Ana Sayfa > Siyasət > Adəm İsmayıl Bakuvi : "Dövlət qayğısı idmançıları yeni qələbələrə ruhlandırır"

Adəm İsmayıl Bakuvi : "Dövlət qayğısı idmançıları yeni qələbələrə ruhlandırır"


Bu gün, 11:30. Yazar: azer
Adəm İsmayıl Bakuvi : "Dövlət qayğısı idmançıları yeni qələbələrə ruhlandırır"

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində təşkil olunmuş Avropa çempionatında böyük uğur qazanan milli güləş komandamızın üzvlərini və onların məşqçilərini qəbul edib. Görüş zamanı dövlət başçısı idmançılarımızın həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi növləri üzrə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirərək bu qələbəni Azərbaycan idman salnaməsində mühüm mərhələ kimi qiymətləndirib".

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Partiya sədri bildirib ki, Cənab Prezident çıxışında vurğulayıb ki, “Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, Avropada ən güclü komandadırlar.” Bu yanaşma son illərdə ölkəmizdə idmanın planlı və ardıcıl inkişafının nəticəsi kimi diqqət çəkir. Komanda hesabında Avropa çempionluğunun qazanılması yalnız fərdi idmançıların uğuru deyil, eyni zamanda ölkədə qurulmuş müasir idman infrastrukturu, düzgün seleksiya mexanizmi və peşəkar hazırlıq sisteminin göstəricisidir. Dövlət başçısı çıxışında güləş idmanının Azərbaycanda dərin tarixi köklərə malik olduğunu qeyd edib: “Güləş ənənələrimiz çox zəngindir və biz bu irsi yaşadırıq.” Bu ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi isə nəsillər arasında əlaqənin düzgün qurulması ilə bağlıdır. Keçmişdə beynəlxalq arenalarda uğur qazanan məşhur idmançıların bu gün məşqçi və federasiya nümayəndəsi kimi fəaliyyət göstərməsi onların təcrübəsinin yeni nəsilə ötürülməsinə imkan yaradır. Bu da uğurların davamlı xarakter almasını təmin edir. Prezidentin qeyd etdiyi kimi: “Nəsillər dəyişsə də, Azərbaycan idmanının qələbələri dəyişmir.”
Azərbaycan idmanının nailiyyətləri yalnız statistik göstəricilər deyil, həm də cəmiyyət üçün böyük mənəvi dəyər daşıyır. Dövlət başçısı bildirib ki, beynəlxalq yarışlarda Azərbaycan bayrağının yüksəlməsi hər bir vətəndaşda qürur hissi yaradır. Bu isə xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. İdman sahəsində qazanılan uğurlar ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, milli birliyi və həmrəyliyi də gücləndirir.

Müsahibimiz bildirib ki son illərdə Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən geniş layihələr artıq öz nəticələrini göstərməkdədir. Regionlarda tikilən Olimpiya İdman kompleksləri, müasir idman zalları və yaradılan şərait gənclərin idmana marağını artırır və onların bu sahəyə cəlb olunmasını sürətləndirir. Prezident vurğulayıb ki, bu istiqamətdə görülən işlər gələcək uğurlar üçün möhkəm təməl yaradır və seleksiya işinin daha da təkmilləşdirilməsi vacibdir. Bununla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar da ölkənin idman sahəsindəki gücünü nümayiş etdirir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və MDB Oyunları kimi nüfuzlu tədbirlər Azərbaycanın yüksək səviyyəli təşkilatçılıq imkanlarına malik olduğunu bir daha sübut edib. Dövlət başçısı çıxışında ölkənin ümumi inkişafı ilə idman uğurları arasında sıx bağlılığın olduğunu qeyd edərək bildirib: “Bu gün qalib dövlət və qalib xalq olaraq yaşayan ölkəmiz idman nailiyyətləri ilə də fəxr edir.” Bu yanaşma göstərir ki, idman yalnız fiziki fəaliyyət sahəsi deyil, həm də milli gücün və dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Tiranada əldə olunan bu böyük qələbə bir daha sübut edir ki, Azərbaycan artıq təkcə regionda deyil, Avropa və dünya miqyasında da güclü idman ölkəsi kimi tanınır. Məqsədyönlü dövlət siyasəti, müasir infrastruktur, peşəkar məşqçi heyəti və istedadlı idmançılar bu uğurların əsasını təşkil edir. Azərbaycan idmanı bundan sonra da yeni zirvələrə doğru inamla irəliləyəcək və bu uğurların arxasında güclü dövlət və qalib ruhlu xalq dayanacaq - deyə  Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön