Ana Sayfa > Özəl > Azərbaycan–İtaliya münasibətləri: strateji tərəfdaşlıqdan qlobal əməkdaşlıq modelinə doğru

Azərbaycan–İtaliya münasibətləri: strateji tərəfdaşlıqdan qlobal əməkdaşlıq modelinə doğru


Bu gün, 11:37. Yazar: azer
Azərbaycan–İtaliya münasibətləri: strateji tərəfdaşlıqdan qlobal əməkdaşlıq modelinə doğru

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də qarşılıqlı etimad, siyasi uyğunluq və ortaq strateji baxışlarla müəyyən olunur. Bu baxımdan Azərbaycan ilə İtaliya arasında formalaşmış münasibətlər nümunəvi tərəfdaşlıq modeli kimi diqqəti cəlb edir. Son illər ərzində bu əlaqələr klassik diplomatik çərçivələri aşaraq genişmiqyaslı strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, Avrasiya məkanında mühüm geosiyasi və geoiqtisadi amilə çevrilmişdir.
Azərbaycanın Avropa ilə münasibətlərində İtaliya xüsusi yer tutur. Bu ölkə yalnız Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri deyil, eyni zamanda, Avropa İttifaqı daxilində ölkəmizin maraqlarını anlayan və dəstəkləyən əsas aktorlardan biridir. 2020-ci ildə imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin hüquqi və siyasi əsasını daha da möhkəmləndirmiş, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmişdir. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, o, yalnız iqtisadi sahəni deyil, təhlükəsizlik, humanitar əməkdaşlıq və siyasi dialoq kimi vacib istiqamətləri də əhatə edir.
Azərbaycan Prezidenti İlham Əliyev ilə İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında formalaşmış qarşılıqlı etimada əsaslanan münasibətlər bu strateji tərəfdaşlığın əsas hərəkətverici qüvvəsidir. Liderlər arasında müntəzəm görüşlər və konstruktiv dialoq iki ölkənin maraqlarının bir çox məsələlərdə üst-üstə düşdüyünü göstərir. Xüsusilə qlobal enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat dəhlizlərinin inkişafı kimi məsələlərdə Bakı və Roma eyni mövqedən çıxış edir.
Enerji sahəsi Azərbaycan–İtaliya əməkdaşlığının əsas sütunlarından biridir. Azərbaycan uzun illərdir ki, İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri vasitəsilə nəql olunan təbii qaz İtaliya iqtisadiyyatının sabitliyi üçün həyati əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də strateji xarakter daşıyır və Avropanın enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın neft ixracında da İtaliya əsas istiqamətlərdən biri olaraq qalır.
Son dövrlərdə əməkdaşlıq yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Bərpaolunan enerji, yaşıl texnologiyalar və innovativ layihələr üzrə tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. Bu isə münasibətlərin gələcəyə hesablanmış və davamlı xarakter daşıdığını göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində İtaliya şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın coğrafi baxımdan da genişləndiyini təsdiqləyir.
Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq da diqqət çəkən istiqamətlərdən biridir. Azərbaycan Ordusunun modernləşdirilməsi prosesində İtaliya ilə qurulan tərəfdaşlıq mühüm rol oynayır. Müasir texnologiyalara əsaslanan hərbi avadanlıqların alınması və birgə layihələrin həyata keçirilməsi ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirir. Bu əməkdaşlıq regionda sabitliyin qorunmasına və təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət edir.
Humanitar sahədə əlaqələr isə bu tərəfdaşlığın mənəvi əsaslarını təşkil edir. Təhsil, mədəniyyət və elm sahələrində həyata keçirilən birgə layihələr iki xalq arasında qarşılıqlı anlaşmanı və dostluğu daha da möhkəmləndirir. İtaliya-Azərbaycan Universiteti kimi təşəbbüslər gələcək nəsillərin inkişafında mühüm rol oynayaraq, iki ölkə arasında intellektual körpü funksiyasını yerinə yetirir.
Bütün bu faktlar onu göstərir ki, Azərbaycan–İtaliya münasibətləri yalnız ikitərəfli əməkdaşlıq modeli deyil, eyni zamanda, daha geniş geosiyasi məkan üçün nümunəvi tərəfdaşlıq formatıdır. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu münasibətlər dəyişən beynəlxalq şəraitdə belə öz sabitliyini qoruyur və inkişaf edir.
Nəticə etibarilə, Azərbaycan ilə İtaliya arasında qurulan strateji tərəfdaşlıq Avrasiya məkanında sabitliyin, iqtisadi tərəqqinin və siyasi əməkdaşlığın möhkəm təməlini təşkil edir. Bu model sübut edir ki, düzgün qurulmuş diplomatik münasibətlər yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafına və təhlükəsizliyinə xidmət edə bilər.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.
Geri dön