləri isə prosesin siyasi və mənəvi mahiyyətini açır. Uzun illər ərzində doğma torpaqlarından didərgin salınmış insanların geri qayıtması beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Azərbaycan xalqı otuz ilə yaxın müddətdə həm işğalın ağrılarını yaşadı, həm də məcburi köçkün həyatının çətinliklərini gördü. Bu gün isə həmin insanların öz yurdlarında dönüşü dövlətin qətiyyətli siyasətinin nəticəsi kimi reallığa çevrilir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.

Geri dön