Ana Sayfa > Ölkə > 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilibDünən, 17:00. Yazar: vasif |
![]() Mayın 5-dən 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. aia.az xəbər verir ki, “JW Marriott Absheron” hotelində baş tutan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, kütləvi informasiya vasitələrinin və tərəfdaş qurumların nümayəndələri, o cümlədən sərginin təşkilatçıları iştirak ediblər. Aqrar İnnovasiya Mərkəsinin direktoru Anar Cəfərov bildirib ki, kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən nüfuzlu tədbirlərindən hesab olunan sərgilər bu ildən etibarən yeni brend – “Caspian Agro Week” adı altında təşkil ediləcək. Bildirilib ki, bu il sərgidə ilk dəfə olaraq dünyanın 45 ölkəsindən 447 şirkət iştirakını təsdiqləyib. Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland, İndoneziya, Şimali Kipr və Afrika milli qruplar formatında sərgilərdə iştirak edəcəklər. İlk dəfə olaraq Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) ayrıca stendlə təmsil olunacaq. “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, suvarma sistemləri, innovativ texnologiyalar, heyvandarlıq, quşçuluq, baytarlıq, bitkiçilik, logistika, elektron kənd təsərrüfatı və digər istiqamətləri əhatə edəcək. Sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də təqdim olunacaq. Bu il “Caspian Agro” sərgisi zamanı bölgələrdə keçirilən Aqrar Biznes Festivalları çərçivəsində sıx əməkdaşlıq edilən Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk dəfə olaraq ayrıca stendlərlə təmsil olunacaqlar. Sərgidə regionların kənd təsərrüfatı potensialının təqdimatına da xüsusi yer ayrılıb. Masallı rayonu düyü və çəltik məhsulları ilə, Naxçıvan isə özünəməxsus kənd təsərrüfatı məhsulları ilə sərgidə iştirak edəcək. Bu iştirak regionların yerli istehsal imkanlarının və ənənəvi məhsullarının daha geniş auditoriyaya təqdim olunmasına xidmət edir. Eyni zamanda, aqrar sahədə fəaliyyət göstərən sahəvi assosiasiyalar da ilk dəfə ayrıca stendlərlə sərgidə iştirak edəcəklər. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası və Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası yerli istehsalın təşviqi, ixrac imkanlarının genişləndirilməsi və sahibkarlığın inkişafı istiqamətində fəaliyyətlərini təqdim edəcəklər. Vurğulanıb ki, aqroparkların iştirakı da diqqət mərkəzində olacaq. İvanovka Aqroparkı müasir idarəetmə yanaşmaları, innovativ layihələr və istehsal təcrübələrini sərgi iştirakçılarına təqdim edəcək. Qeyd edilib ki, sərgilər çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün xüsusi turlar təşkil olunacaq. Bu il 50-dən artıq bölgədən 1000-dən çox fermer sərgini ziyarət edəcək. Mətbuat konfransında “Caspian Agro Week” çərçivəsində keçiriləcək forum və konfranslar barədə də məlumat verilib. Bildirilib ki, bu il Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumların təşkil etdiyi tədbirlər vahid konsept əsasında həyata keçiriləcək. Mayın 6-da “Baku Marriott Hotel Boulevard” hotelində Aqrar Kredit və İnkişaf Agentliyi, FAO və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə 5-ci Aqrobiznesin İnkişafı Forumu keçiriləcək. Həmin gün Bakı Ekspo Mərkəzində nazirlər səviyyəsində beynəlxalq konfrans təşkil olunacaq. Mayın 7-də keçiriləcək III Beynəlxalq Aqrar İnnovasiya Forumunda aqrar sahədə rəqəmsallaşma, süni intellekt və dəqiq kənd təsərrüfatı texnologiyaları müzakirə ediləcək. Forum çərçivəsində Afrika və Azərbaycan arasında kənd təsərrüfatı, logistika və qida sənayesi üzrə əməkdaşlıq imkanlarına dair panel sessiya keçiriləcək. Həmin gün Bakı Dövlət Universitetində Aqrar Sığorta Fondu və BDU-nun birgə təşkilatçılığı ilə “Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu” baş tutacaq. Forum çərçivəsində aqrar sığorta modelləri, risklərin idarə olunması, aqroparkların inkişafı, regional məhsul festivalları və aqrar sahədə media kommunikasiyası mövzuları müzakirə ediləcək. Mayın 8-də Bakı Ekspo Mərkəzində “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu” keçiriləcək. Forumda heyvandarlıq, baytarlıq, balıqçılıq, bitkiçilik, resursqoruyucu texnologiyalar və yerli istehsalın təşviqi istiqamətində panel sessiyalar təşkil olunacaq. Eyni gündə ADA Universitetində Aqrar Tədqiqatlar Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “AGROSCIENCE” forumu keçiriləcək. Forumda alimlər, tədqiqatçılar və mütəxəssislər aqrar sahədə elmi yanaşmalar, innovativ həllər və müasir tədqiqat istiqamətləri barədə fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Sərgilər AQTA, KOBİA, AZPROMO, ASK, AQİSA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və ASTA və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən də fəal şəkildə dəstəklənir. Geri dön |