Ana Sayfa > Manşet / Siyasət > Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə

Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə


Bu gün, 15:48. Yazar: azer
Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə

Ulu Öndər Heydər Əliyev misilsiz xidmətləri ilə dövlətçilik tarixində mühüm rol oynamış böyük siyasi xadim kimi tanınmışdır. Ümummilli Lider zəngin siyasi təcrübəsi, uzaqgörən strategiyası və qətiyyətli mövqeyi ilə xalqın taleyində mühüm mərhələnin formalaşmasına böyük töhfə vermişdir. Onun fəaliyyəti milli maraqların qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi və davamlı inkişafın təmin edilməsi ilə səciyyələnir. Eyni zamanda, Heydər Əliyev siyasi irsi yalnız bir dövrü əhatə etmir, bu amillər sonrakı mərhələlərdə də dövlətin strateji inkişaf xəttinin formalaşmasına ciddi təsir göstərmişdir.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm mərhələsi Sovet dövrünə təsadüf edir. 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlayan bu böyük dövlət xadimi qısa müddətdə iqtisadi, sənaye və sosial sahələrdə köklü dəyişikliklərə nail oldu. Ulu Öndərin təşəbbüsü ilə reallaşdırılan kompleks islahatlar nəticəsində sənayeləşmə prosesi sürətləndirildi, yeni zavod və fabriklər tikildi, mövcud istehsal müəssisələri modernləşdirildi və kənd təsərrüfatında məhsuldarlıq əhəmiyyətli dərəcədə artdı. Bu müdrik siyasət respublikanın ittifaq daxilində mövqeyinin möhkəmlənməsinə də mühüm təsir göstərdi.

Heydər Əliyevin elm və təhsil sahəsində həyata keçirdiyi siyasət xüsusilə təqdirəlayiq idi. Gənclərin ittifaqın aparıcı ali məktəblərində təhsil almasına geniş imkanlar yaradıldı, yüksək ixtisaslı milli kadrların hazırlanması istiqamətində məqsədyönlü addımlar atıldı. Bununla yanaşı, elmi-tədqiqat institutlarının fəaliyyəti genişləndirildi, yeni ixtisaslar üzrə mütəxəssislərin hazırlanması təşviq olundu. Eyni zamanda, mədəniyyət və milli dəyərlərin qorunması sahəsində ardıcıl siyasət həyata keçirildi, ana dilinin inkişafı, milli kimliyin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görüldü. Bütün bunlar gələcək müstəqillik dövrü üçün güclü intellektual və kadr bazasının formalaşmasına zəmin yaratdı.

1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış dərin siyasi və iqtisadi böhran, hakimiyyət boşluğu və vətəndaş qarşıdurması təhlükəsi dövlətçiliyi ciddi sınaq qarşısında qoymuşdu. Belə mürəkkəb və gərgin şəraitdə - 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı sözün əsl mənasında xilaskarlıq missiyası kimi dəyərləndirilir. Ümummilli Liderin qayıdışı ilə anarxiya və xaos meyillərinin qarşısı alındı, hüquqi əsaslara söykənən dövlət idarəçiliyi bərpa edildi.

Ulu Öndərin qətiyyətli və düşünülmüş addımları nəticəsində ictimai-siyasi sabitlik təmin olundu, dövlət qurumları yenidən formalaşdırıldı və idarəetmədə nizam-intizam möhkəmləndirildi. Eyni zamanda, iqtisadi sahədə tənəzzülün qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görüldü, maliyyə sistemində sabitliyin yaradılması üçün əsaslı qərarlar qəbul edildi. Bu tədbirlər sonrakı inkişaf mərhələsinin başlanğıcı kimi ölkənin uzunmüddətli inkişaf strategiyasının formalaşmasına zəmin yaratdı.

1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin əldə olunması Birinci Qarabağ müharibəsinin geniş miqyasda davam etməsinin qarşısını aldı və dövlətin bütün resurslarını daxili sabitliyin möhkəmləndirilməsinə yönəltməyə imkan verdi. Bu qərar insan itkilərinin qarşısının alınması, sosial-iqtisadi sahələrdə bərpa prosesinin daha da sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Atəşkəs rejimi ölkədə uzunmüddətli inkişaf proqramlarının mütəmadi həyata keçirilməsinə töhfə verdi.

20 sentyabr 1994-cü il tarixində imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişi ən mühüm strateji qərarlardan biri oldu. Bu saziş vasitəsilə beynəlxalq enerji şirkətləri ilə geniş əməkdaşlıq quruldu, xarici investisiyalar cəlb edildi və enerji sektorunun potensialı maksimum dərəcədə reallaşdırıldı. Həmin addım Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi və ölkənin geosiyasi əhəmiyyətini artırdı. Enerji layihələri vasitəsilə əldə olunan gəlirlər infrastrukturun yenilənməsi, nəqliyyat və kommunikasiya sistemlərinin müasirləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün istifadə olundu. Neft gəlirlərinin düzgün idarə olunması nəticəsində maliyyə sabitliyi təmin edildi, yeni iş yerləri yaradıldı və əhalinin rifah səviyyəsi yüksəldi. Bu siyasət sonrakı illərdə dayanıqlı və davamlı inkişaf modelinin formalaşmasına möhkəm zəmin yaratdı.

Heydər Əliyev güclü və peşəkar ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Silahlı qüvvələrin formalaşdırılması, hərbi intizamın möhkəmləndirilməsi, kadr hazırlığının gücləndirilməsi və maddi-texniki bazanın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırıldı. Bu siyasət nəticəsində milli ordu müasir tələblərə cavab verən, döyüş qabiliyyətli bir amilə çevrildi və sonrakı dövrdə əldə olunan hərbi uğurların əsasını təşkil etdi.

1995-ci il noyabrın 12-də referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun təməlini təşkil etdi. Bu sənəd insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin olunması, hakimiyyət bölgüsü prinsipinin tətbiqi və demokratik idarəetmə mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Konstitusiyanın qəbulu dövlətin hüquqi bazasını möhkəmləndirdi və idarəetmədə şəffaflıq və məsuliyyət prinsipinin bərqərar olmasına şərait yaratdı.

Ulu Öndər Heydər Əliyevin iqtisadi islahatları müasir inkişaf modelinin formalaşmasında həlledici rol oynamışdır. Onun rəhbərliyi dövründə iqtisadiyyatın dərin böhrandan çıxarılması, bazar münasibətlərinə keçidin təmin edilməsi və davamlı inkişafın əsaslarının yaradılması istiqamətində kompleks və məqsədyönlü addımlar atılmışdır. Bu islahatlar, eyni zamanda uzunmüddətli iqtisadi strategiyanın əsasını təşkil etmişdir.

İqtisadi islahatlar ilk növbədə makroiqtisadi sabitliyin təmin edilməsinə yönəldildi. İnflyasiyanın qarşısının alınması, milli valyutanın möhkəmləndirilməsi, büdcə intizamının gücləndirilməsi və dövlət xərclərinin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldü. Bu addımlar nəticəsində iqtisadi sistemdə etimad bərpa olundu, maliyyə sabitliyi təmin edildi və investisiya mühitinin formalaşması üçün zəruri şərait yarandı.

İslahatların əsas istiqamətlərindən biri bazar iqtisadiyyatına keçidin təmin edilməsi idi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi mərhələli şəkildə həyata keçirildi, sahibkarlığın inkişafına geniş imkanlar yaradıldı və özəl sektorun iqtisadiyyatda rolu əhəmiyyətli dərəcədə artırıldı. Kiçik və orta biznesin inkişafı üçün hüquqi və institusional baza formalaşdırıldı, lisenziyalaşdırma və qeydiyyat prosedurları sadələşdirildi. Vergi və gömrük sistemində aparılan islahatlar nəticəsində şəffaflıq artırıldı, sahibkarlar üçün daha əlverişli biznes mühiti yaradıldı. Bu siyasət iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin açılmasına və rəqabət mühitinin genişlənməsinə gətirib çıxardı.

İnfrastrukturun inkişafı iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanıldı. Nəqliyyat və rabitə sistemlərinin yenilənməsi, yolların və körpülərin tikintisi, bölgələrin mərkəzlərlə əlaqəsinin gücləndirilməsi iqtisadi əlaqələrin genişlənməsinə və daxili bazarın formalaşmasına şərait yaratdı. Bu addımlar regionlararası inkişaf fərqlərinin azalmasına, iqtisadi aktivliyin paytaxtdan kənar ərazilərdə də artmasına mühüm töhfə verdi.

Maliyyə və bank sektorunda aparılan islahatlar iqtisadi sistemin dayanıqlığını təmin edən əsas amillərdən biri oldu. Bank sisteminin yenidən qurulması, pul-kredit siyasətinin təkmilləşdirilməsi və maliyyə nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində iqtisadi sabitlik daha da möhkəmləndirildi. Müasir maliyyə institutlarının formalaşdırılması, sahibkarlığın kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi iqtisadi inkişafın sürətlənməsinə şərait yaratdı.

Ümumilikdə, Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar kompleks xarakter daşıyaraq iqtisadiyyatın bütün sahələrini əhatə etmişdir. Bu islahatlar nəticəsində bazar münasibətləri formalaşdırılmış, iqtisadi sabitlik təmin olunmuş və uzunmüddətli inkişaf üçün möhkəm təməl yaradılmışdır. Ulu Öndərin müəyyən etdiyi iqtisadi siyasət sonrakı dövrlərdə də uğurla davam etdirilərək müasir inkişaf modelinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Heydər Əliyevin rəhbərliyi ilə sosial sahədə genişmiqyaslı islahatlar həyata keçirildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqələrin rifahının yaxşılaşdırılması, əməkhaqlarının və pensiyaların artırılması istiqamətində mühüm qərarlar qəbul olundu. Sosial siyasətin əsas məqsədi insanların həyat səviyyəsinin yüksəldilməsi və sosial ədalətin təmin olunması idi. Əmək bazarının tənzimlənməsi, məşğulluq imkanlarının artırılması və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Sosial proqramlar nəticəsində aztəminatlı təbəqələrin həyat səviyyəsi yaxşılaşdırıldı, yoxsulluğun azaldılması istiqamətində mühüm irəliləyişlər əldə olundu.

Ümummilli Lider Heydər Əliyev balanslaşdırılmış və praqmatik xarici siyasət kursu formalaşdırdı. Bu siyasət çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirildi, regional və qlobal layihələrdə fəal iştirak təmin olundu. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. Bu yanaşma dövlətin milli maraqlarının qorunmasına və beynəlxalq nüfuzunun artmasına xidmət etdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Bu siyasət dövlətçilik ənənələrinin daha da inkişaf etdirilməsi, iqtisadi potensialın artırılması, güclü ordu quruculuğu və milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi ilə xarakterizə olunur. Məhz bu çoxşaxəli və məqsədyönlü siyasətin nəticəsi olaraq 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı, uzun illər davam edən işğala son qoyuldu.

Bu Qələbə yalnız hərbi uğur kimi deyil, eyni zamanda uzun illər ərzində həyata keçirilən sistemli siyasətin, iqtisadi gücün, beynəlxalq müstəvidə aparılan uğurlu diplomatiyanın və xalq-iqtidar-ordu birliyinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Müharibə dövründə nümayiş etdirilən yüksək döyüş qabiliyyəti, müasir hərbi texnologiyalardan səmərəli istifadə və strateji planlaşdırma ordunun gücünü bütün dünyaya göstərdi. Eyni zamanda, informasiya müstəvisində aparılan uğurlu fəaliyyət və beynəlxalq hüquqa əsaslanan mövqe ədalətin bərpasına yönəlmiş bu mübarizənin legitimliyini daha da möhkəmləndirdi.

Postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bununla yanaşı, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu, bütün ərazilər üzərində dövlət nəzarəti bərpa edildi və regionda yeni reallıqlar formalaşdı. Bütün bu uğurlar Ulu Öndərin müəyyən etdiyi strateji kursun davamlılığının, siyasi iradənin və düzgün müəyyən edilmiş milli inkişaf modelinin parlaq təzahürü kimi çıxış edir.

Beləliklə, Heydər Əliyevin siyasi xətti bu gün də Azərbaycanın sürətli inkişafının əsas istiqamətlərini müəyyən edir, dövlətin gələcək strategiyasına yol göstərir və gələcək nəsillər üçün möhkəm təməl rolunu oynayır.

Asif Əsgərov
Milli Məclisin deputatı
Geri dön