Ana Sayfa > Siyasət > Gülər Sultanzadə: "Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilası və yüksəliş strategiyasının banisidir"
Gülər Sultanzadə: "Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilası və yüksəliş strategiyasının banisidir"Bu gün, 09:30. Yazar: azer |
![]() Tarixin müxtəlif dövrlərində xalqların taleyinə istiqamət verən böyük şəxsiyyətlər yetişir. Belə liderlər təkcə yaşadıqları zamanın deyil, gələcək nəsillərin də inkişaf yolunu müəyyən edən mühüm simalara çevrilirlər. Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən qüdrətli dövlət xadimlərindən biri məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun adı müasir Azərbaycan dövlətçiliyi, milli oyanış, siyasi sabitlik və davamlı inkişaf anlayışları ilə sıx bağlıdır. Ulu Öndərin fəaliyyəti yalnız müəyyən bir dövrü əhatə etməmiş, bütöv bir xalqın gələcəyini formalaşdıran böyük siyasi məktəb yaratmışdır. Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Müsahibimiz deyib ki, Ümummilli Lider Heydər Əliyevin ömür yolu zəhmətin, qətiyyətin və xalqa xidmətin parlaq nümunəsidir. 1923-cü il mayın 10-da Naxçıvan şəhərində dünyaya gələn Heydər Əliyev hələ gənclik illərindən yüksək intellekti və təşkilatçılıq bacarığı ilə seçilmişdir. Təhlükəsizlik orqanlarında başladığı fəaliyyət ona dövlət idarəçiliyinin ən mürəkkəb sahələrini dərindən mənimsəmək imkanı yaratmışdır. Sonrakı illərdə SSRİ miqyasında ən nüfuzlu siyasi simalardan birinə çevrilməsi onun liderlik qabiliyyətinin və böyük istedadının göstəricisi idi. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Ulu Öndər Heydər Əliyev ölkənin tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin dövrdə Azərbaycan iqtisadi və sosial göstəricilər baxımından geridə qalan respublikalardan hesab olunurdu. Onun uzaqgörən siyasəti nəticəsində qısa müddətdə ciddi iqtisadi irəliləyiş əldə olundu. Yeni sənaye müəssisələri fəaliyyətə başladı, kənd təsərrüfatında məhsuldarlıq yüksəldi, bölgələrin inkişafına xüsusi diqqət ayrıldı. Respublikanın siması dəyişdi və Azərbaycan keçmiş ittifaq məkanında ön sıralara yüksəldi. Bu inkişaf yalnız iqtisadi göstəricilərlə məhdudlaşmırdı. Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan dilinin və mədəniyyətinin inkişafına böyük həssaslıqla yanaşırdı. O, milli ruhun zəifləməsinə imkan vermədi, xalqın öz tarixi köklərinə bağlılığını daha da möhkəmləndirdi. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi gələcək müstəqil Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynadı. 1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən siyasi proseslər fonunda Azərbaycan ciddi təhdidlərlə üzləşmişdi. Ermənistanın ərazi iddiaları, Dağlıq Qarabağda separatizmin gücləndirilməsi və mərkəzi hakimiyyətin ədalətsiz siyasəti xalqın gələcəyini təhlükə altına salmışdı. Belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev prinsipial mövqeyi ilə fərqləndi. O, SSRİ rəhbərliyinin anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi və daha sonra Kommunist Partiyasını tərk etdi. Bu addım onun siyasi iradəsinin və milli maraqlara sarsılmaz bağlılığının nümunəsi idi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvada verdiyi tarixi bəyanat Azərbaycan xalqının haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Sovet imperiyasının ən sərt dönəmində xalqına qarşı törədilən cinayəti açıq şəkildə pisləmək böyük cəsarət tələb edirdi. Ulu Öndər həmin çıxışı ilə milli ləyaqətin və siyasi qətiyyətin rəmzinə çevrildi. 1990-cı ildə Azərbaycana qayıdan Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətini Naxçıvan Muxtar Respublikasında davam etdirdi. Həmin dövrdə Naxçıvan ağır blokada və təhlükə şəraitində yaşayırdı. Lakin onun uzaqgörən siyasəti nəticəsində muxtar respublika qorundu, dövlətçilik ənənələri yaşadıldı. Məhz onun təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə dövlət bayrağı kimi rəsmi şəkildə qəbul olundu. Bu addım müstəqillik ideyasının siyasi təzahürü idi. 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın etimadını qazandı və milli həmrəyliyin əsas siyasi dayağına çevrildi. Partiyanın ətrafında birləşən ziyalılar və vətənpərvər insanlar Azərbaycanın gələcəyini məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursda görürdülər. 1993-cü ildə ölkədə hökm sürən xaos, hakimiyyət böhranı və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi şəkildə təhdid edirdi. Belə bir taleyüklü məqamda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyi xilas etdi. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, nizami ordu quruculuğuna start verildi, dövlət institutları formalaşdırıldı və qanunçuluq təmin edildi. 1994-cü ildə əldə olunan atəşkəs Azərbaycanın gələcək inkişaf strategiyası üçün mühüm imkan yaratdı. Bunun ardınca Ulu Öndər iqtisadi dirçəlişi təmin etmək məqsədilə qlobal enerji layihələrinin həyata keçirilməsinə başladı. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm mövqe qazanmasına səbəb oldu. Bu müqavilə yalnız iqtisadi əhəmiyyət daşımırdı, eyni zamanda ölkənin siyasi müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından strateji rol oynayırdı. Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğuna da xüsusi önəm verirdi. Onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası demokratik idarəçilik prinsiplərini müəyyən etdi. İnsan hüquqları, hakimiyyət bölgüsü və vətəndaş azadlıqları dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 1998-ci ildə senzuranın ləğvi ölkədə azad mətbuatın inkişafı üçün geniş imkanlar açdı. Ulu Öndərin fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanların sosial vəziyyətinin yaxşılaşdırılması daim onun diqqət mərkəzində olmuşdur. Yeni yaşayış məntəqələrinin salınması, sosial proqramların həyata keçirilməsi və beynəlxalq təşkilatların diqqətinin bu problemə yönəldilməsi Ulu Öndər Heydər Əliyevin humanist siyasətinin mühüm təzahürlərindən idi. Ulu Öndər həm də güclü diplomat və böyük natiq idi. Onun çıxışları dərin məntiqi, siyasi uzaqgörənliyi və konkretliyi ilə seçilirdi. Dünyanın müxtəlif tribunalarından Azərbaycan həqiqətlərini inamla müdafiə edir, ölkəmizin maraqlarını yüksək peşəkarlıqla qoruyurdu. Elə buna görə də o, dünya siyasətində böyük nüfuza malik nadir liderlərdən biri kimi qəbul olunurdu. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyalarının işığında inkişafını davam etdirir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində ölkəmiz regionun ən güclü dövlətinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ədaləti bərpa edərək 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı, 2023-cü ildə isə dövlətimizin suverenliyi tam şəkildə təmin olundu. İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı və Qarabağın dirçəldilməsi Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının təntənəsidir. Bu gün Azərbaycan yalnız qalib dövlət deyil, eyni zamanda regionda sülhün, əməkdaşlığın və sabitliyin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi irsinin yaşadığını və Azərbaycanın gələcəyinə işıq salmağa davam etdiyini bir daha təsdiqləyir- deyə Gülər Sultanzadə fikirlərini yekunlaşdırıb. Geri dön |