Ana Sayfa > Dünya > Almaniya "İran raketi" ilə Ağ Evi “vurdu”: ABŞ isə “Tramp boğazı”nda Avropanı “boğur”

Almaniya "İran raketi" ilə Ağ Evi “vurdu”: ABŞ isə “Tramp boğazı”nda Avropanı “boğur”


Dünən, 21:17. Yazar: vasif


Almaniya kansleri Fridrix Mertz İranla bağlı müharibənin başladılma səbəblərinə şübhə ilə yanaşdığını bildirərək, Avropa iqtisadiyyatına sarsıdıcı zərbələr vuran bu savaşın dərhal dayandırılmasını tələb edib... ABŞ prezidenti Donald Tramp isə kansler Fridrix Mertzin İranın nüvə silahına sahib olmasının bütün dünya üçün hansı təhlükələri törədə biləcəyini anlamadığını vurğulayaraq, Almaniyanı hədələyib...
ABŞ və kollektiv Qərb düşərgəsinə daxil olan ölkələr arasında münasibətlər ciddi şəkildə korlanmış kimi görünür. Əslində, bu münasibətlər hələ Ukrayna savaşının nizamlanması prosesinə start verildiyi dövrdən pozulmağa başlamışdı. Çünki Tramp administrasiyası bu proses üzrə atdığı gözlənilməz və ziddiyyətli addımlarla ABŞ və Avropa ölkələri arasında onilliklər boyu mövcud olmuş müttəfiqlik sistemini sarsıtmışdı. Və bu, “qoca qitə” ölkələrinin ABŞ-a yönəlik etimadını zəiflətməklə yanaşı, həm də qarşıduran tərəflərin tədricən fərqli hərbi-siyasi düşərgələrə yerləşmə prosesini də sürətləndirmişdi.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ-ın həm Avropa ölkələri, həm də ümumiyyətlə, NATO üzvləri ilə strateji hərbi müttəfiqlik münasibətləri artıq formal xarakter daşıyır. Belə ki, Tramp administrasiyası ABŞ-ın mövqeyini az qala Rusiya ilə strateji tərəfdaşlıq statusuna ciddi şəkildə yaxınlaşdırıb. Bütün Qərb ölkələrinin Ukrayna savaşının dayandırılması üzrə “sülh prosesi”ndən kənarda qalmasına nail olub. Üstəlik, Ağ Ev artıq həm NATO-nu hədəfə çıxarıb, Avropa ölkələrinə isə Rusiya ilə hərbi qarşıdurma olacağı təqdirdə, ABŞ-ın onları müdafiə etməyəcəyinin mesajını verib. Və bu, ABŞ-la Qərb ölkələri arasında ziddiyyətlərin dərinləşdiyini, ənənəvi münasibətlərin yaxın vaxtlarda bərpa olunmayacağını göstərir.

Maraqlıdır ki, Yaxın Şərq savaşına münasibətdə də ABŞ və Qərb ölkələri arasında təxminən oxşar proseslər müşahidə olundu. Belə ki, Tramp administrasiyasının Ukrayna savaşına yönəlik neqativ mövqeyi və Rusiya ilə yaxınlaşma taktikası Yaxın Şərqdə ABŞ-a qarşı bumeranq effekti vermiş oldu. Çünki Ağ Evin Rusiyadan yaxın gələcək üçün gözlənilən hərbi təhlükə qarşısında müdafiəsiz buraxdığı Qərb ölkələri ABŞ-ı Yaxın Şərq savaşında dəstəkləməyə qətiyyən həvəs göstərmədilər. Hətta bəzi Avropa ölkələri – İspaniya, İtaliya, Fransa və s. “qoca qitə” ölkələri öz ərazilərindəki hərbi bazalardan ABŞ-ın istifadə etməsinə icazə vermədilər. Və nəticədə ABŞ Yaxın Şərqdəki hərbi böhranda ənənəvi müttəfiqlərinin dəstəyindən məhrum qaldı.

Ancaq Yaxın Şərqdə hərbi böhran getdikcə, daha da dərinləşir və ABŞ regiona əlavə hərbi silahlı qüvvələr və hərbi texnika daşımaqda davam edir. Üstəlik, son vaxtlar Pentaqon bu regiona ən müasir silah-sursat daşımağa da başlayıb. Hətta ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqdə, İranın hədəf məsafəsindən kənarda olan ballistik raket qurğularını vurmağa imkan verən uzaqmənzilli “Dark Eagle” hipersəs raketlərini yerləşdirmək üçün icazə istəyib.

ABŞ-ın bu raketlərinin uçuş məsafəsi təxminən 1725 mil təşkil edir, yaxşı qorunan və ya təcili reaksiya tələb edən hədəflərə həm sürətli, həm də dəqiq zərbələr endirmək üçün nəzərdə tutulub. Əgər, bu raketlərin Yaxın Şərqdə yerləşdirilməsi barədə qərar təsdiqlənərsə, onda, bəzi iddialara görə, hələ tam hazır olmayan bir hərbi sistemin ilk operativ sınaqdan keçirilməsi də baş tutmuş olacaq. Yayılan məlumatda o da bildirilir ki, bu raketlərin hər birisinin dəyəri təxminən 15 milyon dollar təşkil edir və hazırda onların sayı məhduddur.

Göründüyü kimi, ABŞ-ın Yaxın Şərqlə bağlı hərbi planları hələ öz hədəflərinə tam çatmadığına görə regionda hərbi gücünü mümkün qədər artırmağa çalışır. Xüsusilə də, Tramp administrasiyası Hörmüz boğazının nəzarətdə saxlanılması ilə İranın iqtisadi-ticari fəaliyyətini məhdudlaşdırmağa cəhd göstərir. Ağ Evdə hesab edirlər ki, məhz bu taktika İran iqtisadiyyatını çökmə mərhələsinə yaxınlaşdıra bilər. Və bu halda, İran daxilində sosial-iqtisadi vəziyyətin vətəndaş qarşıdurmasına yol aça, rəsmi Tehranın isə təzyiqlərə tab gətirməyərək, ABŞ-ın maraqlarına uyğun məzmunda kapitulyasiya aktını imzalamaq məcburiyyətində qala biləcəyinə ümud edilir.

Bütün bunları nəzərə aldıqda, ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı yaydığı foto o qədər də təəccüb doğurmur. Belə ki, Ağ Ev sahibi Hörmüz boğazını həmin fotoda məhz “Tramp boğazı” kimi təqdim edib. Prezident Donald Tramp onu da bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmayana qədər ABŞ bu ölkəyə qarşı tətbiq edilən dəniz blokadasını aradan qaldırmaq niyyətində deyil. Bu, onu göstərir ki, ABŞ Hörmüz boğazından artıq İrana qarşı strateji silah kimi istifadə etməyə çalışır və dəniz blokadasını yaxın vaxtlarda açmağa hazırlaşmır.

Ancaq mövcud situasiyada Ağ Evin Hörmüz boğazını strateji silaha çevirməsi yalnız İrana deyil, həm də Avropa ölkələrinə də ciddi iqtisadi problemlər yaradır. Belə ki, Almaniya kansleri Fridrix Mertz artıq bildirib ki, Hörmüz boğazının bağlanması onun ölkəsinin enerji təchizatına birbaşa təsir göstərir və iqtisadi göstəricilərinə ciddi zərbələr vurur. Və bu məsələ artıq ABŞ-Almaniya münasibətlərində olduqca ciddi ziddiyyətlərə yol açmağa başlayıb.

Maraqlıdır ki, Almaniya kansleri Fridrix Mertz İranla bağlı müharibənin başladılma səbəblərinə elə əvvəldən şübhə ilə yanaşıb. Onun fikrincə, başlanma səbəbləri qeyri-müəyyən olan bu savaş ucbatından, xüsusilə də, Hörmüz boğazının bağlanmasından Almaniya da daxil olmaqla, əksər Avropa ölkələri artıq ciddi problemlərlə üzləşməkdədir. Almaniya kansleri bu vəziyyətin enerji təchizatına əngəl törətdiyini vurğulayaraq, ölkə iqtisadiyyatının sarsıdıcı təsirlərdən yayınması üçün Yaxın Şərqdəki savaşın dərhal dayandırılmasında israrlı olduğunu bildirib.

Almaniya kansleri Fridrix Mertzin bu açıqlaması Ağ Evdə olduqca ciddi narazılıq doğurub. Hətta ABŞ prezidenti Donald Tramp Almaniyanı, ABŞ qoşunlarını bu ölkədən çıxartmaqla hədələyib. Ağ Ev sahibi Almaniyada yerləşən ABŞ hərbi kontingentinin yaxın vaxtlarda istisar oluna biləcəyini vurğulayıb. ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertzin İranın nüvə silahına sahib olmasının bütün dünyaya hansı təhlükələr törədə biləcəyini anlamır: “O, başa düşmür ki, əgər, İran nüvə silahına malik olarsa, bütün dünya girov vəziyyətinə düşəcək”.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Avropadakı hərbi qüvvələrinin yarıdan çoxu – “qoca qitə”dəki 68 min nəfərdən çox amerikalı hərbçinin təxminən 36 400 nəfəri məhz Almaniya ərazisində yerləşdirilib. Üstəlik, ABŞ hərbi bazaları Almaniya iqtisadiyyatı üçün böyük önəm daşıyır. Çünki həmin hərbi bazaların bütün təchizatı məhz Almaniya şirkətlərinə verilmiş sifarişlər hesabına təmin olunur. Bu isə Almaniya şirkətləri üçün böyük maliyyə gəliri qaynağı açır. Və bu baxımdan, prezident Donald Trampın Almaniyaya yönəlik təhdidkar xəbərdarlıq mesajı kansler Fridrix Mertz üçün ağır təzyiq faktoru hesab olunur.musavat.com
Geri dön