Ana Sayfa > Ölkə > Azərbaycanda yumurta istehsalı azalıb? - İstehsalçılar deyir ki...
Azərbaycanda yumurta istehsalı azalıb? - İstehsalçılar deyir ki...Bu gün, 19:43. Yazar: vasif |
![]() Azərbaycan rəsmi statistikası ölkədə yumurta istehsalının azaldığına dair məlumat yayıb. Dövlət Statistika Komitəsinin aylıq hesabatında 2026-cı ilin yanvar-mart aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 144,1 min ton ət, 500,5 min ton süd, 567,0 milyon ədəd yumurta istehsal edildiyi, 2025-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalının 1,8 faiz artdığı, süd istehsalının 0,5faiz, yumurta istehsalının isə 2,8 faiz azaldığı qeyd olunub. Komitənin məlumatına görə, yumurta istehsalında azalma quşçuluq müəssisələri üzrə qeydə alınıb. Belə ki, hesabatda qeyd olunur ki, 2026-cı ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 23,9 min ton quş əti və 293,4 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə 01 aprel tarixinə cəmi quşların sayı 11 milyon 671,6 min baş təşkil edib. Ötən ilin birinci rübündə rəsmi statistika ölkə üzrə cəmi 583,1 milyon ədəd yumurta istehsal edildiyini, bunun 308,8 milyon ədədinin quşçuluq müəssisələrində istehsal olunduğunu açıqlamışdı. Komitənin açıqlamasına əsasən bu ilin ilk rübündə quşçuluq müəssisələrində quşların sayı ötən ilə nisbətən artıb - ötən il 9 milyon 545,7 min baş idi. Bu isə illik ifadədə quş sayının 2 milyon baş artması deməkdir. Maraqlıdır ki, rəsmi statistika yanvar-mart aylarında ölkədə yumurta qiymətlərinin 2,9 faiz ucuzlaşdığını qeydə alıb və yayıb. Nəzərə alsaq ki, yumurta qiymətlərini quşçuluq təsərrüfatlarının istehsal etdiyi məhsul müəyyənləşdirir, onda sual yaranır ki, istehsal azalıbsa, qiymət necə ucuzlaşıb? Yaxud quş sayındakı kəskin artımla yumurta istehsalındakı azalmanı necə izah etmək olar? Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin Musavat.com-a dediyinə görə, quşçuluq müəssisələrində yumurta istehsalının azalması baş verməyib: "Dövlət Statistika Komitəsinin məlumatı bizi də təəccübləndirib. Yəqin ki, biz bununla bağlı komitə nümayəndələri ilə müzakirə aparacağıq. Bizdə istehsal qətiyyən azalmayıb. Azalma olmayıb ki, qiymətlər düşüb. Üstəlik, biz ixracı da bərpa etmişik. Əvvəlcədən də məlumat verdiyim kimi, ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlamışıq. Artıq Körfəz ölkələrinə 3.6 milyon ədəd yumurta göndərmişik, yeni partiyalar da hazırlanır. Yəni proses gedir, biz hətta yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə başlamışıq. Həmçinin artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb". Assosiasiya rəhbərinin sözlərinə görə, ötən il Azərbaycan 100 milyon ədəddən çox yumurta ixrac edib, bunun hesabına 11 milyon ABŞ dollarına yaxın gəlir əldə edib: "2025-ci ildə ölkədə həm fərdi təsərrüfatlarda, həm də broyler müəssisələrində ümumilikdə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,8 faiz çoxdur. Ötən il 12 milyon 686,8 min ədəd damazlıq, 90 milyon 437,8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23 faiz artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10,6 milyon ABŞ dolları valyuta daxil olub". Mürvət Həsənli onu da qeyd edib ki, ötən il ölkənin yumurta ixracının coğrafiyası genişlənib: "Birləşmiş Ərəb Əmirlikləri, Qətər, ABŞ, İraqla yanaşı Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniyaya da ixrac qeydə alınıb. Bu il və növbəti illərdə daha çox ölkəyə yumurta ixracına nail olmağı hədəfləyirik".Musavat.com Geri dön |