Ana Sayfa > Siyasət > Heydər Əliyev – Azərbaycan xalqının xilaskar oğlu!

Heydər Əliyev – Azərbaycan xalqının xilaskar oğlu!


Bu gün, 11:58. Yazar: azer
Heydər Əliyev – Azərbaycan xalqının xilaskar oğlu!

Müasir Azərbaycan dövlətinin formalaşması və beynəlxalq münasibətlər sistemində layiqli yer tutması təsadüfi proses deyil. Bu inkişafın əsasında böyük siyasi iradə, milli maraqlara söykənən strateji idarəçilik və uzaqgörən dövlətçilik konsepsiyası dayanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə nadir siyasi liderlərdən biri olaraq tarixdə silinməz iz qoymuşdur. Onun fəaliyyəti yalnız müəyyən bir dövrün idarə olunması ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişaf modelini müəyyən edən fundamental siyasi məktəb kimi qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin siyasi portretini xarakterizə edən əsas cəhətlərdən biri milli maraqları bütün məsələlərdən üstün tutması idi. O, dövlət idarəçiliyində reallığa əsaslanan praqmatik yanaşmanı, güclü siyasi intizamı və strateji düşüncə tərzini əsas prinsipə çevirmişdi.

Hələ sovet dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə respublikanın sosial-iqtisadi göstəricilərində baş verən əsaslı dəyişikliklər onun idarəçilik qabiliyyətinin aydın göstəricisi idi. 1969-cu ildən başlayaraq həyata keçirilən sistemli islahatlar nəticəsində Azərbaycan keçmiş ittifaq məkanında iqtisadi potensialını sürətlə artıran respublikalardan birinə çevrildi. Sənayeləşmə siyasəti, kənd təsərrüfatının modernləşdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və milli kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm baza formalaşdırdı. Ulu Öndər yaxşı anlayırdı ki, güclü iqtisadiyyat olmadan siyasi müstəqilliyi qorumaq mümkün deyil. Buna görə də iqtisadi inkişafı milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin fəaliyyətində diqqəti cəlb edən mühüm istiqamətlərdən biri də milli kimliyin və dövlətçilik təfəkkürünün qorunması idi. Sovet ideoloji sisteminin sərt çərçivələrinə baxmayaraq, Azərbaycan dilinin inkişafı, milli mədəniyyətin təşviqi və tarixi yaddaşın qorunması istiqamətində ardıcıl addımlar atılırdı. Bu siyasət xalqın milli özünüdərk prosesini gücləndirdi və gələcək müstəqillik ideyalarının ictimai əsaslarını formalaşdırdı. 1980-ci illərin sonlarında SSRİ-də başlayan siyasi böhran fonunda

Azərbaycanın qarşılaşdığı təhlükələr Ulu Öndərin siyasi prinsipiallığını daha aydın şəkildə ortaya qoydu. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının genişləndirilməsi və Dağlıq Qarabağ məsələsində mərkəzi hakimiyyətin qeyri-obyektiv mövqeyi Ulu Öndər Heydər Əliyev tərəfindən açıq şəkildə tənqid edilirdi. 1987-ci ildə SSRİ rəhbərliyinin siyasi kursuna etiraz olaraq vəzifələrindən istefa verməsi onun siyasi xarakterinin və milli mövqeyinin mühüm göstəricilərindən biri idi.

1990-cı ilin 20 Yanvar faciəsindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvada verdiyi bəyanat isə Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtələrindən biri hesab olunur. Sovet imperiyasının təzyiqlərinin davam etdiyi bir şəraitdə xalqına qarşı törədilmiş cinayəti açıq şəkildə ittiham etmək böyük siyasi cəsarət tələb edirdi. Bu çıxış təkcə faciəyə verilən hüquqi-siyasi qiymət deyildi, eyni zamanda milli müqavimət iradəsinin ifadəsi idi. Elə həmin ildə Azərbaycana qayıdan Ulu Öndər Heydər Əliyev fəaliyyətini Naxçıvan Muxtar Respublikasında davam etdirdi. Həmin dövrdə Naxçıvan həm iqtisadi blokada, həm də hərbi təhlükə şəraitində idi. Lakin Ulu Öndərin siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində muxtar respublika təhlükələrdən qorundu. Naxçıvanda dövlətçilik atributlarının bərpası, üçrəngli bayrağın rəsmi status alması və milli həmrəyliyin təmin olunması Azərbaycanın müstəqillik prosesində mühüm siyasi hadisələr idi. 1992-ci ildə təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin ən güclü siyasi təşkilatına çevrildi. Bu partiyanın yaranması təsadüfi siyasi hadisə deyildi. Yeni Azərbaycan Partiyası milli dövlətçilik ideologiyasının, sabitlik siyasətinin və inkişaf strategiyasının əsas siyasi dayağı kimi formalaşdı. 1993-cü ildə Azərbaycanda yaranmış dərin siyasi böhran dövlət müstəqilliyini real təhlükə qarşısında qoymuşdu. Hakimiyyət uğrunda qarşıdurmalar, iqtisadi tənəzzül, nizamsız silahlı birləşmələrin fəaliyyəti və Ermənistanın işğalçılıq siyasəti ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. Belə mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etdi və dövlət idarəçiliyini mərkəzləşdirdi. Ulu Öndərin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri nizami ordu quruculuğu idi. O, peşəkar Silahlı Qüvvələrin formalaşdırılmasını dövlətin təhlükəsizlik strategiyasının əsas elementi hesab edirdi. Hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsi sonradan Azərbaycanın müasir ordusunun formalaşmasına ciddi təsir göstərdi. 1994-cü ildə əldə olunan atəşkəs Azərbaycanın strateji inkişaf mərhələsinə keçidi üçün mühüm imkan yaratdı. Ardınca imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın geosiyasi və iqtisadi mövqeyini əsaslı şəkildə dəyişdi. Bu müqavilə nəticəsində ölkəmiz beynəlxalq enerji təhlükəsizliyinin vacib iştirakçılarından birinə çevrildi. Xarici sərmayələrin cəlb olunması, enerji marşrutlarının şaxələndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil etdi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində hüquqi dövlət quruculuğu xüsusi yer tuturdu. 1995-ci ildə qəbul edilən Konstitusiya demokratik idarəçilik sisteminin formalaşdırılması baxımından mühüm hüquqi baza yaratdı. Hakimiyyət bölgüsü prinsipi, insan hüquq və azadlıqlarının təmin olunması, qanunun aliliyinin təsbit edilməsi müasir dövlət modelinin əsas sütunları oldu. Eyni zamanda, senzuranın ləğvi və azad medianın inkişafı istiqamətində atılan addımlar ölkədə demokratik institutların möhkəmlənməsinə xidmət etdi. Ulu Öndər beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış xarici siyasət kursu həyata keçirirdi. Azərbaycanın milli maraqlarını əsas götürən bu siyasət nəticəsində ölkəmiz regionda etibarlı tərəfdaş kimi qəbul olundu.
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşası və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi Ulu Öndərin diplomatik fəaliyyətinin mühüm istiqamətlərindən idi.

Bu gün Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt cənab Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan son onilliklər ərzində regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilmişdir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi, 2023-cü ildə həyata keçirilən uğurlu tədbirlər nəticəsində isə dövlət suverenliyi tam şəkildə təmin olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri, strateji nəqliyyat-kommunikasiya xətlərinin açılması və Böyük Qayıdış proqramı Azərbaycanın yeni inkişaf mərhələsinin əsas göstəriciləridir. Eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu daha da güclənir, regional sülh gündəliyinin təşəbbüskarı kimi Azərbaycan yeni geosiyasi reallıqları müəyyən edən dövlətə çevrilir. Bütün bunlar Ulu Öndər Heydər Əliyev dövlətçilik strategiyasının davamlılığının və siyasi irsinin müasir Azərbaycan reallığında tam təcəssüm etdiyini göstərir.

Manaf Manafov
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü.

Geri dön