Ana Sayfa > Dünya > Okamponun ortaqları: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər durur?

Okamponun ortaqları: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər durur?


Bu gün, 20:17. Yazar: vasif
Okamponun ortaqları: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər durur?


Dünən Minval Politika tərəfindən yayılan material və video görüntülər Azərbaycana qarşı aparılan informasiya fəaliyyətlərinin miqyası və xarakteri ilə bağlı ciddi suallar doğurur. Ortaya çıxan faktlar göstərir ki, artıq söhbət epizodik bəyanatlardan deyil, daha koordinasiyalı və strukturlaşmış təsir mexanizmlərindən gedir. Bu mexanizmlər çərçivəsində müxtəlif platformaların, diaspor şəbəkələrinin və fərqli maliyyə mənbələrinin paralel fəaliyyəti müşahidə olunur.

Bu kontekstdə diqqət çəkən əsas fiqurlardan biri Luis Moreno Okampodur. Keçmişdə Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı fəaliyyəti ilə tanınan Okamponun yayılan videolarda müəyyən kampaniya çərçivəsində iştirakını etiraf etməsi, prosesin institusional əlaqələr və şəxsi şəbəkələr üzərindən qurulduğunu göstərir. Onun Avropa siyasi dairələri ilə əlaqələrə istinad etməsi, o cümlədən Jozep Borrel kimi fiqurları xatırlatması, bu fəaliyyətlərin mümkün siyasi dayaqlarına işarə kimi qiymətləndirilə bilər.

Lakin məsələnin ən həssas tərəfi maliyyələşmə mexanizmləridir. Yayılan materiallara görə, kampaniyanın arxasında müxtəlif mənbələrdən formalaşan maliyyə şəbəkəsi dayanır. Burada diaspor nümayəndələrinin, xüsusilə beynəlxalq biznes fəaliyyəti ilə məşğul olan şəxslərin adı hallanır. Mümkün iştirakçılar sırasında Samvel Karapetyan kimi iş adamlarının qeyd olunması, bu maliyyə axınlarının yalnız informasiya müstəvisi ilə məhdudlaşmadığını, daha geniş geosiyasi və iqtisadi maraqlarla bağlı ola biləcəyini göstərir.

Bundan əlavə, bu prosesdə Ruben Vardanyan faktorunun da adı çəkilir. Hazırda Bakıda saxlanılmasına baxmayaraq, onunla əlaqəli fondun fəaliyyətinin davam etdiyi və bu fəaliyyətin ailə üzvləri tərəfindən idarə olunduğu iddia olunur.

Yeni materiallar göstərir ki, bu cür praktika aradan qalxmayıb, sadəcə forma dəyişib. Əgər əvvəllər “yerində faktlar” yaratmaq cəhdləri üstünlük təşkil edirdisə, indi əsas vurğu informasiya təsiri və siyasi təzyiq mexanizmlərinə yönəlib. Beləliklə, maliyyə resursları, media imkanları, siyasi əlaqələr və beynəlxalq institutların qarşılıqlı fəaliyyəti əsasında vahid bir ekosistem formalaşıb.

Diqqət çəkən məqamlardan biri də Okamponun müddətlərlə bağlı açıqlamasıdır. O, komandasının maliyyəsinin “ən azı may ayına qədər” təmin olunduğunu bildirir ki, bu da kampaniyanın planlı və sistemli xarakter daşıdığını göstərir.

Xatırladaq ki, may ayı Ermənistanda parlament seçkilərinə hazırlıq mərhələsinin son dövrünə təsadüf edir. Bu kontekstdə baş verənlər artıq yalnız xarici informasiya təsiri kimi deyil, eyni zamanda ölkənin daxili siyasi proseslərinə müdaxilə kimi də qiymətləndirilə bilər. Üstəlik, yayılan kadrlarda Okamponun oğlu Tomasın bu kampaniyanın məqsədlərindən birinin Nikol Paşinyan hakimiyyətinin dəyişdirilməsi olduğunu etiraf etməsi iddiaları daha da diqqət çəkir.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanla bağlı sülh prosesi Rusiya üçün müəyyən mənada təsir alətinə çevrilib.

Onun sözlərinə görə, Rusiya bu proses vasitəsilə Cənubi Qafqazda özünə mövqe qazanmağa çalışır:

“Ümumilikdə isə onun siyasətində münaqişələrin saxlanılması, gərginliklərin qorunması və iki xalqı qarşı-qarşıya qoymaqla təsir imkanlarını artırmaq xətti hiss olunur. Avropa Parlamentində də uzun illər ərzində müxtəlif təsir qruplarının formalaşdığı müşahidə olunur. Bu çərçivədə bəzi siyasətçilər diaspor şəbəkələri ilə əlaqələr vasitəsilə Azərbaycan və Türkiyəyə qarşı kampaniyalar aparır. Bu kimi yanaşmalar təkcə region ölkələrinə deyil, eyni zamanda Avropanın özünə də mənfi təsir göstərir. Çünki Azərbaycan Avropa üçün mühüm tərəfdaşlardan biridir və iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Buna baxmayaraq, bəzi dairələrin həm erməni diasporunun təsiri, həm də digər maraqlar naminə gərginliyi körükləməsi həm Azərbaycana, həm də Ermənistana zərər vurur. Son dövrlərdə isə bu cür fəaliyyətlərin daha açıq şəkildə ifşa olunduğu bildirilir. Avropa daxilində belə, bəzi siyasətçilərin korrupsiya və ya xarici təsirlərlə bağlı ittihamlarla gündəmə gəlməsi bu iddiaları gücləndirir. Nəticə etibarilə, burada əsas suallardan biri də bəzi keçmiş siyasətçilərin və vəzifəli şəxslərin motivasiyası ilə bağlıdır. Onların bu proseslərdə iştirakının arxasında maliyyə maraqları və ya müəyyən qüvvələrə xidmət amilinin dayanması ehtimalı istisna edilmir”.Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl bildirib ki, bəzi hallarda dövlətlərin daxili işlərinə müdaxilə edərək gedən prosesləri öz maraqları istiqamətində yönləndirmək cəhdləri müşahidə olunur.

Onun sözlərinə görə, bu baxımdan, hər hansı rusiyalı milyarderin bu cür fəaliyyətləri təkbaşına həyata keçirməsi inandırıcı görünmür:

“Adətən belə addımların arxasında daha geniş və təşkilatlanmış qüvvələrin dayandığı ehtimal edilir. Məlumatların məhdudluğu səbəbilə bütün detalları dəqiq demək çətindir. Lakin ümumi mənzərəyə baxdıqda, Rusiyanın Ermənistanda revanshist qüvvələri dəstəkləməsi ilə bağlı iddialar uzun müddətdir müzakirə olunur. Bu da onunla izah edilir ki, Rusiyanın regionda öz maraqları var və mövcud proseslər həmin maraqlarla üst-üstə düşmədikdə, müxtəlif vasitələrlə həm daxildən, həm də xaricdən təsir göstərmək cəhdləri ortaya çıxır. Bu kontekstdə Ruben Vardanyan məsələsi də diqqət çəkir. Onun vaxtilə Qarabağa gəlməsi və orada fəaliyyət göstərməsi təsadüfi addım kimi qiymətləndirilmir. Eyni zamanda, onunla əlaqəli strukturların bu gün də müxtəlif platformalarda fəaliyyət göstərməsi ilə bağlı fikirlər səslənir. Ümumiyyətlə, belə proseslərin arxasında təkcə fərdi şəxslər deyil, daha geniş siyasi və institusional maraqlar dayanır. Hazırkı mərhələdə də bəzi qüvvələrin regionda sabitliyin tam bərqərar olmasında maraqlı olmadığı görünür. Çünki sabitlik yarandıqca, kənar güclərin bölgədə təsir imkanları azalır. Digər tərəfdən, Avropada bəzi parlamentarların bu məsələlərdə mövqeyi də müzakirə olunur. Burada əsas motiv kimi bəzən şəxsi və ya maddi maraqlardır. Müəyyən dairələrin müxtəlif təsir mexanizmlərinə açıq olduğu istisna edilmir. Bu proseslərdə müxtəlif aktorların maraqları toqquşur və bu da regionda mürəkkəb siyasi mənzərə yaradır. Bu şəraitdə Azərbaycanın informasiya və diplomatik müstəvidə daha fəal və sistemli fəaliyyət göstərməsi vacibdir”.
Geri dön