Ana Sayfa > Manşet / Siyasət > Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi


Bu gün, 19:13. Yazar: azer
Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

Mayın 4-də Xankəndi şəhərində Yeni Azərbaycan Partiyası (YAP) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Qarabağ Universitetinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov vurğulayıb ki, bu gün müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü doğma Qarabağda, Xankəndi şəhərində qeyd etmək böyük rəmzi məna daşıyır və qürurverici hadisədir. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərin qazanılması və işğaldan azad olunmuş ərazilərimizin sürətlə dirçəldilməsi məhz Ulu Öndərin uzaqgörən siyasətinin təntənəsidir: “Doğma yurdlarımıza elm, təhsil və mədəni dəyərlərimizlə qayıdışın simvoluna çevrilən Qarabağ Universitetinin yaradılması və hazırda minlərlə gəncin burada ali təhsil alması məhz Heydər Əliyev ideyalarının uğurla reallaşdırılmasının bariz nümunəsidir”.

“Qarabağ Universitetinin başlıca missiyası yalnız yüksəkixtisaslı kadrlar hazırlamaq deyil, eyni zamanda, Vətəninə, xalqına və dövlətinə bağlı, Heydər Əliyev ideyalarına və milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirməkdir. Qarabağ Universitetində Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi və təbliği daim diqqət mərkəzində saxlanılır. Əminik ki, Ulu Öndərin misilsiz ideyalarına bağlılıq gənclərimizin işıqlı gələcəyinə parlaq yol açacaq və gələcəyin peşəkar mütəxəssisləri kimi onların ölkənin və regionun inkişafına mühüm töhfələr verməsində müstəsna rol oynayacaq”,- deyə rektor vurğulayıb.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bugünkü tədbirimizin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, uzun illər işğal altında qaldıqdan sonra dövlət başçımızın qətiyyətli siyasəti, Müzəffər Ordumuzun şücaəti nəticəsində azad edilərək öz əzəli sahibinə qovuşan Xankəndi şəhərində keçirilməsi xüsusi tarixi, mənəvi və siyasi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu torpaqlarda yenidən həyatın canlanması, iqtisadiyyatın bütün sahələrinin, elm və təhsilin dirçəldilməsi dövlətimizin gücünün, xalqımızın sarsılmaz iradəsinin və milli həmrəyliyimizin parlaq təzahürüdür: “Bu gün əziz xatirəsini böyük ehtiramla yad etdiyimiz Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi müasir tariximizdə silinməz iz qoymuşdur. Ulu Öndər daim Qarabağın, o cümlədən Xankəndinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu qətiyyətlə bəyan etmiş, ölkəmizin ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioriteti kimi müəyyənləşdirmişdir. Onun məqsədyönlü siyasəti nəticəsində Azərbaycan taleyüklü sınaqlardan uğurla çıxaraq müstəqil dövlət kimi davamlı inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın müstəqilliyi və dövlətçilik ənənələri möhkəmləndirilmiş, mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideologiyasına əsaslanan milli həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər qazanılmış və bugünkü – müasir və qalib Azərbaycanın etibarlı bünövrəsi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin müasir dövrün çağırışlarına uyğun zənginləşdirilərək uğurla davam etdirilməsi nəticəsində Azərbaycan öz qüdrətini daha da artıraraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Zəfərə imza ataraq ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə mütləq suverenliyini bərpa etmiş, Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Xankəndi şəhərində ucaldılmışdır”.

Tahir Budaqov bildirib ki, bu gün Böyük Qayıdış proqramının tərkib hissəsi kimi Xankəndidə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, sosial obyektlər, yaşayış kompleksləri, təhsil və mədəniyyət müəssisələri inşa olunur: “Müzəffər Liderimizin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bölgəsi, o cümlədən Xankəndi Azərbaycanın ən gözəl guşələrindən biridir və bu ərazilər qısa müddət ərzində regionun inkişaf mərkəzinə çevriləcəkdir”.

YAP Sədrinin müavini vurğulayıb ki, Xankəndidə Qarabağ Universitetinin təsis olunması dövlət başçısının gələcəyə yönəlik aydın strateji baxışının bariz ifadəsidir: “Bu ali təhsil müəssisəsi bilik məkanı olmaqla yanaşı, həm də azad olunmuş torpaqlarda tarixi ədalətin bərpasının, intellektual potensiala əsaslanan mənəvi dəyərlərin və milli ruhun yüksəlişinin simvoludur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağ Universiteti regionun elm, təhsil və innovasiya mərkəzinə çevriləcək və gələcək inkişafın əsas dayaqlarından biri olacaqdır”.

“Ümummilli Liderimizin xalqımıza siyasi mirası olan Yeni Azərbaycan Partiyası da dövlətimizin böyük quruculuq fəaliyyətinə yaxından dəstək verir. Partiyamız Böyük Qayıdış strategiyasının həyata keçirilməsində, azad olunmuş ərazilərdə sosial-iqtisadi və humanitar layihələrin təşviqində, xüsusilə gənclərin bu proseslərə cəlb olunmasında mühüm rol oynayır. Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsi, tələbələrin inkişafına yönəlmiş layihələrin dəstəklənməsi isə dövlətçilik ideallarına sadiq, yüksək intellektual və mənəvi keyfiyyətlərə malik gənc nəslin formalaşmasına xidmət edir”, - deyə Tahir Budaqov əlavə edib.

YAP Sədrinin müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, təhsilin inkişafına da xüsusi önəm vermiş, istər SSRİ dövründə, istərsə də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman milli kadr potensialının formalaşdırılmasını strateji vəzifə kimi müəyyənləşdirərək bu istiqamətdə ardıcıl siyasət həyata keçirmişdir: “Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafını xüsusi diqqət mərkəzində saxlayırlar. Yeni məktəblər, universitetlər inşa edilir, mövcud infrastruktur müasirləşdirilir, gənclərin istər ölkə daxilində, istərsə də dünyanın aparıcı universitetlərində təhsil almaq imkanları genişləndirilir. Tarixi ənənələr, milli dəyərlər və müasir çağırışlara uyğun qurulan təhsil sistemində aparılan davamlı islahatlar gələcəyə istiqamətlənmiş addımlar kimi sosial-iqtisadi və humanitar inkişafa təkan verir. Dövlət başçısının siyasi iradəsi sayəsində fəaliyyətə başlayan Qarabağ Universiteti təkcə bir ali təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycan xalqının möhtəşəm Zəfərinin, quruculuq əzminin və intellektual inkişafının rəmzidir. Şübhə yoxdur ki, universitetdə çalışan professor-müəllim heyəti və burada təhsil alan tələbələrin əzmkar fəaliyyəti Qarabağ bölgəsinin və bütövlükdə ölkəmizin elmi və mənəvi intibahına mühüm töhfələr verəcəkdir”.

Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışında bildirib ki, 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri və ətraf ərazilər tam nəzarətə götürülərək ölkənin suverenliyi bərpa edilib. O qeyd edib ki, bu tarixi nailiyyət Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və qətiyyətli siyasi iradəni bir daha nümayiş etdirib.

Səbuhi Qəhrəmanov vurğulayıb ki, hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı təmin olunur və bu proses mərhələli şəkildə həyata keçirilir: “Artıq Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində məskunlaşma prosesi başlayıb, əhali üçün müasir yaşayış şəraiti yaradılır. Regionda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə mühüm infrastruktur layihələri icra edilir. Xankəndi dəmir yolu xəttinin bərpası, Xocalı hava limanının yenidən qurulması, yol və kommunikasiya xətlərinin çəkilməsi regionun strateji əhəmiyyətini daha da artırır. Bununla yanaşı, sahibkarlığın inkişafına dəstək göstərilir, yeni iş yerləri yaradılır və investisiya mühiti yaxşılaşdırılır. Artıq bölgəyə özəl sektor tərəfindən 90 milyon manatdan çox investisiyalar cəlb olunub”.

S.Qəhrəmanov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu bu gün də uğurla davam etdirilir və Azərbaycan regionda güclü mövqeyini daha da möhkəmləndirir: “Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək”.

Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin müəllimi Şamxal Əbilov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik kursunda Qarabağ məsələsi milli maraqların, suverenliyin və ərazi bütövlüyünün əsas istiqamətlərindən biri kimi xüsusi yer tuturdu. Onun sözlərinə görə, Ulu Öndər Qarabağ probleminə yalnız ərazi məsələsi kimi deyil, Azərbaycan dövlətçiliyinin və milli təhlükəsizliyin əsas elementi kimi yanaşırdı.

Ş.Əbilov qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi və nizami ordu quruculuğu baxımından həlledici dönüş nöqtəsi oldu. “Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti Qarabağ məsələsində Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə tanınmasına və gələcək qələbənin strateji əsaslarının formalaşmasına mühüm töhfə verdi”, - deyə universitetin müəllimi söyləyib.

Çıxış edən Qarabağ Universitetinin Mühəndislik fakültəsinin 2-ci kurs tələbəsi, Qarabağda antiterror əməliyyatının iştirakçısı İlqar İsgəndərli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış etmək onun üçün böyük qürur və məsuliyyətdir. O qeyd edib ki, vaxtilə döyüş yollarının keçdiyi Xankəndi şəhərində bu gün tələbə olaraq təhsil almaq onun üçün sözlə ifadə olunmayacaq bir duyğudur. O, antiterror əməliyyatlarında iştirakını xatırladaraq Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi Zəfərin hər bir əsgər üçün iftixar olduğunu bildirib: “Qarabağ Universitetində təhsil alan gənclər Ulu Öndərin müəyyən etdiyi dövlətçilik və azərbaycançılıq ideyaları əsasında Qarabağın gələcək inkişafına mühüm töhfə verəcəklər”.

Sonra Qarabağ Universitetində Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ən yüksək olan bir qrup tələbəyə təşəkkürnamələr təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konsert proqramı təqdim olunub.
Geri dön