Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: "Ulu Öndər Heydər Əliyev Qurtuluşdan Zəfərə gedən yolun müəllifi, müasir Azərbaycan dövlətçiliyinin memarı və xilaskardır "
Eltun Süleymanov: "Ulu Öndər Heydər Əliyev Qurtuluşdan Zəfərə gedən yolun müəllifi, müasir Azərbaycan dövlətçiliyinin memarı və xilaskardır "Bu gün, 10:17. Yazar: azer |
![]() Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti bütöv bir millətin taleyini dəyişmiş, dövlətin gələcək inkişaf istiqamətini müəyyən etmişdir. Bu baxımdan müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev xüsusi yer tutur. Onun zəngin siyasi fəaliyyəti, uzaqgörənliyi, qətiyyəti və milli maraqlara əsaslanan dövlətçilik konsepsiyası Azərbaycan tarixinin ən mühüm mərhələlərinin formalaşmasında həlledici rol oynamışdır. Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, 1923-cü il mayın 10-da Naxçıvan şəhərində dünyaya göz açan Ulu Öndər Heydər Əliyev gənc yaşlarından yüksək intellekti, idarəçilik qabiliyyəti və vətənə bağlılığı ilə seçilmişdir. 1944-cü ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Ulu Öndər qısa müddətdə böyük peşəkarlıq nümayiş etdirərək mühüm vəzifələrə yüksəlmiş, 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunmuş və general-mayor rütbəsi almışdır. Onun həm təhlükəsizlik sahəsindəki fəaliyyəti, həm də geniş dünyagörüşü sonrakı siyasi liderliyinin əsasını təşkil etmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın həyatında tamamilə yeni mərhələ başladı. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ məkanında iqtisadi göstəricilərinə görə geridə qalan respublikalardan biri idi. Lakin Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində qısa müddətdə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük dönüş yarandı. Respublikada yüzlərlə sənaye müəssisəsi yaradıldı, kənd təsərrüfatında məhsuldarlıq artdı, minlərlə gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Ulu Öndər milli kadr hazırlığına xüsusi diqqət yetirərək gələcək müstəqil Azərbaycanın peşəkar idarəçi və ziyalı nəslinin formalaşmasına nail oldu. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri də milli dövlətçilik ənənələrinin qorunması idi. Hələ sovet dövründə milli ruhun yaşadılması, Azərbaycan dilinin inkişaf etdirilməsi, tariximizin və mədəniyyətimizin təbliği onun siyasətinin əsas prioritetlərindən olmuşdur. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunması Ulu Öndərin milli dövlətçilik ideallarına sadiqliyinin parlaq nümunəsi idi. Sonralar həmin bayraq müstəqil Azərbaycanın rəsmi dövlət rəmzinə çevrildi. 1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi proseslər və erməni separatizminin güclənməsi fonunda Ulu Öndər Heydər Əliyev daim xalqının yanında oldu. 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinin törətdiyi qanlı cinayəti açıq şəkildə ittiham etməsi onun böyük siyasi cəsarətinin və milli mövqeyinin təcəssümü idi. O dövrdə belə bir bəyanat vermək həyatını ciddi təhlükə altına qoymaq demək idi. Lakin Ulu Öndər Heydər Əliyev xalqının haqq səsini dünyaya çatdırmaqdan çəkinmədi. 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasını tərk etməsi də onun prinsipial və qətiyyətli mövqeyinin göstəricisi idi. O, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı ikili standartlarını qəbul etmədi və xalqın milli maraqlarını hər şeydən üstün tutdu. E.Süleymanov onu da bildirib ki, 1990-cı ildə Vətənə qayıdan Ulu Öndər Heydər Əliyev Naxçıvanda fəaliyyətini davam etdirərək bölgəni ağır təhlükələrdən qorudu. 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyəti dövründə muxtar respublikanın təhlükəsizliyinin təmin olunması, dövlət atributlarının tətbiqi və idarəçilik sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atdı. 1992-ci ildə onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük dəstəyini qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə Azərbaycanda dərin siyasi böhran, vətəndaş qarşıdurması və dövlətçiliyin dağılması təhlükəsi yaranmışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Ulu Öndər Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu tarix sonradan Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə yazıldı. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi və parçalanmaq təhlükəsi aradan qaldırıldı. 1994-cü ildə Ermənistanla atəşkəsin əldə olunması Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı. Həmin dövrdə iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğu və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Elə həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının əsasını qoydu. Bu müqavilə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, xarici sərmayələrin cəlb olunmasına və iqtisadi inkişafın təmin edilməsinə geniş imkanlar açdı. Ulu Öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna da xüsusi önəm verirdi. Onun rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Hakimiyyət bölgüsü prinsipi, insan hüquq və azadlıqlarının təminatı, hüquqi dövlət quruculuğu kimi mühüm prinsiplər məhz bu Konstitusiyada öz əksini tapdı. 1998-ci ildə senzuranın ləğvi haqqında fərman isə Azərbaycanda söz və mətbuat azadlığının inkişafında mühüm dönüş nöqtəsi oldu. Ulu Öndərin fəaliyyətində ordu quruculuğu da mühüm yer tuturdu. Hələ 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması gələcək milli zabit korpusunun formalaşmasına xidmət edirdi. Sonrakı illərdə hərbi təhsil sisteminin inkişafı, peşəkar ordunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın müdafiə qüdrətinin əsasını təşkil etdi. Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsinin mərkəzində Azərbaycançılıq ideologiyası dayanırdı. Bu ideologiya milli birliyi, dövlətə sədaqəti, vətənpərvərliyi və milli-mənəvi dəyərlərin qorunmasını özündə birləşdirirdi. Ulu Öndər xalqın milli özünüdərkinin gücləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdi. Onun müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı və öz mövqeyini möhkəmləndirdi. Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan son illərdə tarixinin ən qüdrətli dövrünü yaşayır. 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi, 2023-cü ildə isə ölkəmizin suverenliyi tam bərpa olundu. Bununla da Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri gerçəkləşdi, ata vəsiyyəti layiqincə yerinə yetirildi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Azərbaycanın bölgədə yaratdığı yeni siyasi reallıqlar, güclənən beynəlxalq nüfuzu və sülh təşəbbüsləri ölkəmizin gələcəyə inamla irəlilədiyini göstərir. Bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin davamlılığının və dövlətçilik strategiyasının parlaq təntənəsidir-deyə Eltun Süleymanov fikirlərini yekunlaşdırıb. Geri dön |