Ana Sayfa > Siyasət > Heydər Əliyev İrsi: Müasir Azərbaycan Dövlətçiliyinin Memarı

Heydər Əliyev İrsi: Müasir Azərbaycan Dövlətçiliyinin Memarı


Bu gün, 10:43. Yazar: azer
Heydər Əliyev İrsi: Müasir Azərbaycan Dövlətçiliyinin Memarı

XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycanın siyasi tarixindən bəhs edərkən adı xüsusi qeyd edilən şəxsiyyətlərdən biri Heydər Əliyev olmuşdur. Onun fəaliyyəti yalnız müəyyən bir dövrün siyasi idarəçiliyi ilə məhdudlaşmamış, həm də Azərbaycan dövlətçiliyinin formalaşması, milli-mənəvi dəyərlərin qorunması və müstəqil dövlətin inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə xarakterizə olunmuşdur. Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkə daxilində və onun hüdudlarından kənarda yüksək səviyyədə qeyd edilir, siyasi irsi və dövlətçilik konsepsiyası geniş təhlil olunur.

1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olan Heydər Əliyev erkən yaşlarından intizamı, yüksək təşkilatçılıq qabiliyyəti və idarəetmə bacarığı ilə seçilmişdir. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, daha sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Lakin İkinci Dünya müharibəsinin başlanması onun ali təhsilini yarımçıq qoymuşdur. 1941-ci ildən dövlət strukturlarında fəaliyyətə başlayan Heydər Əliyev sonradan təhlükəsizlik orqanlarında mühüm vəzifələrdə çalışmış, 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş və general-mayor rütbəsinə yüksəlmişdir.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyinə gətirilməsi ölkənin ictimai-siyasi və iqtisadi həyatında dönüş nöqtəsi hesab edilir. Həmin dövrdə Azərbaycanda sənayeləşmə sürətlənmiş, kənd təsərrüfatı inkişaf etmiş, yeni zavod və fabriklər istifadəyə verilmişdir. Respublikanın İttifaq səviyyəsində nüfuzu yüksəlmiş, milli kadr siyasəti gücləndirilmişdir. Xüsusilə azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi gələcək milli elitanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşımışdır. Bu siyasət sonradan müstəqil Azərbaycanın idarəçilik potensialının əsas dayaqlarından birinə çevrilmişdir.

Heydər Əliyevin rəhbərliyi dövründə milli özünüdərk prosesinin güclənməsi də xüsusi diqqət çəkirdi. Sovet ideoloji sisteminin sərt çərçivələrinə baxmayaraq, Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin inkişafına geniş imkanlar yaradılmışdır. Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinə dövlət səviyyəsində diqqətin artırılması milli şüurun formalaşmasına ciddi təsir göstərmişdir. Bu dövrdə Bakının siması dəyişmiş, paytaxtla yanaşı bölgələrin sosial inkişafına da xüsusi diqqət ayrılmışdır.

1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlməsi Onun siyasi fəaliyyətinin beynəlxalq miqyasda tanınmasının göstəricisi idi. O, SSRİ rəhbərliyində təmsil olunan azsaylı türk-müsəlman siyasətçilərdən biri olmuşdur. Lakin 1987-ci ildə vəzifədən uzaqlaşdırılması ilə siyasi fəaliyyətində yeni mərhələ başlandı. Bunun ardınca SSRİ-də dərin siyasi böhran yaranmış, milli münaqişələr güclənmişdir.

1990-cı ilin 20 Yanvar faciəsi Heydər Əliyevin siyasi mövqeyinin xalq tərəfindən daha aydın şəkildə qiymətləndirilməsinə səbəb oldu. Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələrdən sonra o, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyini açıq şəkildə ittiham etmişdir. Bu çıxış həmin dövrdə böyük siyasi risk hesab olunurdu. Çünki Sovet sisteminə qarşı açıq mövqe nümayiş etdirmək ciddi təzyiqlərlə nəticələnə bilərdi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycan xalqının yanında olduğunu nümayiş etdirdi.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə siyasi böhran, iqtisadi tənəzzül və hərbi qarşıdurmalar hökm sürürdü. 1993-cü ildə vəziyyət daha da gərginləşmiş, vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Belə bir şəraitdə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü ildə Onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi tarixində dönüş nöqtəsinə çevrildi. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət institutlarının formalaşdırılması prosesi sürətləndirildi. Ölkədə ictimai-siyasi sabitlik təmin edildi, ordu quruculuğuna başlanıldı və hüquqi dövlət prinsiplərinin əsası qoyuldu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlətçilik tarixində mühüm hadisə idi. Yeni Konstitusiya hakimiyyət bölgüsü, hüquqi dövlət və vətəndaş hüquqları prinsiplərini özündə ehtiva edirdi.

Heydər Əliyevin fəaliyyətində iqtisadi strategiya xüsusi yer tuturdu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji siyasətində yeni mərhələ yaratdı. Xarici neft şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi ölkəyə iri həcmdə investisiyaların cəlb olunmasına imkan verdi. Bu layihə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi və ölkənin geosiyasi əhəmiyyətini artırdı. Məhz həmin dövrdən etibarən Azərbaycan regional enerji layihələrinin əsas iştirakçılarından birinə çevrildi.

Xarici siyasətdə balanslaşdırılmış strategiyanın həyata keçirilməsi də Heydər Əliyevin mühüm siyasi uğurlarından hesab olunur. O, həm Qərb dövlətləri, həm də regional güclərlə münasibətlərin qorunmasına çalışmışdır. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, xarici investisiyaların təşviqi və ölkənin beynəlxalq nüfuzunun artırılması bu siyasətin əsas istiqamətlərindən olmuşdur.

Heydər Əliyevin siyasi irsində milli birlik ideyası xüsusi yer tutur. O, dəfələrlə vurğulayırdı ki, dövlətin gücü yalnız iqtisadi və hərbi potensialla deyil, xalqın birlik və həmrəyliyi ilə ölçülür. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı milli kimlik anlayışının siyasi ideologiyaya çevrilməsinin simvolu hesab olunur.

Bu gün Azərbaycanın siyasi və iqtisadi inkişaf modelindən danışarkən Heydər Əliyevin formalaşdırdığı dövlətçilik konsepsiyasını nəzərə almamaq mümkün deyil. Onun müəyyən etdiyi strateji kurs yalnız bir dövrün siyasi proqramı deyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən fundamental idarəçilik modeli kimi qiymətləndirilir. Dövlət müstəqilliyinin qorunması, milli maraqların üstün tutulması, güclü iqtisadiyyatın qurulması və milli birliyin təmin edilməsi ideyaları bu siyasətin əsas sütunlarını təşkil etmişdir. Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətdə həmin strateji xəttin davamlılığı açıq şəkildə müşahidə olunur. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, regional enerji və nəqliyyat layihələrində aparıcı mövqeyinin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlətçilik siyasətinin praktik nəticələri kimi diqqət çəkir. Bütün bunlar göstərir ki, güclü dövlət yalnız müəyyən bir zamanın uğuru ilə deyil, gələcək nəsillər üçün formalaşdırılmış sağlam siyasi və mənəvi təməllərlə yaşayır. Heydər Əliyevin irsi də məhz bu baxımdan yalnız keçmişin siyasi yaddaşı deyil, həm də Azərbaycanın gələcəyinə istiqamət verən strateji düşüncə məktəbidir. Bugünkü nəsil üçün əsas vəzifə bu dövlətçilik ənənəsini qorumaq, inkişaf etdirmək və milli maraqları hər zaman üstün tutaraq daha güclü Azərbaycan naminə məsuliyyətlə fəaliyyət göstərməkdir. Azərbaycanın keçdiyi yol göstərir ki, milli birlik, uzaqgörən siyasət və xalqın dövlətinə inamı qorunduqca ölkənin gələcəyi ilə bağlı nikbin olmaq üçün kifayət qədər ciddi əsaslar mövcuddur.

Yengibar Əliyev
ARETN-nin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri



Geri dön