Ana Sayfa > Siyasət > Azərbaycan-Ukrayna münasibətləri strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq üzrə inkişaf edir.
Azərbaycan-Ukrayna münasibətləri strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq üzrə inkişaf edir.Bu gün, 11:16. Yazar: azer |
![]() Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər iki dövlət arasında münasibətlərin gələcək inkişaf perspektivlərini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq modelinin göstəricisidir. Dövlətlər arasında formalaşmış siyasi münasibətlər qarşılıqlı etimad və davamlı strateji dialoq üzərində qurulub. Son illər ərzində prezidentlərin görüşlərinin intensiv xarakter daşıması bu etimadın praktiki nəticələrə çevrildiyini təsdiq edir. Siyasi dialoqun əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər beynəlxalq gündəlikdə aktual olan məsələlərdə oxşar mövqedən çıxış edir, bu faktor həm regional sabitliyə töhfə verir, həm də hər iki ölkənin beynəlxalq nüfuzunu gücləndirir. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış sənədlər isə münasibətlərin hüquqi-siyasi bazasını formalaşdıraraq əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Cənab Prezidentimiz İlham Əliyev bəyanatda xüsusi qeyd etdi ki, əsas istiqamətlərdən biri siyasi dialoqla yanaşı, iqtisadi və enerji əməkdaşlığının geniş perspektivləridir. Xüsusilə SOCAR-ın Ukraynada uzun illər uğurlu fəaliyyəti bu əməkdaşlığın praktik nəticələrini nümayiş etdirən mühüm amildir. Energetika sahəsində əldə olunmuş nailiyyətlər, sərmayə qoyuluşu imkanları, birgə təşəbbüslər və yeni layihələr göstərir ki, iqtisadi əməkdaşlıq daha böyük potensiala malikdir. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi isə iqtisadi münasibətlərin genişlənən dinamikasını göstərən mühüm göstəricidir. Ölkə başçısının bu rəqəmin gələcəkdə daha da artacağına dair ifadə etdiyi əminlik mövcud imkanların reallığa çevriləcəyinə inamı əks etdirir. Bəyanatda göstərilən əsas mühüm məsələ hərbi-texniki və sənaye əməkdaşlığı ilə bağlı perspektivlərdir. Həm Azərbaycanda, həm də Ukraynada müdafiə sənayesinin inkişafı fonunda birgə istehsal, texnoloji əməkdaşlıq və sənaye kooperasiyası üçün geniş imkanların mövcudluğu iki ölkənin əməkdaşlıq gündəliyini daha da zənginləşdirir. Bu, eyni zamanda göstərir ki, Azərbaycan və Ukrayna münasibətləri yalnız klassik diplomatik və iqtisadi çərçivə ilə məhdudlaşdırmır, onu daha strateji və çoxtərəfli müstəvidə inkişaf etdirməyə çalışır, böyük perspektivlərə yol açır. Ölkə Prezidenti İlham Əliyevin çıxışında diqqət çəkən mühüm siyasi mesajlardan biri də münasibətlərin qarşılıqlı hörmət və maraqların təmin olunması prinsipi üzərində qurulması idi. Müasir beynəlxalq münasibətlər sistemində məhz bu yanaşma dayanıqlı tərəfdaşlığın əsas göstəricilərindən biri hesab olunur. Azərbaycan və Ukrayna arasında dialoqun intensivliyi, hökumətlərarası mexanizmlərin fəaliyyəti, məsləhətləşmələrin davam etməsi və Hökumətlərarası Komissiyanın işinin genişləndirilməsi əlaqələrin institusional əsaslarını gücləndirir. Beləliklə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti balanslı, prinsipial və milli maraqlara söykənən xətt üzrə davam edir. Ukrayna ilə münasibətlərdə nümayiş etdirilən bu strateji yanaşma Azərbaycanın regional və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir. Nəticə etibarilə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Ukrayna arasındakı əməkdaşlığın güclü siyasi təməli gələcəkdə daha geniş və çoxşaxəli əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və strateji maraqlar üzərində qurulduğu üçün uzunmüddətli və davamlı inkişaf perspektivinə malikdir. Saleh Məhərrəmov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Geri dön |