Ana Sayfa > Gündəm > Cahangir Hacıyevin şikayəti RƏDD EDİLDİ
Cahangir Hacıyevin şikayəti RƏDD EDİLDİ14-03-2017, 11:50. Yazar: admin |
Bu gün Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev və digərlərinin Bakı Apellyasiya Məhkəməsinin ilkin qərardadından verdikləri şikayətə baxılıb. AİA.Az xəbər verir ki, bu barədə Trend-ə C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev məlumat verib. Vəkil bildirib ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərardadını qüvvədə saxlayıb və Bakı Apellyasiya Məhkəməsində işin istintaqsız aparılmasına qərar verib. Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış zamanı C.Hacıyevin vəkilləri F.Mehdiyev və Aqil Layicov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət versələr də, hakim Əflatun Qasımov vəsatətləri təmin etməmişdi. Qərardan C.Hacıyevin vəkilləri Ali Məhkəməyə şikayət vermişdilər. İttihama görə, Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sədri C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank"ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar. C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, C.Hacıyevdən 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək. Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla A.Sultanov 7 il 6 şərti, İ.Abdullayev 6 il 6 ay şərti, K.Orucov 7 il 23 gün şərti, M.Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Y.Ələkbərov 8 il 6 ay, İ.Hüseynov 8 il, A.Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. AİA.az Geri dön |