Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Ulu Öndərin dövlətə bağlılıq, xalqa xidmət və Vətənə sonsuz sədaqət kimi ali dəyərləri bizim həyat amalımıza çevrildi”

Aqiyə Naxçıvanlı: “Ulu Öndərin dövlətə bağlılıq, xalqa xidmət və Vətənə sonsuz sədaqət kimi ali dəyərləri bizim həyat amalımıza çevrildi”


Bu gün, 09:59. Yazar: azer
Aqiyə Naxçıvanlı: “Ulu Öndərin dövlətə bağlılıq, xalqa xidmət və Vətənə sonsuz sədaqət kimi ali dəyərləri bizim həyat amalımıza çevrildi”

“Bu gün mən özümü çox xoşbəxt hiss edirəm ki, bizim nəslin gənclik illəri məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi taleyüklü bir dövrə təsadüf edib. O illər bizim üçün sadəcə zaman kəsiyi deyil, həm də formalaşma, yetişmə və həyat dərsi dövrü idi. Biz həmin illərdə təhsil aldıq, müxtəlif sahələrdə çalışaraq cəmiyyətə fayda verməyə başladıq. Ən əsası isə biz Heydər Əliyev məktəbini keçdik. Bu məktəb bizə yalnız bilik deyil, həm də əqidə, prinsip və möhkəm iradə aşıladı. Ulu Öndərin ideyalarının təsiri altında biz bir şəxsiyyət kimi formalaşdıq. Onun dövlətə bağlılıq, xalqa xidmət və Vətənə sonsuz sədaqət kimi ali dəyərləri bizim həyat amalımıza çevrildi. Biz məsuliyyətli olmağı, çətinliklər qarşısında geri çəkilməməyi, daim dövlətimizin maraqlarını üstün tutmağı məhz ondan öyrəndik. Bu gün də fəaliyyətimizdə həmin ideyalara sadiq qalaraq, öz həyat yolumuzu böyük bir məktəbin yetirmələri kimi davam etdiririk.”

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı səsləndirib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin öz ölkəsi və xalqı naminə nümayiş etdirdiyi misilsiz fədakarlıqdan bəhs edən professor A.Naxçıvanlı bunları deyib: “Ulu Öndər Heydər Əliyevin iki müxtəlif ictimai-siyasi quruluşda, fərqli ideoloji tələblər şəraitində Azərbaycana uğurla rəhbərlik etməsi, respublikanı daim inkişafa istiqamətləndirməsi lider şəxsiyyətlərin öz ölkələrinin tarixində tutduqları yeri və öz xalqlarının taleyində oynadıqları əvəzolunmaz rolu barədə konkret təsəvvürlər yaradır. Dünya ölkələrinin təcrübəsindən, keçdiyi yoldan da bəlli olduğu kimi, liderlər daim insanları yeni, mütərəqqi ideyalar ətrafında səfərbər ediblər, onları mübarizəyə ruhlandırıblar, bəzən tarixin axarını belə dəyişərək prosesləri cəmiyyətin sosial sifarişlərinə istiqamətləndiriblər. Ulu Öndər Heydər Əliyevin istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi fəaliyyəti də məhz bu kimi taleyüklü məqamlarla səciyyələnir. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il mövcud olduğu kimi, 1991-1992-ci illərdə gedən proseslər də yeni müstəqillik əldə etmiş ölkəmizi böyük təhlükələrlə üz-üzə qoymuşdu. Həm də bu dəfə vəziyyət daha mürəkkəb, təhlükələr daha böyük idi. Əgər 1920-ci ildən sonra Azərbaycan formal da olsa müstəqil ölkə kimi mövcud idisə, artıq 1993-cü ildə ölkəmiz Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və tam olaraq dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Məhz belə bir ağır, ən müxtəlif təhlükə və risklərlə dolu olan tarixi məqamda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan respublikasının istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olduğunu qeyd edib və bildirib ki, Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib və Azərbaycanın inkişafı üçün malik olduğu bütün imkanlardan həmişə maksimum istifadə edib: “May ayının 10-da Azərbaycan xalqı özünün dahi xilaskar oğlu, müasir müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyini böyük təntənə ilə qeyd edəcək. Artıq altıncı ildir ki, xalqımız bu günü öz Ümummilli Liderinin xatirəsi qarşısında üzü ağ, alnı açıq, böyük qürur hissi duyaraq qeyd edir. 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq 30 illik erməni işğalına son qoydu. Bununla da Ulu Öndərimizin ən böyük, ən mühüm vəsiyyətinə əməl olundu. 2024-cü ildən isə, Azərbaycan xalqı öz Ümummilli Liderinin anadan olmasının ildönümünü istisnasız olaraq ölkənin bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qeyd edir. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticəsi olaraq, Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və qalan bütün digər ərazilər də erməni separatizminin son tör-töküntülərindən azad edildi. Bu, sözün əsl mənasında, Heydər Əliyev ideyalarının növbəti zəfər təntənəsi oldu.Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ümummilli Liderimizin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Heç bir şübhə yoxdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün Ümummilli Liderimizin hazırladığı və cənab Prezident İlham Əliyev tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi və hərbi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edəcək” – deyə, professor Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Geri dön