Ana Sayfa > Siyasət > Azərbaycanın qətiyyətli siyasi mövqeyi
Azərbaycanın qətiyyətli siyasi mövqeyiBu gün, 16:00. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, regional proseslərə təsir imkanlarını və həyata keçirdiyi çoxşaxəli diplomatik siyasəti aydın şəkildə nümayiş etdirir. Bu çıxış yalnız görülən işlərin təqdimatı deyil, eyni zamanda gələcək siyasi proseslərin istiqamətlərini müəyyən edən strateji yanaşma kimi diqqət çəkir. Ölkə Prezidenti çıxışında xüsusi vurğulanan məsələlərdən biri Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşmasının beynəlxalq auditoriyaya çatdırılmasıdır. Ermənistanın 2028-ci ildə keçiriləcək Zirvə görüşünün Azərbaycanda təşkil olunmasına dəstək verməsi qarşılıqlı siyasi anlaşmanın göstəricisi kimi təqdim edilir. Bu isə regionda yaranan yeni siyasi balansın qəbul olunması baxımından mühüm əhəmiyyət daşıyır. “Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir.” Bununla da rəsmi Bakı sülh prosesini yalnız iki ölkə arasındakı münasibət kimi deyil, beynəlxalq səviyyədə tanınan siyasi reallıq kimi təqdim edir. Çıxışda diqqət çəkən digər istiqamət bölgədə iqtisadi və logistik inteqrasiyanın artıq praktiki mərhələyə keçməsidir. Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması və Ermənistana yüklərin daşınmasına imkan yaratması regionda yeni əməkdaşlıq mühitinin formalaşdığını göstərir. “Azərbaycan bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı.” Bu addım strateji baxımdan həm qarşılıqlı iqtisadi maraqların güclənməsinə, həm də sülhün davamlı olması üçün iqtisadi zəminin yaradılmasına xidmət edir. Enerji resurslarının ixracı isə münasibətlərin daha geniş iqtisadi müstəvidə inkişaf etdiyini nümayiş etdirir və qarşılıqlı etimadı artıran amillərdən biri kimi çıxış edir. Nitqdə qeyd edilən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” təşəbbüsü regionun nəqliyyat və logistika xəritəsində yeni reallıqlar formalaşdırır. Bu layihə Azərbaycanın təkcə regional deyil, qlobal logistika şəbəkəsində də mühüm mövqeyə malik olduğunu göstərir. Donald Trump faktorunun vurğulanması beynəlxalq güclər arasında balanslı siyasətin davam etdirildiyini nümayiş etdirir. Layihənin Orta Dəhlizlə əlaqələndirilməsi isə Avrasiya məkanında yeni iqtisadi dinamikanın yaranmasına xidmət edir. Çıxışın diqqətəlayiq məqamlarından biri də Avropa institutlarına münasibətdə fərqli yanaşmanın nümayiş etdirilməsidir. Avropa Komissiyasına təşəkkür ifadə olunsa da, bəzi digər qurumlara qarşı açıq tənqidlər səsləndirilir. “Heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir.” Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyə malik olduğunu və tərəfdaş seçimində seçici davrandığını göstərir. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına yönələn tənqidlər siyasi təzyiqlərə qarşı verilən cavab kimi qiymətləndirilə bilər. Çıxışda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüququn həyata keçirilməsi kimi təqdim olunur. Bu yanaşma dövlət suverenliyinin prioritet məsələ olduğunu bir daha ön plana çıxarır. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir.” Bu fikir beynəlxalq münasibətlərdə bərabərlik prinsipinə istinad etməklə yanaşı, ikili standartlara qarşı siyasi və ideoloji mövqeni ifadə edir. Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarı siyasi münasibətlərdə yeni mərhələnin başlandığını göstərir. Bu addım diplomatik vasitələrin daha sərt formada tətbiqi və milli maraqların qətiyyətlə müdafiəsi kimi dəyərləndirilə bilər. Bu baxımdan parlament diplomatiyası artıq yalnız dialoq platforması deyil, həm də siyasi mövqe nümayiş etdirən vasitəyə çevrilir. Çıxışın yekun hissəsində Azərbaycanın sülh gündəliyinə sadiqliyi xüsusi vurğulanır. Bu mövqe regionda sabitliyin qorunması üçün əsas amillərdən biri kimi təqdim edilir. “Azərbaycan sülh gündəliyinə sadiqdir.” Bu mesaj təkcə Ermənistanla münasibətlərə deyil, ümumilikdə regionun gələcək təhlükəsizlik sisteminə istiqamətlənmiş mesaj kimi qiymətləndirilir. Cənab Prezident İlham Əliyevin çıxışı çoxşaxəli siyasi məzmunu ilə seçilir. Burada həm regional sülhün möhkəmləndirilməsi, həm beynəlxalq tərəfdaşlarla münasibətlərin yeni formatda qurulması, həm də Azərbaycanın geosiyasi rolunun daha da genişləndirilməsi kimi paralel istiqamətlər öz əksini tapır. Bu nitq göstərir ki, Azərbaycan artıq yalnız regional problemlərin həllində iştirak edən ölkə deyil, eyni zamanda geniş geosiyasi məkanın gələcəyinə təsir göstərən strateji aktora çevrilib. Siyasi iradə, iqtisadi təşəbbüslər və diplomatik çeviklik isə bu yüksəlişin əsas dayaqları kimi çıxış edir. Gülər Sultanzadə, YAP Yasamal rayon təşkilatının fəalı. Geri dön |