Ana Sayfa > Manşet / Siyasət / Özəl > Tamam Cəfərova: “Avropa Parlamentinin qərəzli və əsassız iddiaları bu təsisatın destruktiv mahiyyətini bir daha açıq şəkildə nümayiş etdirir”
Tamam Cəfərova: “Avropa Parlamentinin qərəzli və əsassız iddiaları bu təsisatın destruktiv mahiyyətini bir daha açıq şəkildə nümayiş etdirir”Bu gün, 13:08. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Milli Məclisinin 1 may tarixli plenar iclasında qəbul edilən “Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar” qərarına əsasən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Milli Məclis tərəfindən qəbul edilən qərar sadəcə bir bəyanat deyil, həm də konkret addımlar paketidir. Belə ki, eyni zamanda qurumun Avronest Parlament Assambleyasına üzvlüyünə xitam verilməsi ilə bağlı prosedur qaydalarının tətbiqinə başlanılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsində iştirakın dayandırılması da qərara alınmışdır. Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova söyləyib. Millət vəkili bildirib ki, bu sərt və prinsipial addımların atılmasına səbəb Avropa Parlamentinin 30 aprel tarixində qəbul etdiyi növbəti qərəzli qətnamə olmuşdur. Sözügedən qətnamə bu dəfə xüsusilə dolayı və manipulyativ yanaşma ilə seçilir. Belə ki, Ermənistanla bağlı qəbul edilmiş sənəddə Azərbaycana qarşı heç bir hüquqi-normativ əsaslara söykənməyən, qərəzli və əsassız iddialara yer verilməsi bu təsisatın destruktiv mahiyyətini bir daha açıq şəkildə nümayiş etdirir. Qətnamənin qəbulundan dərhal sonra Avropa İttifaqının Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və ona etiraz notasının təqdim edilməsi vəziyyətin ciddiliyinin bariz göstəricisidir. Bu addımlar Azərbaycanın suverenliyinə və daxili işlərinə yönəlmiş hər hansı müdaxilə cəhdlərinə qarşı qəti və prinsipial mövqeyinin ifadəsidir. Tamam Cəfərova bildirmişdir ki, son illər Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı nümayiş etdirilən qərəzli yanaşma artıq sistemli xarakter almışdır. Erməni lobbisinin təsiri altında ölkəmizə qarşı qəbul olunmuş qərəzli qətnamələrin sayı artıq 13-ə çatıb və bunların hər biri həmin qurumun Azərbaycana münasibətdə obyektivlikdən uzaq olduğunu təsdiqləyir. Beləki, artıq Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi mövqe patoloji hal almışdır. Bütün bunlar ikili standartların açıq təzahürü kimi qiymətləndirilməlidir. Həmçinin, bu cür destruktiv addım Avropa Parlamentinin regiondakı reallıqlara qərəzli münasibət sərgilədiyinin açıq təzahürüdür. Ermənistanın uzunmüddətli işğal siyasətinə susan, lakin Azərbaycanın suveren addımlarını “demokratiya” və “azadlıqlar” pərdəsi altında tənqid edən Avropa Parlamentinin (AP) fəaliyyəti obyektiv dəyərlərə deyil, geosiyasi maraqlara əsaslanır. Cənubi Qafqazda müstəqil və balanslı xarici siyasət yürüdən Azərbaycan Avropa Parlamentində məqsədli hədəfə çevrilir. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalına son qoyulması istiqamətində heç bir konstruktiv addım atmayan AP işğalın legitimləşdirilməsinə çalışmışdır, işğal altında olan ərazilərimizə Azərbaycan tərəfinin icazəsi olmadan səfərlər etmişlər. AP son illərdə mandatından kənar, dövlətlərin daxili işlərinə qarışmaqla, demokratiya kartından təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycan regionda sülh və sabitliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir və bu siyasət beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Buna baxmayaraq, Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə faktların təhrif olunması və reallıqların məqsədli şəkildə görməzlikdən gəlinməsi qəbuledilməzdir. Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentarilərin" mövcud olduğu bir "qurumun" ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə gülünc doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və ərazi bütövlüyünün tam bərpası regionda yeni geosiyasi reallıqlar formalaşdırmışdır. Lakin bəzi beynəlxalq dairələrin bu reallıqları qəbul etmək istəməməsi və köhnə yanaşmalardan çıxış etməsi regionda davamlı sülh səylərinə maneə yaradır. Azərbaycanın milli maraqlarına zidd olan hər hansı təşəbbüsə qarşı bundan sonra da qətiyyətli addımlar atılacaq. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkə olaraq qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarıdır. Geri dön |