Ana Sayfa > Ölkə > İsmayıllıda tarixi qalanı dağıdanlar sərbəst buraxıldı - Qızıl ovçularını kim himayə edir?

İsmayıllıda tarixi qalanı dağıdanlar sərbəst buraxıldı - Qızıl ovçularını kim himayə edir?


Dünən, 22:04. Yazar: vasif
İsmayıllıda tarixi qalanı dağıdanlar sərbəst buraxıldı - Qızıl ovçularını kim himayə edir?


İsmayıllı Rayon Məhkəməsində ölkənin ən qalmaqallı mədəni irs cinayətlərindən biri ilə bağlı qərar çıxarılıb.

Musavat.com xəbər verir ki, İsmayıllı rayonu ərazisində yerləşən, IX-XII əsrlərə aid tarixi Niyal qalası ərazisində qanunsuz qazıntılar aparmaqda, şahların qızıllarını axtarmaqda və abidəyə ciddi ziyan vurmaqda ittiham olunan şəxslərlə bağlı cinayət işinə xitam verilib. Beləliklə, aylarla tarixi qalada düşərgə quran, səngərlər qazdıran, ağır texnika və metal detektorları ilə xəzinə ovuna çıxan şəxslər məhkəmə zalından sərbəst buraxılıblar.

Musavat.com-un əldə etdiyi məlumata görə, söhbət illərdir müxtəlif bölgələrdə “qızıl ovçuları” kimi tanınan şəxslərdən gedir.

İstintaq materiallarında qeyd olunur ki, Namiq Şahmalıyev və Sabit Novruzov qabaqcadan əlbir olaraq Niyal qalasının Qərb bürcü hissəsində qanunsuz qazıntılar aparıblar. Qazıntılar zamanı qala divarlarına və müşahidə məntəqəsinə ciddi ziyan vurulduğu müəyyən edilib.

Ötən il Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aşkarlanan fakt üzrə cinayət işi başlanılmışdı. Lakin uzun müddət davam edən məhkəmə prosesinin yekununda işə xitam verilməsi təəccüb və təəssüf yaradıb. Tarixçilərin fikrincə, burada söhbət sıradan bir tikilidən getmir. Niyal qalası Şirvanın şahlarının orta əsr müdafiə sisteminin mühüm hissələrindən biri hesab olunur. Qala Lahıc-Basqal istiqamətində strateji yüksəklikdə yerləşir və IX-XII əsrlərdə bölgəni nəzarətdə saxlamaq məqsədilə istifadə olunub. Həmin dövrdə Azərbaycan ərazisində Şirvanşahlar dövləti hakim idi. IX əsrdən etibarən güclənən Şirvanşahlar Xəzərdən dağlıq ərazilərə qədər geniş ticarət yollarına nəzarət edir, böyük sərvətlər toplayırdılar. Şamaxı, Bakı və Şirvanın digər şəhərləri İpək Yolunun əsas ticarət mərkəzlərindən sayılırdı. Ərəb və fars mənbələrində Şirvan hökmdarlarının qızıl, gümüş və qiymətli əşyalarla zəngin xəzinələrə sahib olduqları qeyd olunur.

Məhz buna görə illərdir bölgədə Şirvanşahların gizli xəzinələri, şah qızılları, qala altındakı tunellər barədə saysız-hesabsız əfsanələr dolaşır. “Qızıl ovçuları” da məhz bu miflərin arxasınca düşərək tarixi abidələri dağıdırlar.

Mənbələrin bildirdiyinə görə, Niyal qalasında qazıntı aparan şəxslər əvvəllər Babaratma türbəsi ərazisində də qanunsuz qazıntılar zamanı saxlanılmışdılar. Onların müxtəlif bölgələrdə metal detektorları ilə axtarış apardıqları, bəzi hallarda isə insanlardan xəzinə layihələri adı altında pullar topladıqları iddia edilir.

Ekspertlər hesab edirlər ki, bu qərar Azərbaycanda mədəni irsin qorunması sahəsində təhlükəli presedent yarada bilər. Çünki ilk dəfədir ki, dövlət tərəfindən qorunan orta əsr qalasının dağıdılması ilə bağlı rezonans doğuran iş faktiki olaraq cəzasız yekunlaşır. Niyal qalasında dağıdılan daş divarlar deyil. Burada məhv edilən Azərbaycanın yüzillərlə qorunan tarixi yaddaşıdır.
Geri dön