Ana Sayfa > Karusel / Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar4 > Sabir Rüstəmxanlı yaradıcılığında Vətən və Zaman konteksti

Sabir Rüstəmxanlı yaradıcılığında Vətən və Zaman konteksti


Bu gün, 09:55. Yazar: Semsi
Sabir Rüstəmxanlı yaradıcılığında Vətən və Zaman konteksti
II yazı


Sabir Rüstəmxanlının poeziya dünyası sadəcə sözlərin bədii düzümü deyil, o, bir millətin taleyinin, ağrısının və mənəvi ucalığının poetik xəritəsidir. Müəllifin yaradıcılığında zaman anlayışı mexaniki bir məfhum olmaqdan çıxaraq, insanın ruhundan süzülüb keçən və onu saflaşdıran bir süzgəcə çevrilir. Şair "Zaman məndən keçir" deyərkən özünü sadəcə bir müşahidəçi kimi deyil, dünənlə sabahı birləşdirən mənəvi bir körpü, tarixin bütün yükünü öz varlığında daşıyan bir bənd kimi təqdim edir. Bu yanaşmada zaman şairin içində durulur, fərdi ömür xalqın ümumi yaddaşı ilə qovuşaraq əbədiləşir. Şair "Günəş doğmazdan qabaq" əsərində zamanı "alatoran intizar" kimi təsvir edərək, gecənin qaranlığının qanadlarını yığacağı anı böyük bir həyəcanla gözləyir. Bu misralarda zamanın "dəmirçi kömürünə" bənzədilməsi göstərir ki, şair üçün gələcək azadlıq göydən asanlıqla düşməyəcək, o, böyük bir yanğı və zəhmətlə yoğrulacaqdır:

Dəmirçi kömüründən alov yüksəldiyitək,
Qızıl günəş doğacaq, açılacaq səhərim.
Alatoran intizar qəlbimi tərk edəcək,
Şəfəqə bürünəcək mürgülü üfüqlərim.


Vətən mövzusu isə Sabir Rüstəmxanlı misralarında coğrafi hüdudları aşaraq müqəddəs bir sevgi və bütövlük fəlsəfəsinə çevrilir. Müəllif vətəni insanın hər yerdən dönüb sığındığı bir ana yurd kimi uca tutur. Onun poeziyasında Arazın tikanlı məftilləri sadəcə bir sərhəd deyil, millətin parçalanmış taleyinin ən yaralı yeri, qövr edən ağrısıdır. Bu coğrafiya şairin misralarında gah itirilmiş torpaqların nisgili, gah da bütöv bir məmləkətin vüqarı kimi boy göstərir. Müəllif Vətəni zamanın süzgəcindən keçirərək, onu həm dünənin mirası, həm də sabahın ümidi kimi bədii müstəviyə gətirir. "Torpaq şırımı" şeirində vətənin parçalanmış taleyi elə bir bədii obrazla verilir ki, burada torpaq sadəcə qum deyil, dirilik və ölümün mənəvi sərhədidir:

Bu torpaq şırımı - bir sinə daşı,
Bu üzündə ruhdu, o üzündə can.
Torpaq da torpağı parçalayarmı,
Qardaşı qardaşdan ayırarmı heç?!


Bu "sinə daşı" obrazı millətin iki yerə bölünmüş varlığının ən ağır bədii ifadəsidir. Şair Bakının küçələrini gəzərkən belə bu mənəvi coğrafiyanı siyasi xəritələrdən üstün tutur və Təbriz həsrəti ilə yandığını bildirir:

Keçirəm Moskva prospektindən,
Təbriz xiyabanı həsrətiylə mən!...


Torpağın fiziki olaraq parçalanması şairi nə qədər göynətsə də, o, bu faciənin qarşısında sarsılmaz bir mənəvi qala tapır ki, bu da ana dilidir. "Sağ ol, ana dilim" şeirində dil sadəcə ünsiyyət vasitəsi deyil, bütövlüyün yeganə təminatçısı kimi çıxış edir:

Döyüşdə qılınctək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.




Müəllifin nəzərində ana dilinin kəlmələri Araz sərhədini qıran sarsılmaz qüvvələrdir və bu sərhədi heç bir siyasi xəritə saxlaya bilməz. Şair bəyan edir ki, hətta cismi dünyadan köçsə belə, ruhu məhz bu mənəvi vətənə tapşırılacaqdır:

Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam!


İnsan varlığının ən ağır məqamı olan ölüm mövzusu da şairin lirik-fəlsəfi təfəkküründə qorxulu bir son kimi deyil, bir idrak mərhələsi kimi verilir. Müəllif ölümü "sonuncu qapı" kimi mənalandıraraq, həyatın müvəqqətiliyini və insanın torpaqdan başlayıb Tanrıya ucalan sonsuz yolçuluğunu tərənnüm edir. "Xəbər gözləyirəm" əsərində ölümü "ümidin son nidası" kimi təsvir edərək, hətta o son məqamda belə vətəndən gələcək bir zəfər müjdəsinin həsrətini çəkir:

Lap elə ümidin son nidasında,
Lap elə ölümün astanasında
O axtara məni, o tapa məni.


Sabir Rüstəmxanlı poeziyasının ana xəttini təşkil edən milli azadlıq ideyası onun sarsılmaz rəmzlər sistemində öz bədii ifadəsini tapır. Müəllif "Azadlıq" şeirində bu müqəddəs məfhumun artıq bir bəzək olmadığını, dünyada hər şeydən baha başa gələn bir bədəl olduğunu vurğulayır:

O qızıl laləyə bənzəmir daha,
Köksünü bəzəyə təbəssümlə, şən.
Azadlıq dünyada hər şeydən baha,
Güllə yarasıdır sinəni deşən!


"Qan yaddaşı" isə milləti öz kökünə, tarixinə qaytaran mənəvi bir işıq rolunda çıxış edərək oxucunu həm keçmişin acı dərslərini unutmamağa, həm də gələcəyin azadlıq üfüqlərinə doğru inamla addımlamağa çağırır. Şair inanır ki, Araz qırağında üzü güneyə dayanan, dilində "qardaş" harayı olan "Şair heykəli" millətin sönməyən ümidinin ən böyük rəmzidir. Bu mübarizə dolu yolda şair öz mənəvi gücünü həm də fərdi təkliyində tapır:

Ay-tək, Günəş tək, Mən - tək!
Yaşayacağıq çiyin-çiyinə.



Şair özünü "Yurdumun qisməti" şeirində "ildırım vurmuş ağaca" bənzədərək, taleyi bölünmüş bir xalqın həm ağrısını, həm də sarsılmaz müqavimətini öz varlığında birləşdirir. "Həsrətindəyəm" əsərində isə bu ruhu belə ifadə edir:

Mənə qanad verin, mənə güc verin,
Qüdrətim göylərdən dərindir, dərin.
Ən çətin işlərə məni göndərin,
Çalışmaq, çalışmaq həsrətindəyəm.




Nəhayət, müəllif "Tərcüməçimə" şeirində özünü və yaradıcılığını heç bir dar çərçivəyə sığdırmır, siyasi xəritələrdəki "azlıq" və "əyalət" anlayışlarını rədd edərək öz istəyi, sözü və ruhu ilə yurdunun bölünməz xəritəsi olduğunu bəyan edir. Sabir Rüstəmxanlı yaradıcılığında Vətən və Zaman anlayışları bir-birini tamamlayan, xalqın varlığını təsdiqləyən iki əsas sütun kimi çıxış edir. "Ömür kitabı"ndan başlayaraq müəllif zamanın amansız axınını milli yaddaşın bərpasına xidmət etdirir. Onun yaradıcılığında zaman donub qalmış bir tarix deyil, daim hərəkətdə olan, milləti özünüdərkə və azadlığa səsləyən canlı bir qüvvədir. Vətən və Zaman kontekstinin kəsişməsində isə "Bütöv Azərbaycan" ideyası dayanır. Rüstəmxanlı zamanın fərqli kəsiklərini — Səfəvilər dövrünün əzəmətini, xanlıqlar dövrünün pərakəndəliyini və müasir müstəqillik dövrünün çətinliklərini bir araya gətirərək vahid bir Vətən obrazı yaradır.

Milli ruhumuzun sönməz məşəli, istiqlal mübarizəmizin yenilməz qələmi və çağdaş ədəbiyyatımızın canlı əfsanəsi Sabir Rüstəmxanlının 80 illik yubiley zirvəsi bütövlükdə xalqımızın mənəvi bayramıdır! Ömrünü Vətən coğrafiyasının bütövlüyünə, millətin tarixi yaddaşının bərpasına və azadlıq idealının təntənəsinə həsr edən bu ustad sənətkar, hər misrası ilə Azərbaycanın taleyini kağıza köçürən bir zaman carçısıdır.
Səksən illik şərəfli bir yolun ucalığında dayanan fədakar şairimizə, millətin "Ömür kitabı"nı qan yaddaşımızla yenidən yazan böyük mütəfəkkirimizə möhkəm can sağlığı və yeni bədii fəthlər arzulayırıq; qoy sizin ulu sözünüz hələ neçə-neçə nəsillərin yoluna işıq saçsın, hər zaman var olun, Ustad!

Şəmsi Qoca
Geri dön