Ana Sayfa > Təhsil / Manşet > AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİNİN UĞURLARI

AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİNİN UĞURLARI


14-03-2017, 12:09. Yazar: admin



AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİ - Tələbələrinə “kim olduqlarını” kəşf etdirən ali təhsil müəssisəsi

Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşaması, elmi təmələ söykənən iqtisadi siyasət nəticəsində keçid dövrünü inamla başa vurması Ümummilli Lider Heydər Əliyevin milli inkişafın istiqamətlərini düzgün müəyyənləşdirərək, elmin, təhsilin rolunu yüksək dəyərləndirməsi və bu sahəyə xüsusi qayğı göstərməsi nəticəsində mümkün olub. Dövlətimizin elmə, təhsilə qayğılı münasibətindən bəhrələnən elm ocaqlarından biri olan Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.

Əsası 1964-cü ildə qoyulmuş Universitetdə respublikamız müstəqillik əldə etdikdən sonra maddi-texniki bazanın möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş görülmüşdür. Tərəqqiyönlü bu işlər Azərbaycan Kooperasiya Universitetinə iqtisad elmləri doktoru, professor, millət vəkili Eldar Allahyar oğlu Quliyev rəhbərlik etməyə başlayandan daha da vüsət almışdır.

Tədris korpusunun ümumi sahəsi 10500 kv.m olan Universitetdə 26 kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, kooperasiya muzeyi fəaliyyət göstərir.

AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİNİN UĞURLARI

Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 12 nəfər professor, 99 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 104 nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris - köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.

Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, AFR, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynalxalq Marketinq İnstitutunun "Qran-pri" mükafatına layiq görülmüşdür.

Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.

Təhsilin əyani və qiyabi formada olmaqla Azərbaycan və Rus dillərində həyata keçirildiyi Azərbaycan Kooperasiya Universitetində "İqtisadiyyat", "Dünya iqtisadiyyatı və kommersiya", "İdarəetmə", "Maliyyə", "Mühasibat uçotu və sənayenin təşkili", "Marketinq və menecment", "Ekspertiza və texnologiya", "Pedaqoji" fakültələr, eləcə də, "Qiyabi" Şöbə, "Doktorantura", "Magistratura" şöbələri fəaliyyət göstərir. Bu fakültələrdə "İqtisadiyyat", "Dünya iqtisadiyyatı", "Kommersiya", "Biznesin idarə edilməsi", "Dövlət və bələdiyyə idarəetməsi", "Maliyyə", "Mühasibat uçotu və audit", "Sənayenin təşkili və idarə olunması", "Marketinq", "Menecment", "Ekologiya", "Coğrafiya", "Qida məhsullarının mühəndisliyi", "Çoxişlənən malların texnologiyası mühəndisliyi", "İstehlak mallarının ekspertizası və marketinqi", "Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi", "Riyaziyyat", "Tərcümə (İngilis-dili)" ixtisasları üzrə kadr hazırlanır. Qiyabi şöbədə 12 ixtisas üzrə, "Magistratura" şöbəsində 6 ixtisas və 12 ixtisasalma üzrə kadr hazırlığı aparılır. "Doktorantura" şöbəsində Fəlsəfə doktoru proqramları üzrə doktorantura və dissertantura fəaliyyət göstərir.



Çoxsaylı dərslik və dərs vəsaitinin, 60-dan artıq monoqrafiya və elmi məqalənin müəllifi olan Eldar Quliyev İkinci, Üçüncü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir. 2011-ci ilin yekunlarına əsasən 25 dekabr 2012-ci ildə Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən "Türk dünyasında ilin millət vəkili" mükafatına layiq görülmüşdür.
Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmlər Akademiyasının, İtaliya Beynalxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Roma şəhərinin "Fəxri alimi" adına layiq görülmüşdür. Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynalxalq Mükafatı", Birləşmiş Millətlər Təşkilatının Təltif komitəsi tərəfindən "Taclı xidmət" ordeni, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2011-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Bu yaxınlarda Eldar Quliyevə BMT-nin İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən Avropa Xidmət Ordeni təqdim olunmuşdur.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq Eldar Quliyev Gürcüstanın nüfuzlu Suxişvili Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb. Eldar Quliyev bu ada iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülüb. Eldar Quliyevin apardığı elmi araşdırmalar Suxişvili Texniki Universitetində böyük maraq doğurub. Eyni zamanda, azərbaycanlı alim elmin və təhsilin inkişafına, iki ölkənin universitetləri arasındakı əlaqələrin genişlənməsinə böyük töhfələr verib. Suxişvili Texniki Universitetinin rəhbərliyi onun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib və Elmi Şura Eldar Quliyevə fəxri doktor adının verilməsi barədə qərar qəbul edib. Məhz E.Quliyevin səyi nəticəsində Azərbaycan Kooperasiya Universiteti ilə Suxişvili Texniki Universiteti arasında müəllim və tələbə mübadiləsi barədə də razılıq əldə olunub.

Elmi ictimaiyyət Eldar Quliyevə verilən yüksək mükafatları ümumiyyətlə, elmimizə dəyərli töhfə kimi qiymətləndirir.


Professor Eldar Quliyev ali təhsil almaq istəyən gənclərə müraciətində demişdir: "Bizim Universiteti seçməklə siz gələcəkdə sərbəst düşüncəli, geniş dünyagörüşlü və ən əsası, dərin intellektli mükəmməl şəxsiyyət olacağınıza əmin ola bilərsiniz. Əgər siz yaxşı tədqiqatçı-mütəxəssis kimi tanınmaq istəyirsinizsə, bu istiqamətdə sizə ən dəyərli yardımçı Universitetimizi tövsiyə edirik. Universitetimizin əsas məqsədi sizdə elmə, təhsilə böyük maraq oyatmaq, cəmiyyət üçün gərəkli şəxsiyyətə çevirmək, sizin daxili potensialınızı açmaq, özünüzün “kim olduğunuzu” kəşf etməyə yardımçı olmaqdır. Siz yüksək səviyyəli təhsil almaqla bərabər, böyük və şərəfli ənənələri olan universitetimizdə geniş informasiya dünyası və xoş əhval-ruhiyyəli auditoriya ilə əhatə olunacaqsınız. Ümid edirəm ki, burada siz özünüzü doğma məkanda hiss edəcəksiniz!"

Kütləvi informasiya vasitələrinin mühüm vəzifələrindən biri və birincisi insanların maarifləndirilməsi işinə töhfə verməkdir. Bu nöqteyi -nəzərdən, Azərbaycan İnformasiya Agentliyi (AİA) respublikamızın elm-təhsil müəssisələri ilə faydalı əməkdaşlığa , onların təcrübəsini yaymağa, təqdirəlayiq fəaliyyətini təbliğ etməyə böyük önəm verir. Ümid edirik ki, Azərbaycan Kooperasiya Universiteti görkəmli alimimiz, çox hörmətli millət vəkili Eldar Quliyevin rəhbərliyi altında uğurlarının sırasını artıracaq, biz qələm adamları üçün də yazmaq üçün maraqlı mövzular verəcəkdir.

Bəhram YAQUBOV

AİA.az
Geri dön