Ana Sayfa > Karusel / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Şükürbəylidə ədalətin təntənəsi Böyük Qayıdışın yeni Zəfər səhifəsidir

Şükürbəylidə ədalətin təntənəsi Böyük Qayıdışın yeni Zəfər səhifəsidir


Dünən, 21:00. Yazar: Semsi
Şükürbəylidə ədalətin təntənəsi Böyük Qayıdışın yeni Zəfər səhifəsidir

Əziz Ələkbərli
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Qarabağ və Şərqi Zəngəzur bu gün özünün ən möhtəşəm tarixi dövrünü yaşayır, hər qarış torpağı nəhəng bərpa və quruculuq meydanına çevrilir. Otuz illik dağıntıların izlərini silən bu misilsiz dirçəliş prosesi dövlətimizin başçısının birbaşa diqqəti, sarsılmaz iradəsi və xüsusi qayğısı sayəsində hər gün yeni bir zəfər səhifəsi yazır. Azad edilən hər kənd, ucaldılan hər bir yeni mənzil Azərbaycanın iqtisadi qüdrətinin və dövlət rəhbərinin öz xalqına verdiyi müqəddəs vədin real təzahürüdür.

Mayın 9-da Cəbrayılın Şükürbəyli kəndi illərdir köksündə daşıdığı həsrətin son akkordlarını yaşadı. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu kəndə köçən sakinlərlə görüşü sadəcə bir rəsmi tədbir deyil, ədalətin, milli qürurun və dirçəlişin simfoniyası idi. İşğal dövründə yağı tapdağı altında bir daşı belə salamat qalmayan bu qədim yurd yeri, indi öz doğma sahiblərini müasir və yaraşıqlı mənzərəsi ilə qarşılayır.

Dövlətimizin başçısı görüşdəki çıxışında Şükürbəylinin tamamilə yenidən qurulduğunu vurğulayaraq, keçmiş məcburi köçkünlərə verdiyi vədi tutmağın qürurunu dilə gətirdi:
"Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük."

Həqiqətən də, bu gün Şükürbəyli təkcə evlərdən ibarət deyil; bura məktəbi, musiqi məktəbi, bağçaları və tibb məntəqəsi ilə gələcəyə boylanan bütöv bir həyat mərkəzidir. İlk mərhələdə ucaldılan 635 ev hələ başlanğıcdır. Köçmək istəyən 900-dən çox ailə üçün kəndin ikinci mərhələsinin də inşası nəzərdə tutulur. Çünki Prezidentin dediyi kimi, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir.

Bu qayıdış həm də iqtisadi və strateji dirçəlişin rəmzidir. Şükürbəyli sakinlərinin məşğulluğu üçün kənd təsərrüfatı ilə yanaşı, yaxınlıqdakı 200 hektarlıq “Araz Vadisi” Sənaye Zonası da qapılarını açır. Azad edilmiş torpaqlarda qurulan cəmi iki sənaye zonasından birinin məhz burada olması rayonun gələcək logistik və sənaye gücündən xəbər verir.

Cəbrayıl həm də bölgəni işıqlandıracaq nəhəng enerji qovşağına çevrilir. İnşa edilən 340 meqavatlıq üç Günəş elektrik stansiyası bu torpaqların təbii potensialını ümumi şəbəkəyə bağlayır. Dövlət başçısı bu nəhəng quruculuğu xalqımızın xarakteri ilə eyniləşdirir:
"Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq..."


Dünənin ensiz, Araz boyu uzanan cığırları bu gün yerini Zəngəzur dəhlizinin bir parçası olan, Ermənistan sərhədinə qədər uzanan dördzolaqlı möhtəşəm beynəlxalq yola verib. Bu yollar təkcə nəqliyyat dəhlizi deyil, həm də gənc nəslin qəlbindəki qürur yollarıdır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan bu yeni tarix, Şükürbəyli kəndinin timsalında Qarabağın və Şərqi Zəngəzurun əbədi olaraq nura boyandığını sübut edir. Bu, sadəcə bir kəndin deyil, bütöv bir millətin mənəvi coğrafiyasının yenidən bərpasıdır.

Şükürbəylidə alovlanan bu yeni həyat ocağı, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularının və müqəddəs ideyalarının gerçəkləşməsinin canlı sübutudur. Ulu Öndərin "Biz mütləq Qarabağa qayıdacağıq" sarsılmaz inamını və siyasi vəsiyyətini böyük uğurla, qətiyyətlə həyata keçirən möhtərəm Prezidentimiz, bu gün dağılmış yurdlarımızı cənnətə çevirir. Bu tarixi qayıdış həm dahi rəhbərin ruhunu şad edir, həm də onun dövlətçilik xəttinin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əbədi və sarsılmaz qələbələrlə davam etdiyini bütün dünyaya nümayiş etdirir.
Geri dön