Ana Sayfa > Özəl > Avropa ilə strateji yaxınlaşma fonunda Azərbaycanın artan rolu
Avropa ilə strateji yaxınlaşma fonunda Azərbaycanın artan roluBu gün, 12:51. Yazar: azer |
![]() Müasir beynəlxalq münasibətlər sistemində regional güclərin qlobal proseslərdə oynadığı rol getdikcə daha da artır. Bu baxımdan, Azərbaycan son illərdə yalnız Cənubi Qafqazın deyil, daha geniş geosiyasi məkanın mühüm aktorlarından birinə çevrilib. Xüsusilə Avropa İttifaqı ölkələrinin Azərbaycana artan marağı təsadüfi deyil və bu maraq bir neçə fundamental amillə şərtlənir: enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları, regional sabitlik və yeni iqtisadi əməkdaşlıq perspektivləri. Avropanın enerji təhlükəsizliyi məsələsi son illərdə daha da aktuallaşıb. Bu kontekstdə Azərbaycan özünü etibarlı enerji təchizatçısı kimi təsdiqləyib. Ölkəmizin zəngin neft və qaz ehtiyatları, xüsusilə də Avropaya uzanan strateji boru kəmərləri vasitəsilə ixrac imkanları Avropa dövlətlərinin diqqət mərkəzindədir. Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur və alternativ mənbə kimi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan yalnız ənənəvi enerji ilə kifayətlənmir, həm də bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri təklif edir. Bu isə Avropanın “yaşıl enerji” strategiyası ilə üst-üstə düşür və tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradır. Son dövrlərdə Avropa ölkələrinin liderlərinin Azərbaycana intensiv səfərləri ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir. Xüsusilə Latviya, Litva və Ukrayna kimi dövlətlərin rəhbərlərinin Bakıya və regionlara səfərləri siyasi dialoqun dərinləşdiyini göstərir. Bu səfərlər çərçivəsində keçirilən görüşlər yalnız ikitərəfli münasibətləri deyil, həm də regional və qlobal məsələləri əhatə edir. Eyni zamanda, Çexiya ilə münasibətlərin inkişafı da xüsusi diqqət çəkir. İqtisadi əməkdaşlığın genişlənməsi, qarşılıqlı investisiyalar və enerji sahəsində tərəfdaşlıq Azərbaycanın Avropa bazarında mövqelərini daha da gücləndirir. Çexiyanın Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirməsi ölkəmizin artan rolunun göstəricisidir. Azərbaycanın coğrafi mövqeyi onu Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevirib. Xüsusilə Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları Avropa üçün alternativ və təhlükəsiz logistika imkanları yaradır. Bu da ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artırır. Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri – müasir limanlar, dəmir yolları və avtomobil magistralları – Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin artmasına mühüm töhfə verir. Bu baxımdan Azərbaycan təkcə enerji deyil, həm də logistika və nəqliyyat sahəsində strateji tərəfdaş kimi çıxış edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan layihələr beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Bu gün Azərbaycan yalnız müharibədən sonra bərpa prosesini uğurla həyata keçirən ölkə kimi deyil, həm də yeni inkişaf modeli təqdim edən dövlət kimi qiymətləndirilir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər sosial, iqtisadi və humanitar baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də regionda davamlı sülhün təmin edilməsidir. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində artıq regionda yeni əməkdaşlıq mühiti formalaşmaqdadır. Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar və aparılan danışıqlar sülhə doğru real irəliləyişin göstəricisidir. Bu siyasət Avropa ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Çünki regionda sabitliyin təmin olunması Avropanın təhlükəsizlik maraqları ilə birbaşa bağlıdır. Bu gün Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edən, qlobal təşəbbüslərlə çıxış edən və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınır. O cümlədən, BMT platformasında irəli sürülən təşəbbüslər və beynəlxalq forumların Bakıda keçirilməsi ölkəmizin diplomatik imkanlarını daha da genişləndirir. Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi də bu nüfuzun bariz nümunəsidir. Bu cür tədbirlər ölkəmizin qlobal problemlərin həllində aktiv iştirak etdiyini və beynəlxalq əməkdaşlığa töhfə verdiyini göstərir. Bütün bu amilləri nəzərə aldıqda aydın olur ki, Avropa ölkələrinin Azərbaycana marağının artması obyektiv və uzunmüddətli tendensiyadır. Enerji resursları, strateji coğrafi mövqe, siyasi sabitlik və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq sistemdə mövqelərini daha da möhkəmləndirir. Azərbaycan artıq yalnız regionun deyil, Avropa və daha geniş coğrafiyanın etibarlı tərəfdaşı kimi çıxış edir. Mövcud dinamika göstərir ki, qarşıdakı dövrdə də Azərbaycan–Avropa münasibətləri daha da dərinləşəcək və yeni strateji mərhələyə qədəm qoyacaqdır. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü. Geri dön |