Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan–Çexiya əlaqələri: siyasi iradə və iqtisadi potensialın vəhdəti

Azərbaycan–Çexiya əlaqələri: siyasi iradə və iqtisadi potensialın vəhdəti


Bu gün, 12:22. Yazar: azer
Azərbaycan–Çexiya əlaqələri: siyasi iradə və iqtisadi potensialın vəhdəti

Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Səfər çərçivəsində aparılan müzakirələr, əldə olunan razılaşmalar tərəflərin mövcud əməkdaşlıq potensialını daha da genişləndirmək niyyətində olduğunu təsdiq edir.

Dövlətimizin başçısının bəyanatında vurğulanan məqamlardan biri tərəflər arasında formalaşmış fəal siyasi dialoqdur. Bu dialoq yalnız ikitərəfli məsələlərlə məhdudlaşmır, regional və qlobal gündəlikdə duran mövzuların da müzakirə edilməsi tərəflərin beynəlxalq proseslərə ortaq baxış formalaşdırmaq niyyətindən xəbər verir. Həmin amillər əməkdaşlığın strateji mahiyyətini daha da gücləndirir. Görüşlərdə müxtəlif istiqamətlər üzrə geniş fikir mübadiləsinin aparılması iki dövlət arasında qarşılıqlı etimadın möhkəmləndiyini ifadə edir. Rəsmi səfərin həyata keçirilməsi isə münasibətlərin davamlı və sistemli şəkildə inkişaf etdiyini təsdiqləyən mühüm amildir.

İqtisadi sahədə əməkdaşlıq münasibətlərin əsas komponentlərindən biri kimi çıxış edir. Çexiyadan geniş tərkibdə iş adamlarının səfərdə iştirak etməsi və biznes forumun keçirilməsi tərəflərin iqtisadi əlaqələri daha da dərinləşdirmək istəyinin göstəricisidir. Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq səviyyəyə çatması müsbət dinamikanı əks etdirməklə yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsi zərurətini gündəmə gətirir. Bu baxımdan, qarşıya qoyulan əsas məqsədlərdən biri ticarətin şaxələndirilməsi, qeyri-neft sektorunun payının artırılması və qarşılıqlı sərmayələrin genişləndirilməsidir. Görüşdə müzakirə edilən konkret layihələr bu istiqamətdə real addımların atılacağını deməyə əsas verir.

Energetika sektoru uzun illər iki dövlət arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Çexiyanın enerji balansında Azərbaycan neftinin mühüm yer tutması bu tərəfdaşlığın praktik əhəmiyyətini göstərir. Eyni zamanda, təbii qaz ixracının coğrafiyasının genişlənməsi və 16 ölkəni əhatə etməsi, o cümlədən 10 Avropa İttifaqı üzvünün bu siyahıya daxil olması enerji təhlükəsizliyi baxımından ölkəmizin rolunu daha da artırır. Bu reallıq Avropa məkanında enerji sabitliyinin təmin olunmasında ölkənin etibarlı tərəfdaş kimi qəbul edilməsini şərtləndirir.

Tərəflər enerji əməkdaşlığını yalnız resurs ixracı ilə məhdudlaşdırmır, onu uzunmüddətli və çoxşaxəli tərəfdaşlıq kimi qiymətləndirirlər. Bu yanaşma gələcəkdə alternativ enerji, enerji səmərəliliyi və texnologiya transferi kimi sahələrdə də əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Əməkdaşlığın diqqət çəkən istiqamətlərindən biri də müdafiə sənayesidir. Mövcud əməkdaşlıq çərçivəsində Çexiyadan hərbi təyinatlı məhsulların alınması artıq müəyyən təcrübə formalaşdırıb. Hazırda isə tərəflər birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində danışıqlar aparırlar. Həmin sahədə əməkdaşlığın genişlənməsi yalnız texniki imkanların artırılması deyil, həm də sənaye potensialının inkişafı baxımından əhəmiyyətlidir. Yerli istehsalın gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət edir. Dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı: “Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”. Bu təşəbbüs ikitərəfli əlaqələrin davamlı və koordinasiyalı inkişafına zəmin yaradır. Belə ki, komissiyanın növbəti iclasının keçirilməsi müxtəlif sahələr üzrə əməkdaşlığın konkret nəticələrə yönəldilməsinə təkan verəcəkdir.

Ümumilikdə, Azərbaycan ilə Çexiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqun fəallığı, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji sahəsində strateji tərəfdaşlıq və müdafiə sənayesində yeni təşəbbüslər qarşıdakı dövrdə əlaqələrin daha da dərinləşəcəyini deməyə əsas verir. Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli tərəflər üçün uzunmüddətli və dayanıqlı nəticələr vəd edir. Mövcud dinamika fonunda yaxın gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi və münasibətlərin yeni məzmunla zənginləşməsi gözlənilir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Geri dön