Ana Sayfa > Gündəm > Zura Nasxidaşvili: “Şən Azərbaycan”ı Azərbaycana sevgimə görə seçdim

Zura Nasxidaşvili: “Şən Azərbaycan”ı Azərbaycana sevgimə görə seçdim


Bu gün, 17:57. Yazar: azer
Zura Nasxidaşvili: “Şən Azərbaycan”ı Azərbaycana sevgimə görə seçdim

Mənim ailəm Kareli bələdiyyəsinin Ruisi kəndindəndir. Bizim orada çoxlu azərbaycanlı qonşularımız və dostlarımız var. Biz həmişə bir yerə yığışanda Azərbaycan və gürcü mahnılarını zümzümə edirdik. Beləliklə də mənim Azərbaycan musiqisinə marağım artıb. Əvvəl fortepianoda, nağarada, panduridə mahnılar ifa edirdim. Lakin mahnıları səlis ifa etməyim, yəni oxumağım qonşularımızın diqqətini çəkdi və onlar mənim musiqi məktəbinə getməyimi atamdan xahiş etdilər. Mən beləcə oxumağa başladım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda ənənəvi olaraq keçirilən və Birinci kanalda yayımlanan “Ranina” uşaq müsabiqəsinin IX müsabiqəsinin iştirakçısı 10 yaşlı Zurab Nasxidaşvili deyib.

Onun sözlərinə görə, müsabiqədən əvvəl münsiflər heyəti iştirakçılara başqa xalqların mahnılarını ifa etmək tapşırığı veriblər. Bundan sonra o, bu barədə atasına müraciət edib.

Dəfələrlə beynəlxalq musiqi festivallarında uğur qazanan Zura yaxın günlərdə “Bayatı-Şiraz” muğamı üzərində işləməyə başlayacaq. Onun ən böyük arzularından biri də Azərbaycanda çıxış etməkdir.

“Mən Azərbaycanda “Bayatı-Şiraz”ı və digər mahnılar ifa etmək istəyirəm. İnanıram bu ki, bu arzuma da nail olacağam”,- deyə Zura Nasxidaşvili bildirib.

Müğənninin atası Qioqi Nasxidaşvili deyib: “Bizim çoxlu azərbaycanlı dostlarımız var. Oğlumun müğənni olmasını da məhz dostlarımız bizə məsləhət gördülər. Beləliklə də Zura 7 yaşından oxumağa başladı”.

Onun sözlərinə görə, müsabiqədə Zuraya Gürcüstanda da çox sevilən Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısını ifa etmək tapşırılıb. Bundan sonra onlar Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin elmi işçisi Leyla Əliyevaya müraciət ediblər.

L.Əliyeva deyir: “Azərbaycan mədəniyyətini, tarixini, musiqisini təbliğ etmək, daha geniş auditoriyalarda təqdim etmək ən böyük arzum olub. Bundan əvvəl də balaca müğənnilərdən Oto Bazeraşvili V müsabiqədə Polad Bülbüloğlunun “Aman-aman ayrılıq” mahnısı ilə müraciət etmişdir. Ondan sonra isə digər müsabiqə iştirakçısı Qabriel Bodaveli Şövkət Məmmədovanın “Tez gəl” mahnısı ilə müraciət edib. Hər iki müğənni yaşlarının az olmasına baxmayaraq müsabiqələrdə uğurla çıxış edərək müxtəlif mükafatlara layiq görülüblər. Builki müsabiqədə isə Zura “Şən Azərbaycan” mahnısı ilə bizə gəldi və onunla bir müddət məşğul oldum”.

Leyla Əliyevanın maraqlı dərs metodu olub. O əvvəlcə mahnıların sözlərini gürcü dilində uşaqlara öyrədib, sözlərin mənasını onlara izah edib, daha sonra notlar üzərində çalışdırıb.

“Mən bir neçə dəfə başqa üsulları da sınaqdan çıxarmışdım. Muzeyimizdə xalçaçılıq, rəssamlıq və musiqi kursları var. Uşaqlarla işləyərkən onların musiqi duyumuna fikir verirdim. Görürdüm ki, onlar mahnıların sözlərini, mənasını biləndən sonra daha tez və yaxşı ifa edirlər. Ona görə də mən yeni bir metod tətbiq elədim və bugünkü uğuru qazandıq”, - deyə L.Əliyeva bildirib.

Qeyd edək ki, müsabiqənin üçüncü mərhələsində 10 yaşlı iştirakçı Zurab Naskidaşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun repertuarından olan "Şən Azərbaycan" mahnısını ifa edib.

Azərbaycan dilində ifa alqışlarla qarşılanıb. Münsiflər heyətinin üzvləri ifanı bütün göstəricilər üzrə 10 balla qiymətləndiriblər.

Məlumat üçün bildirək ki, “Ranina” vokal müsabiqəsində 8 yaşdan 14 yaşadək ifaçılar yarışır. Müsabiqənin bir mərhələsində iştirakçılar xarici ölkələrin populyar mahnılarını təqdim edirlər.

Yarışmanın qalibi Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə edəcək.

Onu da qeyd edək ki, “Şən Azərbaycan” Polad Bülbüloğlunun "Ranina" müsabiqəsində ifa olunan ikinci mahnısıdır. Müsabiqənin V mövsümündə Oto Bazeraşvili Polad Bülbüloğlunun “Aman-aman ayrılıq” mahnısı ilə çıxış edib. Sonrakı mövsümlərdə “Laçın” xalq mahnımız, “Tez gəl” (“Yar gəlir görüşə”) mahnıları oxunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Geri dön