Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Ermənistan və Azərbaycan arasında sülh artıq konkret addımlarla möhkəmləndirilən reallığa çevrilir”
Azər Kərimli: “Ermənistan və Azərbaycan arasında sülh artıq konkret addımlarla möhkəmləndirilən reallığa çevrilir”Bu gün, 17:07. Yazar: azer |
![]() “Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində etdiyi videobağlantı formatında çıxışında Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın regional əməkdaşlıq və beynəlxalq inteqrasiya xəttinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət başçımızın verdiyi mesajlar təkcə cari siyasi gündəliyi deyil, həm də gələcək onilliklərin geosiyasi arxitekturasını əhatə edən strateji yanaşmanı əks etdirir. Çıxışda xüsusi önəm daşıyan məqamlardan biri Azərbaycanın 2028-ci ilin mayında Zirvə görüşünə ev sahibliyi etməyə dair dəvətinin irəli sürülməsi oldu. Bu təşəbbüs Azərbaycanın beynəlxalq platformalarda artıq təkcə iştirakçı deyil, həm də təşkilatçı və yönverici aktor kimi çıxış etdiyini göstərir. Ermənistanın bu namizədliyi dəstəkləməsi isə regionda formalaşan yeni əməkdaşlıq mühitinin və qarşılıqlı siyasi praqmatizmin göstəricisi kimi qiymətləndirilə bilər. Bu yanaşma, eyni zamanda, Cənubi Qafqazda dialoq və qarşılıqlı etimadın artmaqda olduğunu təsdiqləyir.” Milli Məclisin deputatı Azər Kərimli bunları aia.az-a verdiyi açıqlamada deyib. Fikirlərini davam etdirən millət vəkili sülh prosesinə dair təqdim olunan açıqlamaların artıq əldə olunmuş nəticələrin institusional xarakter aldığını nümayiş etdirdiyini diqqət mərkəzinə çəkib: “Ermənistan və Azərbaycan arasında sülhün reallığa çevrildiyi qeyd olunmaqla yanaşı, bu reallığın konkret addımlarla möhkəmləndirildiyi də diqqətə çatdırılır. Azərbaycanın birtərəfli qaydada tranzit məhdudiyyətlərini aradan qaldırması bu baxımdan mühüm siyasi jest kimi çıxış edir. Bu addım regionda iqtisadi əlaqələrin bərpasına, ticarət yollarının açılmasına və qarşılıqlı asılılığın müsbət dinamika qazanmasına şərait yaradır. Çıxışda qeyd olunan digər mühüm istiqamət isə nəqliyyat və bağlantı layihələri ilə bağlıdır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” kimi təqdim olunan yeni kommunikasiya xətti Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, geniş regional iqtisadi inteqrasiyaya xidmət edir. Bu layihə həm də Orta Dəhliz çərçivəsində strateji əhəmiyyət daşıyır və Avrasiya nəqliyyat şəbəkəsinin mühüm komponentinə çevrilir. Beləliklə, Azərbaycan yalnız siyasi sülhün deyil, həm də iqtisadi inteqrasiyanın əsas hərəkətverici güclərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı səsləndirdiyi fikirlər isə ölkənin uzunmüddətli beynəlxalq təcrübəsini və təşkilat daxilindəki fəal rolunu xatırladır. Azərbaycanın 2001-ci ildən Avropa Şurası üzvü olması ölkənin Avropa siyasi məkanına inteqrasiyasının mühüm göstəricisidir. Həmçinin, dövlət başçısının keçmişdə parlament üzvü və nümayəndə heyətinin rəhbəri kimi bu qurumda fəal iştirakı Azərbaycanın beynəlxalq dialoq platformalarında ardıcıl və prinsipial mövqe sərgilədiyini göstərir. Eyni zamanda, çıxışda vurğulanan məhdudiyyətlərin olmaması və sonradan yaranan gərginliklər beynəlxalq təşkilatlarla münasibətlərdə ədalət və bərabərlik prinsipinin əhəmiyyətini bir daha gündəmə gətirir. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan münasibətlər sisteminə sadiqliyini və ikili standartlara qarşı prinsipial mövqeyini ifadə edir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb. Geri dön |