Ana Sayfa > Siyasət > Azərbaycan idmanı yeni zirvələrdə

Azərbaycan idmanı yeni zirvələrdə


Bu gün, 12:01. Yazar: azer
Azərbaycan idmanı yeni zirvələrdə

Son illər Azərbaycan özünün aparıcı beynəlxalq idman mərkəzlərindən biri kimi statusunu xeyli möhkəmləndirib. Eyni zamanda da idman ölkənin ümumi inkişaf modelinin ayrılmaz tərkib hissəsi kimi özünü təsdiqləyib. Aprelin 30-da güləş üzrə Avropa çempionatında yüksək nailiyyət qazanmış bir qrup idmançı və məşqçiləri qəbul edərkən, Prezident İlham Əliyev öz çıxışında idman sahəsində qazanılan uğurları dövlətin ümumi tərəqqisi ilə əlaqələndirərək bu sahəyə strateji baxışın mövcud olduğunu açıq şəkildə ortaya qoydu.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan idmançıları həm Olimpiya Oyunlarında, həm dünya və Avropa çempionatlarında ölkəni daim yüksək səviyyədə təmsil edirlər. Bu fikir, əslində, ölkənin beynəlxalq nüfuzunun formalaşmasında idmanın oynadığı rolu göstərir. Müasir beynəlxalq münasibətlər sistemində idman uğurları dövlətlərin “yumşaq güc” elementlərindən biri kimi çıxış edir və Azərbaycan bu sahədə öz mövqeyini getdikcə möhkəmləndirir.

Xüsusi qeyd edə bilərik ki, cənab Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən mühüm məqamlardan biri də qələbə və məğlubiyyət anlayışlarına qarşı nümayiş olunan realist yanaşma idi. Dövlət başçısı vurğuladı ki, idmanda hər şey mümkündür və uğurlarla yanaşı, müəyyən məğlubiyyətlər də qaçılmazdır. Lakin əsas məsələ idmançılarda qələbə əzminin güclü olmasıdır. Bu yanaşma idmana yalnız nəticə prizmasından deyil, həm də xarakter və iradə məktəbi kimi baxıldığını göstərir.

Eyni zamanda, Prezident İlham Əliyev idman uğurlarını ölkənin ümumi inkişafının təzahürü kimi qiymətləndirdi. “Qalib dövlət və qalib xalq” anlayışı kontekstində idman nailiyyətlərinin xüsusi vurğulanması göstərir ki, bu sahə milli özünüdərk və ictimai psixologiyanın formalaşmasında mühüm rol oynayır. İdmançıların qələbələri cəmiyyətin özünəinamını artırır və milli birlik hissini gücləndirir. Beləliklə, idman yalnız yarış meydanı ilə məhdudlaşmır, o, dövlətin inkişaf konsepsiyasının mühüm komponentinə çevrilir. Bu isə Azərbaycanın gələcəkdə də beynəlxalq idman arenasında uğurlarını davam etdirməsinə əsaslı zəmin yaradır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.



Geri dön