Ana Sayfa > İqtisadiyyat > Manat, yoxsa xarici valyutada yığım daha sərfəlidir? - İqtisadçı açıqladı
Manat, yoxsa xarici valyutada yığım daha sərfəlidir? - İqtisadçı açıqladıBu gün, 20:44. Yazar: vasif |
![]() Pul yığmaq istəyənlərin ən çox verdiyi suallardan biri də məhz valyuta seçimidir. Kimisi manatda qalmağı daha təhlükəsiz hesab edir, kimisi isə riskdən qaçmaq üçün xarici valyutaya üstünlük verir. Ancaq bu seçim təkcə bazardakı dəyişikliklərlə deyil, həm də şəxsi məqsədlər və planlarla birbaşa bağlıdır. Bəs hansı valyutada yığım saxlamaq daha sərfəlidir? aia.az-ın məlumatına görə, iqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirib ki, hansı yığım sərfəlidir sualına keçməzdən öncə, hansı məqsədlə istifadə olunacaq sualına cavab tapmalıyıq: "Məqsədinə görə yığım da fərqlidir. Məsələn, xarici ölkədə istirahət etmək üçün yığım edən şəxsin xarici valyutada yığım etməsi daha məqsədəuyğundur. Bu yığımın da təbii təfərrüatları var. Məsələn, İran, Türkiyə, Rusiya və bir sıra Asiya ölkələrinə səfər edəcək şəxslər üçün həmin ölkənin valyutasını alıb yığım etmək sərfəli deyil. Onlara USD və avroda yığım etmələri məsləhətdir. Məsələn, elə şəxslər var ki, onlar yatırım etmək istəmir, xüsusilə də bu, orta yaşlı və sovet təfəkkürlü insanlarda belədir. Onlar üçün “nağd olsun”, “yastıq altında olsun”, “dar gün pulu olsun” prinsipi daha önəmlidir. Belə şəxslər üçün elə milli valyutada qalması məqsədəuyğundur. Digər qrup şəxslər düşünür ki, manat sabitliyini pozacaq, buna görə xarici valyuta saxlayaq. Pul kütləsinin hər il müəyyən qədər dəyər itirməsindən dolayı həmin şəxslərin yığdığı pulun dəyəri azalır". "İnsanların əksəriyyəti hazırda ev üçün yığım edir. Həmin şəxslərə pulu dəyərləndirərək yığım etmələri tövsiyə olunur. Əks təqdirdə, onlar da yuxarıda qeyd etdiyim kimi sadəcə pulun dəyərinin azalması ilə üzləşəcəklər. Yəni kimsə düşünməsin ki, yığım edəcəyəm və daşınmaz əmlak alacağam. Pulun dəyərinin neçə faiz azalması və eyni zamanda mənzil bazarında ildə neçə faiz artım olduğunu müqayisə etmək kifayətdir. Hər kəsin maliyyə savadının olmaması başadüşüləndir. Bu barədə sıfır biliyi olan biri ən azından pulu banka depozit kimi yerləşdirə bilər. Məsələn, xarici ölkələrdə, xüsusilə Türkiyədə bu yanaşma daha populyardır. Müəyyən yığımı olan şəxs ilk növbədə onu banka depozit kimi yerləşdirir. Depozit gəliri ilə kirayə xərcini, kommunal xərcləri və qidalanmanı qarşılayır. Ailə üzvlərinin əməkhaqqı və şəxsin əlavə gəliri isə əksərən qızıla və xarici valyutaya çevrilərək yığım edilir. Təbii ki, orada sabit deyil, dəyişən valyuta sistemi mövcuddur. Bundan əlavə, inflyasiya səviyyəsinə görə aylıq olaraq depozit faizləri dəyişir. Amma ən azından vətəndaş milli valyutanı dəyərləndirə bilir, yığım edib dəyərini itirməsinin qarşısını alır"-deyə G. Hüseynova qeyd edir. Geri dön |