Ana Sayfa > Manşet / Siyasət / Özəl > Çoxölçülü Strateji Əməkdaşlıq: Azərbaycan və İtaliya Münasibətlərində Yeni Perspektivlər
Çoxölçülü Strateji Əməkdaşlıq: Azərbaycan və İtaliya Münasibətlərində Yeni PerspektivlərDünən, 21:47. Yazar: azer |
![]() Azərbaycanın xarici siyasət kursunda ikitərəfli əlaqələrin inkişafı daim prioritet istiqamətlərdən biri kimi çıxış edir. Bu yanaşma ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə enerji diplomatiyası Azərbaycanın Avropa məkanında rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa İttifaqı üzvüdür. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu və strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Məhz bu kontekstdə Azərbaycan–İtaliya münasibətləri xüsusi çəkisi ilə seçilir. İtaliya Azərbaycanın Avropada əsas tərəfdaşlarından biri olmaqla yanaşı, enerji əməkdaşlığının dərinləşdirilməsində aparıcı rol oynayan ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş zamanı səsləndirdiyi fikirlər də bu münasibətlərin strateji xarakter daşıdığını və çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etdiyini bir daha təsdiq edir. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, bu münasibətlərin təməlində 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri dayanır. Xüsusilə 2020-ci ildə Romada qəbul edilmiş “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm yol xəritəsi kimi çıxış edir. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər isə Azərbaycan–İtaliya münasibətlərinin yalnız rəsmi çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda qarşılıqlı hörmət və etimada əsaslandığını aydın şəkildə göstərir: “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.” Bu yanaşma onu deməyə əsas verir ki, İtaliyanın regiona münasibətdə həyata keçirdiyi siyasətdə Azərbaycan mühüm yer tutur və ölkəmizə göstərilən diqqət yüksək səviyyəli siyasi dialoqun göstəricisidir. Eyni zamanda, iqtisadi sahədə əldə olunan nailiyyətlər Azərbaycan–İtaliya tərəfdaşlığının real məzmununu təşkil edir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, Cənubi Qafqaz regionu ilə iqtisadi əlaqələrində Azərbaycanın payı üstünlük təşkil edir. Bu isə ölkəmizin regionun aparıcı iqtisadi gücü kimi mövqeyini bir daha təsdiqləyir. Enerji sahəsində əməkdaşlıq isə xüsusi olaraq vurğulanmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.” Bu fikirlərdən də aydın görünür ki, İtaliya Azərbaycanın enerji ixracında aparıcı mövqeyə malikdir və bu əməkdaşlıq konkret iqtisadi göstəricilərlə müşayiət olunur. Eyni zamanda, Trans-Adriatic Pipeline (TAP) layihəsinin genişləndirilməsi məsələsinin gündəmdə olması tərəfdaşlığın dinamik inkişaf etdiyini və gələcəyə hesablandığını göstərir. Millət vəkili Tamam Cəfərova iki ölkə arasında humanitar əlaqələrin inkişafına xüsusi diqqət çəkərək deyib: “İqtisadi və enerji əməkdaşlığı ilə yanaşı, Azərbaycan–İtaliya münasibətlərində humanitar sahə də xüsusi yer tutur və bu istiqamət dövlətlərarası əlaqələrin dayanıqlı inkişafında mühüm rol oynayır.” Beləki, tərəflər əməkdaşlığı yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşdırmır, eyni zamanda insan kapitalının inkişafına, təhsil və mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə xüsusi önəm verirlər. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu baxımdan iki ölkə arasında körpü rolunu oynayır. Hazırda həmin Universitetdə 500-dən çox tələbə təhsil alır. Burada təhsil alan gənclər gələcəkdə yalnız peşəkar kadrlar kimi deyil, həm də iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun daşıyıcıları kimi çıxış edəcəklər. Sonda millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı iqtisadi maraqlar və strateji əməkdaşlıq üzərində qurulduğunu göstərməklə yanaşı, bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə dair ciddi əsasların mövcud olduğunu bir daha nümayiş etdirir. Geri dön |